Şəbəkə ticarəti millətin pulunu kimin cibinə axıdır? (ARAŞDIRMA)

Şəbəkə ticarəti millətin pulunu kimin cibinə axıdır? (ARAŞDIRMA)

ANS PRESS maliyyə piramidalarının kökündə hansı qaranlıq qüvvələrin durduğunu araşdırıb

Qəhrəmanımız 40 yaşlı Ziba adlı qadındır. Onun daimi rahat işi var – ayda 500 manat maaş alır. Bir gün çoxdan görmədiyi rəfiqələrindən biri ona zəng edib ofisinə dəvət elədi, görüşəndən sonra nə qədər maaş aldığını soruşdu, sonra qayıtdı: “Bu nə maaşdır alırsan, gəl yanıma həftədə ən azı 500 manat qazanacaqsan”,- dedi. Sonra məlum oldu ki, qəhrəmanımız həmin işə daxil olmaq üçün 1800 manatlıq tur paket və ya bəzək əşyaları almalıdır. Özü də tur paket Fransanın hansısa bir limanından başlayır və onun reallaşması üçün qəhrəmanımız viza əldə etməli, Fransaya gediş-gəliş bileti almalıdır. Rəfiqəsinin təklif elədiyi də bəzək əşyaları da şübhəli idi – 1800 manat təklif etdiyi bəzəklər hətta qızıl olsa belə, toplam qiymətləri 150 manatdan artıq olmazdı. Amma rəfiqəsi bundan narahat olmamağı bildirdi: “Bunlar özəl mallardır. Sadə əşyalar deyil, hərəsinin bir cür şəfa verici xüsusiyyəti var, Avropadan xüsusi gətirtmişik”.

Aydın idi – rəfiqəsi əslində maliyyə piramidası olan şəbəkə ticarətinin önəmli şəxslərindən biri idi. İnstitutu bitirdikdən sonra on ildən çox işsiz qalmış qalmış və iki oğlu böyütmüş qadın sonradan bekarçılıqdan belə bir sistemə qoşulub və özü dediyi kimi bu işdə “böyük uğurlar” qazanıb – qohum əqrabada və dost-tanışda adam qalmayıb, 50-yə yaxın adamı şəbəkəyə cəlb edib 1800 manat ödədib ki, özü dediyi kimi, həfətədə 500 manat qazansın.

ANS PRESS-in araşdırmasına görə, bir xeyli müddət öncə Azərbaycanda dəbdə olmuş, çox insanları qurbanına çevirmiş şəbəkə ticarət formalı maliyyə piramidaları yenidən dirçəlib yayılmağa başlayıb. Artıq elə iş yerləri var ki, işçi heyətin 30-40 faizə qədəri şəbəkə ticarəti girdabına keçib. Şəbəkənin əsas oyunçuları adamlara psixoloji təsir edirlər – onları tezliklə varlandıracaqları barədə vədlər veririrlər, ya da ki, “Sən niyə özündən qat-qat savadsız və əksik adamların əlinin altında işləməlisən? Artıq sənin də müstəqil iş qurmağının vaxtğı çatıb” kimi ifadələrlə şəxsi qürur hisslərinə toxunurlar. Bəzi şəbəkələrdə fəaliyyətlərinin sırf xeyriyyəçilik olduğunu iddia edirlər. Məsələn, İran vətəndaşı olan bir azərbaycanlı ANS PRESS əməkdaşı ilə söhbətində iddia edib ki, şəbəkə ticarəətini Azərbaycanda ona görə qurub ki, bunu faydasını öz həmvətənlərinə versin.

Şəbəkəyə cəlb edilən adamın faiz qazanması üçün ən azı iki nəfər cəlb etməlidir, həmçnin maraqlı olmalıdır ki, cəlb etdiyi adamlar da yeni üzvlər cəb etsinlər. Hər bir şəbəkə üzvü özündən sonra gətirdiyi adamların ödədiyi puldan 5% faiz qazana bilər. Yəni adam özündən sonra 2 adam cəlb edərsə və onların hər biri 1800 manat ödəyərsə, həmin adam faiz gəliri kimi 180 manat ala bilər. İnsanın verdiyi pulu tam çıxarması üçün onun yaratdığı şəbəkədə ən azı 20 adam olmalıdır. Əgər şəbəkə davam etməzsə, adamın verdiyi pullar sadəcə yoxa çıxır. Şəbəkənin toruna düşmüş insanların dediyinə görə, insanın öz şəbəkəsini qurması çox çətindir, şəbəkəyə bir adam cəlb etmək üçün ən azı 100 adamla saatlarla söhbət aparmaq lazım gəlir. Təbii ki, şəbəkənin qurbanına çevrilmiş adam bunu edə bilmir və verdiyi pulu batır. Bəziləri vəziyyətdən çıxmaq üçün daha radikal addıma əl atır və oğlunu-qızını da bura yazdırır, onların əvəzinə də pul qoyur – belə ailələrin itirdiyi pul 5 min 400 manat olur.

Onun şəbəkəyə üzvülük qarşısında aldığı turpaketi istifadə etməsi də qeyri-realdır. Çünki həmin məbləğə yol pulu daxil deyil, həmçinin şəbəkə üzvü viza və pasport məsələlərini həll etməlidir ki, hansısa Fransa şəhərinə getsin və orada hansısa xəyali tur paketi gerçəkləşdirsin. Turpaketin Fransa şirkətlərinə aid edilməsinin özündə də bir hiyləgərlik var – Azərbaycanda fransız dilini bilənlər azdır və şəbəkə qurbanlarının tanışları arasında çətin ki, Fransanın hansısa bir əyaləti ilə əlaqə saxlayaraq orada belə bir turizm xidmətinin göstərilib-göstərilməmisi ilə maraqlananlar tapılsın. ANS PRESSin araşdırmasına görə, indiyə kimi heç kimi bu tur paketdən istifadə etməyi sınaqdan keçirməyib.

Şəbəkələrdən bəzək əşyaları alanların da pulu havayı gedir. Məsələn, Şəkidə iki inəyi sataraq Bakıda şəbəkəyə daxil olmuş Vüsal adlı 23 yaşlı tələbəyə ödədiyi 600 manat qarşılığında müalicəvi daş adı altında bir ədəd şüşə parçası vermişdilər. Zavallı Vüsal şəbəkəyə heç kimi cəlb edə bilmədi və verdiyi pullar batdı. Şəbəkə ticarəti bəzən ödənən pulun əvəzinə dərmanlar, şəfaverici otlar, tibet müalicə vasitələri verir ki, onları da bəzən 10-15 manata əldə etmək olar. Bütün bunları şəbəkənin fəaliyyətinə qanuni don geyindirmək, əslində onun maliyyə piramidası deyil, normal ticarət şəbəkəsi olduğunu göstərmək üçündür. Bundan şəbəkənin potensial qurbanlarını inandırmaq üçün də istifadə edirlər – təklif etdikləri ucuz əşyaların orjinal bahalı variantlarını satan normal internet satış şəbəkələrinin saytını açaraq “Biz qanuni bizneslə məşğul oluruq, görürsən beynəlxalq səviyyədə qəbul olunan şirkətik”,- deyə bildirirlər.

Bəzi şəbəkə ticarətçilərinin başı doğrudan da xaricdə yerləşən şirkətlərə bağlıdır. Bunlardan biri “QuestNet” şəbəkə marketinqidir və mərkəzi ofisi Honkonqda yerləşir. Dünyada “QuestNet Network Marketing” kimi tanınan bu şirkətlə bağlı 2009-cu ildə Azərbaycanda cinayət işi qaldırılmışdı və buna görə bir neçə adam həbsxanaya salınmışdı. Amma şirkət əjdahanın kəsilmiş başı kimi yenidən işini bərpa edib və sıralarına çox sayda Azərbaycan vətəndaşını alıb. “QuestNet” yalnız Azərbaycana deyil, Rusiya və Qazaxıstana da girib və əhalini oxşar sxemlə maliyyə piramidasına dəvət edir. MDB məkanında həmçinin “Amway” (Çin), “Astran” (İsveçrə), mənbəyi bilinməyə “SEKAY”, “Si Save” kimi şəbəkələr də camaatı tovlamaqla məşğuldur. Amma bunların sırasında Azərbaycanda ən çox kök salanı “QuestNet” və “TİENS”dir. Bu şirkətlərlə əlaqəsi olanlar bilirlər ki, şəbəkələr xüsusi iş sisteminə malikdir – şəbəkəyə hər bir üzv olan barədə dosye tutulur, onun psixoloji durumundan tutmuş maliyyə vəziyyətinə qədər hər şey orada qeyd edilir. Adamlarla yalnız telefonla əlaqə saxlanır, özü də ofislərin yeri tez-tez dəyişilir. Ödənilən pulların qeydiyyatında müəyyən sistemlilik var. Bu, şəbəkəyə daxil olanları işin qanuni olduğuna inandırmaq üçündür, yəni ofisə yeni müştəri gətirənlərə xüsusu proqram vasitəsi ilə faiz ödənir, həmçinin şəbəkə inkişaf etdikcə əlavə gələn faizlər barədə məlumat verilir. Həmçinin üzvlərdən alınan pullar müəyyən sistemlə mərkəzə ötürülür, faizlər də oradan geri alnır. Bu sistemlərin mərəkəzləri adətən Cənub-Şərqi Asiya və Latın Amerikası ölkələrində olur.

İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov məsələnin bu tərəfinə xüsusi diqqət yetirir: “Şəbəkə ticarətləri əslində vəsaitlərin müəyyən əllərdə toplanaraq ölkədən çıxarılması deməkdir. Həm də o pulun toplanaraq hansı qüvvələrə xidmət etməsi də qaranlıqdır – terrorizmdən tutmuş narkotrafikə qədər hər şey mümkündür”.

Onun sözlərinə görə, şəbəkə ticarətinin Azərbaycanda geniş yayılmasının kökündə insanların məlumatsız olması dayanır. “İnkişaf etmiş ölkələrdə şəbəkə ticarəti məhz insanların məlumatlı olması üzündən ayaq tuta bilmir. Bu cür möhtəkirliyə qarşı yalnız rəsmi qurumlar deyil həm də mətbuat mübarizə aparmalıdır”. Vüqar Bayramov hesab edir ki, bu şəbəkələrin “uğurunun” kökündə insanlara çox sadə yolla kifayət qədər böyük gəlirlər vəd edilməsindədir: “Amma bu gəlir olmur və nəticədə çox sayda insanı müflis edir. Bu baxımdan, ölkə iqtisadiyyatı üçün kifayət qədər qorxulu biznes növüdür”.

Vüqar Bayramovun fikrincə, müvafiq dövlət qurumları şəbəkə ticarətinə qarşı bir mənalı şəkildə mübarizə aparmalıdır: “Bu cür fəaliyyət növü qanunvericilik səviyyəsində qadağan edilməlidir və bu cür fəaliyyətin cinayət olması təsbitlənməlidir”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin başçısı Ehsan Zahidov isə bu cür fəaliyyətin artıq cinayət oluğunu vurğulayır: “Şəbəkə ticarətləri dələduzluqdur və bu işlə məşğul olanlar hər an cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Qoy şəbəkə ticarətinin qurbanı olanlar hüquq-mühafizə orqanlarına şikayət etsinlər ki, bizim əlimizdə onlara qarşı mübarizə aparaq. Mətbuat da bu işdə bizə kömək etməlidir, bu cür hallar barədə xəbər verməlidir ki, biz dərhal tədbir görək”.

Leave A Comment