Ekspert rəyi: TANAP digər kəmərlərin inşasını gündəmdən çıxarıb

Ekspert rəyi: TANAP digər kəmərlərin inşasını gündəmdən çıxarıb

Ötən gün Azərbaycan tarixi bir sazişə imza atdı. Azərbaycan və Türkiyə arasında Trans-Anadolu qaz kəməri (TANAP) müqaviləsi imzalandı. Rəsmilərin müqaviləyə imza atdığı gündən mütəxəssislər saziş haqqında müxtəlif proqnozlar verirlər.

Modern.az sazişin Azərbaycan üçün hansı iqtisadi və siyasi perspektivlər vəd etdiyini araşdırıb.

İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bu sazişin imzalanması ilə Azərbaycan qazının Avropa istiqamətində daşınmasındakı müzakirələrə son qoyulduğunu deyir. Ölkə üçün bunu əlverişli saziş hesab edən iqtisadçı

anlaşmadan sonra Azərbaycan TANAP ilə Türkiyədən ötürəcəyi qazın həcmini kifayət qədər artıracağını da proqnozlaşdırır. Onun sözlərinə görə, belə olan halda Azərbaycanın qaz hasilatındakı payı bir milyard kubmetr artacaq.

İqtisadçı onu da bildirdi ki, Azərbaycana həmin kəmər vasitəsilə öz qazını Türkiyəyə ixrac etməyə imkan yaranacaq: “TANAP-ın ötürmə qabiliyyəti 50 milyard kubmetrdir. Praktiki olaraq “Nabucco”nun ötürmə qabiliyyətindən cəmi 30 milyard kubmetr çoxdur. “Nabucco” da 31 milyard kubmetr qaz ötürmək nəzərdə tutulurdu. Amma ikinci mərhələdə isə 80 milyard kubmetrə yaxın qaz ötürülməsinin ləğv olunması proqnozlaşdırılırdı. Ancaq bu anlaşmanın imzalanması digər qaz kəmərlərinin çəkilməsi məsələsini də demək olar ki, gündəmdən çıxarıb”.

İqtisadçının sözlərinə görə, anlaşmanın imzalanması Azərbaycana öz mavi qazını Avropa qiymətlərinə uyğun satmaq imkanı yaradacaq.

Artıq TANAP Türkiyə və Azərbaycan üçün yeni bazarın yaranması deməkdir: “Baxmayaraq  ki, layihənin dəyəri 7 milyard avro hesablanıb, gələcəkdə xərclərinin artması da istisna edilmir. Güman ki, tikilməsinə 7 milyard proqnozlaşdırılan layihənin növbəti mərhələlərdə 1 milyard avro artacağı gözlənilir. Layihə həcminin  necə bölüşdürülməsi məsələsi də sual altındadır. Ancaq Azərbaycan ixracatçı və kəmərin tikilməsində əsas dövlət kimi xərclərin əsas hissəsinə şərik olacaq”.

V.Bayramov sözügedən sazişin imzalanmasının Azərbaycana qazın qiymətini diktə etməyə imkan yaratmaqla yanaşı onun bölgədə strateji mövqeyini də artıracağını deyir. Ekspertin sözlərinə görə, “Nabucco” ilə müqayisədə TANAP sazişinə Rusiyanın münasibəti radikal olmadığından o, Azərbaycana geosiyasi baxımdan manevrlər etməyə imkan verəcək.

Politoloq Eldar Namazov belə bir sazişin Azərbaycan iqtisadiyyatı və siyasəti üçün müsbət təkan olacağını deyir. Onun sözlərinə görə, Türkiyə qardaş ölkə olduğundan bu sazişin imzalanması siyasi cəhətdən də müsbət nəticələnəcək. Politoloq bunu qardaş ölkələr arasında növbəti bağlantı hesab edir.

Gültəkin Ələsgər


Leave A Comment