Benzinin qiyməti yenidən spekulyasiya predmetinə çevrildi

Benzinin qiyməti yenidən spekulyasiya predmetinə çevrildi

Vüqar Bayramov: “Avro-3 standartlarına keçid benzinin qiymətinin artmasını şərtləndirmir”

Natiq Cəfərli: “Çox güman ki, avro-3 standartlarına uyğun yanacağın istehsal olunması ilə onun maya dəyəri də artacaq”

Məlumdur ki, ekoloji tarazlığın qorunması istiqamətində dünya ölkələrində müəyyən standartlar tərbiq edilir. Bu standartlar yanacaq növlərinə, o cümlədən benzin və dizelə də şamil olunur. Məsələn, artıq Avropanın bir çox ölkələrində avro – 5, avro – 6 standartı tətbiq edilir. Ölkəmizdə də avro standartlarından istifadə olunur. Düzdür, Azərbaycanda hələlik avro-2 standartları tətbiq edilməkdədir.

Lakin artıq gələn ayın 1-dən etibarən Azərbaycan da avro-3 standartına keçəcək. Bunu Standartlaşdırma və Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov da təsdiq edib. Yeni standarta keçid isə şübhəsiz ki, yanacağın maya dəyərini artıracaq. Bu zaman ölkəmizdə benzinin bahalaşmasına səbəb olub-olmayacağı barədə fərqli fikirlər səslənir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov avro standartlarının tətbiqi ilə bağlı artıq 2 ilə yaxındır ki, Azərbaycan hökumətinin müəyyən işlər gördüyünü bildirir: “Avro standartlarının tətbiqi sahəsində görülən işlərdən biri də ölkə daxilində istehsal olunan məhsulların, eləcə də benzinin avro standartlarına uyğunlaşdırılmasıdır. Bildiyimiz kimi hal-hazırda Avropada avro-6 standartları tətbiq olunur. Azərbaycanda isə tətbiq olunan standartlar avro-2-dir. Avro-2 standartları Azərbaycanda təxminən il yarım əvvəl tətbiq olunan standartdır. Qabaq isə avro-1 standartları tətbiq olunurdu. Avro-1 standartları daha çox sovet standartlarına uyğun idi. Avro-2 standartlarının tətbiq edilməsi digər standartların tətbiqindən daha çətin idi. Çünki avro-1 sovet standartları idi. Sovet standartlarını dəyişərək avro-2 standartlarına uyğunlaşdırılması daha çox xərc tələb edirdi. Çünki bu, texnoloji baxımından yenilik idi. Ekoloji baxımından da daha sağlam məhsulların istehsalını nəzərdə tutduğu üçün, avro-1-dən avro-2 standartına keçid həm çətin, həm də xərcli oldu. Amma avro-3 standartı heç də ciddi şəkildə fərqli standart deyil. Ona görə fərqli standart deyil ki, avro-2 standartı avro-3 standartına keyfiyyət baxımından uyğun deyil. Çünki avro-3 standartları daha çox ekoloji standartdır. Ekoloji baxımından təmiz məhsulların istehsalı, benzin məhsullarının ətraf mühitə daha az ziyan vurması, ekologiyanın çirkləndirilməsi və qazın ətraf mühitə az buraxılması ilə bağlı standartdır. O baxımından avro-3 standartlarına keçid benzinin və eləcə də digər məhsulların xərcində ciddi təsir etməyəcək. Ciddi təsir etmədiyi üçün bu məhsulların qiymətinin artması da gündəmdə ola bilməz. Deməli, avro-3 standartlarına keçidlə bağlı benzində ciddi xərc artımları olmayacaq. Benzinin qiymətinin artımı real deyil. Çünki avro-3 standartı benzinin qiymətinin artmasını şərtləndirmir”.

Vüqar Bayramov avro-3-ün tətbiqinin digər məhsulların qiymətinin artmasına da təsiri olmayacağını bildirir: “Çünki avro-3 standartları strateji məhsulların istehsalında tətbiq olunduğundan benzin və digər məhsulların istehsalında qiymətlərə təsir göstərməyəcək. Praktiki olaraq Azərbaycanda istehsal olunan ərzaq və qeyri-ərzaq məhsullarında keyfiyyət standartlarında dəyişiklik baş vermədiyi üçün istehlak bazarında da qiymət artımı baş verməyəcək. Eyni zamanda nəzərə alaq ki, iyul, avqust ayları deflyasiya – qiymətlərin azalması aylarıdır. Azərbaycanda bu aylarda qiymət artımları müşahidə edilmədiyi üçün iyuldan tətbiq edilən avro-3 standartı istehlak bazarında, eləcə də benzinin qiymətində hər hansı artımlara gətirib çıxarmayacaq”.

İqtisadçı ekspert Natiq Cəfərli isə avro-3-ün tətbiqində qiymət artımını qaçılmaz hesab edir: “Avro-3 standartlarına keçmək ilk öncə ölkənin neft istehsalı ilə məşğul olan zavodlardakı problemlərin həll olunmasından başlanmalıdır. Təəssüf ki, hal-hazırda avro-3 standartlarına uyğun olan yanacağın istehsalının tam mənada təşkil olunub-olunmadığı barədə dəqiq məlumatlar yoxdur. Çox yaxşı olardı ki, hökumət əvvəlcədən avro-3 standartlarına uyğun olan yanacağın istehsalında hansı işlərin görüldüyü barəsində ətraflı məlumat verəydi ki, Azərbaycanda istehlak olunacaq yanacağın hansı hissəsi məhz bu avro-3 standartlarına uyğun olaraq istehsal ediləcək. Təəssüf ki, bu barədə məlumat yoxdur. Amma çox güman ki, avro-3 standartlarına uyğun yanacağın istehsal olunması ilə onun maya dəyəri də artacaq. Çünki avro-3-ün tətbiqində daha çox saflaşdırılmadan istifadə olunur. Ona görə də daha çox xərclər tələb olunur. Amma düşünmürəm ki, hökumət kəskin şəkildə qiymət artımına gedəcək”.

Natiq Cəfərli bildirir ki, iqtisadiyyatın lokomativi yanacaqdır: “Ona görə də yanacağın qiyməti qalxarsa, bu, bir çox sahələrə də öz təsirini göstərəcək. Bundan başqa kənd təsərrüfatı məhsullarının rayonlardan şəhərlərə gətirilməsində də yanacaqdan istifadə edilir. Kənd təsərrüfatı məhsullarının qiymətində də artım müşahidə edilə bilər. Təbii ki, avro-3 bütün sahələrdə qiymət artımına bir təkan verə bilər”.

Mübariz Bayramov, Movqe.Az

Leave A Comment