Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyətinin rolu

Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyətinin rolu

Əliməmməd Nuriyev: «Korrupsiya ilə mübarizədə anti-korrupsiya mexanizmləri artırılmalıdır»

Vüqar Bayramov: «Dünya ölkələrinin təcrübəsi korrupsiyaya qarşı mübarizə üsulları arasında ictimai nəzarət, vətəndaş cəmiyyətinin aktivliyi əhəmiyyətli rol oynayır»

Hər bir hüquqi dövlətdə həll olunmamış problemlərdən biri də korrupsiyadır. Korrupsiyaya qarşı mübarizə hər bir dövlətdə və vətəndaş cəmiyətində yüksək səviyyədə aparılsa da istənilən nəticə əldə olunmur. Amma bu problem aktuallığını da itirmir. Daim vətəndaş cəmiyyəti institutlarının və dövlətin diqqətində saxlanılır. Bu ilin əvvəlində ölkə miqyasında korrupsiya ilə mübarizə prosesləri başladı. Bir sıra fərmanlar verildi, struktur dəyişiklikləri həyata keçirildi və korrupsiya ilə mübarizənin hüquqi əsasları genişləndirildi. Hətta bəzi hallarda korrupsiya hallarına yol vermiş məmurların məsuliyyətə cəlb olunması prosesi baş verdi. KİV-də də bu prosesə sanki ciddi dəstək verildi və cəmiyyətdə korrupsiya ilə mübarizədə yeni mərhələ yarandı. Ötən gün «Şəffaflıq Azərbaycan» Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyilə Azərbaycanda Korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafı sahəsində müzakirələr aparmaq məqsədilə dəyirmi masa keçirib. Tədbir hökümət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsilə dəyirmi masaların yekunu kimi təşkil olunub. Dəyirmi masada Milli Məclis Aparatının, Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
İştirakçılar bildiriblər ki, 2000-ci ildən etibarən korrupsiyaya qarşı mübarizə ilə bağlı normativ hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm addımlar atılıb. Bunlara korrupsiya ilə əlaqəli hərəkətlərlə bağlı hüquqi normaların qüvvəsinin artırılması və istifadəsinin genişləndirilməsi məqsədilə Cinayət və İnzibati məcələlərə, Cinayət və İnzibati Prosesual Məcələlərə edilən dəyişikliklər, bəzi qanunların qəbul olunması (Hüquqi Şəxslərin Cinayət məsuliyyəti daşıması haqqında qanunu) və qanun layihələrinin hazırlanması (Şəhərsalma və Tikinti məcəlləsi) daxildir. Amma bununla belə, bəzi sahələrlə bağlı çatışmazlıqlar qaldır. Məsələn hələ də, «whistle blower» – xəbər verənlərin qorunması ilə bağlı qanuni öhdəliklər mövcud deyil. Dövlət məmurlarının gəlir bəyannamələrinin açıqlanması ilə bağlı qanun qəbul olunsa da, dəstəkləyici hüquqi aktların olmaması səbəbindən qanunun icrası ləngiyir. (deklarasiya forması və millət vəkillərinin maliyyə xarakterli bəyənnamələrini qəbul edəcək qurumun mövcud olmaması). Tədbir iştirakçıları dövlət idareetmə sisteminin bütün sahələrində korrupsiya risklərini minimuma endirmək istiqamətində qarşıya çıxan problemləri qeyd edib bunlar barədə müzakirə aparıblar. Bu sahədə şəffaflığın və işin səmərəliliyinin artırılması məqsədilə təkliflər irəli sürülüb.
Onu da bildirək ki, ötən il baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində vətəndaşların 1084 müraciətinə baxılıb. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, 2011-ci ildə idarənin istintaq şöbəsində 287 cinayət işinin ibtidai araşdırılması həyata keçirilib, 229 şəxs barəsində 142 cinayət işinin isə tamamlanaraq məhkəməyə göndərilib. Ötən il 16 şəxs barəsində 11 iş rüşvət alma, 3 şəxs barəsində 2 iş nüfuz alveri ilə bağlı olub. İstintaqı aparılan və hazırda icraatda olan cinayət işləri ilə bağlı fiziki və hüquqi şəxslərə vurulmuş 17 milyon 165 min manat ziyandan 7 milyon 822 min manatın ödənilməsi təmin edilib.
Kamran Əliyev korrupsiyaya qarşı mübarizədə effektivliyi artırmaq, bu cür hallarla üzləşən vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə birbaşa müraciət etmək imkanının yaradılması məqsədilə idarənin nəzdində 2011-ci il martın 3-dən etibarən 24 saat ərzində fəaliyyət göstərən «161″ nömrəli «Qaynar xətt» əlaqə mərkəzi yaradıldığını bildirib: «Ötən müddət ərzində «Qaynar xətt»ə 3578 müraciət daxil olub, korrupsiya ilə əlaqədar olmayan bir sıra müraciət müəllifinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulan hüquqlarının bərpası yollarına dair ətraflı izahlar verilib».
İdarə rəisi korrupsiya ilə bağlı ən çox şikayət olunan dövlət qurumlarının adlarını açıqlayaraq bildirib ki, bunlar vətəndaşların pensiya məsələləri, təhsil, səhiyyə, bank işi, hüquq-mühafizə orqanları, bələdiyyələr, yerli icra orqanlarıdır: «Heç şübhəsiz ki, daxil olan müraciətlər arasında bəzi qayda pozan prokurorluq işçiləri də olub. Belə ki, ötən il 5 prokurorluq işçisi barəsində 4 cinayət işi istintaq edilib». Bundan başqa, korrupsiya hüquqpozmalarına yol verən 6 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan biri prokurorluq orqanlarından xaric edilib. Kamran Əliyev deyib ki, ötən il ümumilikdə hüquq-mühafizə orqanlarından Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə 30 məlumat daxil olub. Onun sözlərinə görə, daxil olan həmin məlumatlardan 9-u Fövqəladə Hallar Nazirliyindən, 9-u Ədliyyə Nazirliyindən, 1-i Məhkəmə-Hüquq Şurasından, 1-i Daxili İşlər Nazirliyindən, 1-i Dövlət Miqrasiya Xidmətindən, 4-ü Milli Təhlükəsizlik Nazirliyindən və 5-i digər hüquq-mühafizə orqanlarından olunub. Həmin məlumatlar əsasında araşdırma aparılaraq 25-i üzrə cinayət işi başlanıb, onlardan 15-i məhkəməyə göndərilməklə 5 cinayət işi üzrə hökm çıxarılıb, 10 iş məhkəmə baxışındadır. Daha 10 cinayət işi üzrə isə hazırda ibtidai istintaq davam etdirilir.
Korrupsiya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev bildirib ki, son aylarda korrupsiya ilə mübarizədə müəyyən səngimələr var: «Bəzi sturukturlarda açıq-aşkar, daha çox da gizli şəkildə korrupsiyaya qarşı mübarizə tədbirlərinə müqavimətin olması gizli deyil. Çünki aparılan mübarizə nəticəsində məmurların şəxsi gəlirləri azalmağa başladı. Şübhəsiz ki, onlar mövcud mübarizə üsullarını istəmirdilər. Çünki bəzi sturukturlarda korrupsiya həmin sturukturların fəaliyyət prinsipinə çevrilmişdir». Lakin ekspert düşünür ki, bu halların qarşısının alınması üçün çox önəmli addım olaraq dövlət orqanlarında elektron istifadənin gücləndirilməsi ilə bağlı fərman imzalandı. Bu da təmas olmadan ona dövlət orqanlarının vətəndaşa keyfiyyətli xidmətin göstərilməsi üçün mühüm şərait yaradır. Əliməmməd Nuriyev bildirir ki, korrupsiya ilə mübarizədə anti-korrupsiya mexanizmləri artırılmalıdır: «Korrupsiya ilə mübarizədə mühüm mexanizmlərdən biri anti-korrupsiya mexanizmlərinin artırılmasıdır. Anti-korrupsiya mexanizmləri yaranarsa, sistem özü-özünə korrupsiyanı məhdudlaşdırmağa doğru gedəcəkdir». Ekspertin fikrincə, anti-korrupsiya mexanizmlərinin yaradılmamasına görə bu gün Azərbaycanda korrupsiyanın mövcud səviyyəsi hələ ki, yüksək olmaqda davam edir. Bəzi nazirliklərdə və yerli icra sturukturlarında korrupsiya ilə mübarizənin ahəngdarlıqla aparılmamasından təəssüfləndiyini bildirən ekspert, bir sıra yerli icra sturukturları orta və kiçik sahibkarlardan qanunsuz olaraq vəsaitlər toplayıb, qeyri-qanuni ödəmələr tələb etdiyini bildirdi. Söhbəti zamanı korrupsiya halları ilə mübarizənin keyfiyyətinin aşağı düşməsinə toxunan ekspert bildirdi ki, bir çox hallarda məmurların aparılan islahatların sürətinə uyğun hərəkət edə bilməməsi korrupsiyanın səviyyəsinin azaldılmasına mane olan ciddi səbəblərdən biridir.
Bütün bunlarla yanaşı, Əliməmməd Nuriyev deyir ki, bir sıra sturukturlarda korrupsiya halları minimuma endirilib və ya yoxdur: «Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının işində, dövlət qulluğuna qəbulla bağlı məsələlərdə, hüquq mühafizə və prokurorluq orqanlarına işə qəbulla bağlı məsələlərdə xeyli irəliləyişlər vardır. Birmənalı sürətdə deyirəm ki, burada korrupsiya yoxdur». Ekspert eyni zamanda bildirdi ki, korrupsiya ilə bağlı mübarizədə manapoliyaya qarşı mübarizə önəmli rol oynaya bilər. Növbəti mühüm mübarizə addım kimi isə ekspert, istehlakçı hüquqlarının qorunması, insan hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm addımların atılmasının vacibliyini vurğuladı.
İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə «Korrupsiyasız Azərbaycan; regionlarda maarifləndirmə və məlumatlandırma kampaniyası» layihəsi çərçivəsində maarifləndirmə işi aparıb. İSİM rəhbəri Vüqar Bayramov bildirib ki, layihənin əsas məqsədi yalnız Bakıda deyil, eyni zamada regionlarda da korrupsiyaya qarşı mübarizənin sürətləndirilməsi, əhalinin maarifləndirilməsi, eləcə də onların şikayətlərinə vaxtında və düzgün baxılması məqsədilə yardımların göstərilməsidir. Məlum olub ki, layihə həmçinin dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətlərinin təkmilləşməsinə, fəaliyyətlərinin daha səmərəli surətdə təhlil edilməsinə, qiymətləndirilməsinə xidmət edir: «İSİM-in araşdırmaları göstərir ki, korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya ilə bağlı məlumatlılıq səviyyəsinin aşağı olması bu hüquqi sənəddən irəli gələn tələblərin reallaşmasını ləngidir. Xüsusilə regionlarda məlumatlılıq səviyyəsinin aşağı olması səbəbindən baş verən kiçik bir korrupsiya halı belə qanunun aliliyinin bərqərar olması, yoxsulluğun aradan qaldırılması, iş yerlərinin açılması kimi çox mühüm proseslərin ləngiməsini şərtləndirir. Dünya ölkələrinin təcrübəsi korrupsiyaya qarşı mübarizə üsulları arasında ictimai nəzarət, vətəndaş cəmiyyətinin aktivliyi əhəmiyyətli rol oynayır. Hakimiyyət orqanları korrupsiyanı doğuran səbəblərə, onun nəticələrinə qarşı mübarizədə geniş miqyaslı ictimai dəstək almadıqda istənilən nəticəni əldə etmək mümkün olmur. Məqsədlərdən biri də Milli Strategiyadan irəli gələn tələbə uyğun olaraq ictimaiyyəti məlumatlandırmaq, onların hüquqi maarifləndirilməsini artırmaqla yanaşı korrupsiyaya qarşı mübarizədə fəallığına nail olmaqdır».

Cavid

Yazı Azərbaycan Respublikası Prezidenti Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi «Vətəndaş cəmiyyəti, hüququi dövlət quruculuğu prosesi və dünyəvi dövlətçilik prinsiplərinin təbliği» layihəsi çərçivəsində təqdim olunur.

 

Leave A Comment