Çörəyin qiyməti qalxa bilər

Çörəyin qiyməti qalxa  bilər

Vüqar Bayramov: “ƏDV-nin tətbiqi  payız aylarında ölkədə taxılın daha da bahalaşmasına gətirib çıxaracaq”

Nazirlər Kabineti “Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən (ƏDV) azad olunan malların siyahısı haqqında” qərarını dəyişib. Hökumətin yeni qərarına əsasən, iyulun 10-dan etibarən ölkəyə gətirilən taxıl və un yenidən ƏDV-yə cəlb olunur.

Qeyd edək ki, Nazirlər Kabinetinin 3 dekabr 2010-cu il tarixli qərarı ilə ölkəyə gətirilən buğda və un avqustun 1-dək ƏDV-dən azad edilmişdi. Hazırda isə   İqtisadi İnkişaf, Maliyyə, Kənd Təsərrüfatı və Fövqəladə Hallar nazirliklərinin rəylərin nəzərə alaraq bu müddət iyulun 10-na qədər azaldılıb. Yəni bundan sonra xaricdən gətirilən buğda və undan («Buğda və meslin» və «Buğda unu və ya buğda-çovdar unu») 18%-lik ƏDV tutulacaq.

Məlumat üçün bildirək ki, taxıl və unun ƏDV-dən azad edilməsi xaricdən bu məhsulların gətirilməsini kəskin artırmışdı. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, bu ilin ilk 5 ayında ölkəyə buğda idxalı ötən ilin eyni dövrünə nisbətən 50%, un idxalı isə 74 dəfə artıb. Yeni qərardan sonra  xaricdən idxal edilən taxıl məhsullarının azalması gözlənilir.

İqtisadçı-ekspert Vüqar Bayramov idxal olunan taxıl məhsullarına əlavə dəyər vergisinin tətbiq edilməsinin qiymətlərə təsir edəcəyini bildirir: “Taxıl məhsullarına əlavə dəyər vergisinin tətbiqi ilə bağlı hökümət tərəfindən qərarların mütəmadi dəyişməsi bu sahədə konkret strategiyanın olmamasını göstərir. Çünki ölkəyə idxal olunan taxıl məhsullarından dövlət büdcəsinə daxil olan vergilərin dəyərlə ifadəsi kifayət qədər kiçikdir.Yəni büdcə gəlirlərinin 0,001 faizini belə təşkil etmir. Belə halda taxıl məhsullarına əlavə dəyər vergisinin tətbiqi dövlət büdcəsinin imkanlarının yaxşılaşdırılması kimi qiymətləndirilə biməz”.

V.Bayramovun sözlərinə görə, ƏDV-nin tətbiqi arzuolunan deyil: “Azərbaycanda əvvəlki ilə nisbətən taxıl istehsalının aşağı düşəcəyi proqnozlaşdırılır. Bu şəraitdə əlavə dəyər vergisinin tətbiqi taxil məhsullarının qiymətini artıracaq.Əslində Nazirlər Kabineti ölkəyə gətirilən taxıl məhsullarına güzəşt müddətinin tətbiqi ilə bağlı yox,onların bütövlükdə   əlavə dəyər vergisindən azad edilməsi istiqamətində  qərar qəbul etməlidir”.

ƏDV-nin tətbiqi taxıl mövsümü başa çatdıqdan sonra- payız aylarında ölkədə taxılın daha da bahalaşmasına gətirib çıxaracaq: “ Praktiki əlavə dəyər vergisinin tətbiqi çörək istehsalına  təsir edəcək. Hələlik çörəyin qiymətində artımlar olmasa da çörəyin qiymətində gizli inflyasiya baş verəcək. Çörək məhsullarının çəkisinin azaldılacaq. Sonrakı mərhələdə isə çörəyin qiymətinin yüksəldilməsi ehtimalları istisna edilmir”.

 

Leave A Comment