70%-dən 70 dəfə uzaq endirimlər

70%-dən 70 dəfə uzaq endirimlər

Həftəsonu paytaxtdakı mağazalardan birinin vitrinində gördüyüm 70% ə qədər endirim təklifi diqqətimi cəlb etdi. Həvəslə mağazaya girəndə isə endirimin yalnız bir ne,ə mala şamil edildiyini,onun da 70 deyil 15-30-50 % şəklində edildiyinin şahidi oldum. Əlimə aldığım sadə, qadın koftasının üzərində əsl qiymətinin 37 manat, endirimlə isə 12 manata salındığı yazılmışdı. Halbuki bu geyimin qiyməti istənilən digər mağazada 10 manatdan artıq deyil.

Yolüstü girdiyim bəzi mağazalarda da mövsüm endirimləri adı altında aparılan kampaniyalar çərcivəsində satılan paltarların hec də göstərilən qiymətə dəymədiyini, bəzilərində isə endirim reklamı olsa da qiymətlərin hələ də “ceyran belində” olduğunu gördüm.
Mövsümlə bağlı endirimlər dünyanın demək olar ki, bütün ölkələrində rast gəlmək olar. Bəzən insanlar ilboyu alış verişlərini belə endirim mövsümünə saxlayırlar. Çünki onlar endirim adı altında aldıqları məhsulun keyfiyyətinə və qiymətinə əmin olurlar. Belə ki, mağaza sahibləri əllərində qalan məhsulları növbəti mövsümə keçirməmək və müştəri cəlb etmək üçün qanedici təkliflər irəli sürürlər. Nəticə isə həm müştərini, həm də sahibkarı qane edir.

Təssüf ki, Azərbaycanda endirimlər edən mağazaların heç də hamısı haqqında bunu demək mümkün deyil. Vitrinlərə iri hərflərlə yazılan endirimlər adətən müştərilərin aldadılması yolu ilə sahibkarın qazanc əldə etməsinə xidmət edir.

Alıcılar əsasən mağaza vitrinlərini bəzəyən böyük rəqəmlərlə “15 manat” onun altında isə az qala mikroskopla görülə biləcək ölçüdə “dan başlayan qiymətlər”, “2-al 1 ödə”, “endirim cəmi 10 gündür”, “mağazanın bağlanması ilə əlaqədar şok endirim” və sairə bu kimi reklamlarla aldadılır.

Saxta endirimlərlə mübarizədə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də əlindən gələni etməyə çalışır. İİN-nin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, bu ilin ötən dövrü ərzində reklam qanunpozuntuları ilə əlaqədar 19 fakt aşkarlanıb. Bunlar əsasən reklam şitlərinin qanunsuz yerləşdirilməsi, reklamların özlərinin qanunsuz olması ilə bağlıdır.

Onun sözlərinə görə, monitorinq aparılan mağazalarda endirimin konkret hansı mala tədbiq olunması, məhsulun əvvəlki qiyməti göstərilmədən endirimin tədbiq edilməsi və ya endirim reklamı olsada, qiymətlərə təsir etmədiyi kimi faktlar üzə çıxarılıb.

“Belə bir fakt da olub ki, mağaza artıq iki gündür fəaliyyətə başlayıb və endirim edir. Bu halda qanunverinciliyə görə, ilk addım qanunsuz reklamın dayandırılmasıdır. Konkret fakt üzrə araşdırma aparılır. Antiinhisar qanunun pozulması haqqında iş qaldırılır və cərimlələr təqdim olunur. Qanunu pozan ticarət obyeklərinə qarşı qanunsuz reklamın yayıldığı dövrdə əldə edilmiş gəlirin 10 faizinədək cərimə tədbiq edilir”, – deyə Abbas Əliyev bildirib. A.Əliyevin sözlərinə görə, ilk növbədə endirim adı altında satılan malların üzərində əvvəlki qiyməti göstərilməlidir.

 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov Azərbaycanda daha çox saxta endirimlərin olması ilə razılaşır. Onun sözlərinə görə, Azərbaycanda qeyd olunan endirim rəqəmləri heç vaxt reallığı əks etdirmir, hətta mağazlaar 50%, 60%-ə kimi endirimlər edir. Amma qiymətlər o dərəcədə yüksək olur ki, bu endirimlər hiss olunmur. Ekspert bildirdi ki, saxta endirimlər qanunvericiliklə qadağan edilir: “Əgər ticarət obyekti endirim elan edirsə, o, hökmən qiyməti aşağı salmalıdır, malın mövcud qiymətini qaldırıb, sonra endirim etmək qanunverciliyə zidd hesab edilir”.

Millət vəkili Əli Məsimli də real endirimlərin tərəfdarıdır. ANS PRESS-ə açıqlamasın da o, hər il – ildə iki dəfə Yeni il və Novruz bayramı ərəfəsində bu məsələni iki səpkidə qaldırdığını deyir.
Ə.Məsimlinin sözlərinə görə, sivil dünyanın əksər ölkələrində bayramlarda endirimlər olur və insanlar bayramqabağı endirimlərlə şopinq deyilən işləri həyata keçirirlər. Bundan nə sahibkar, nə dövlət, nə biznes uduzmur. Əksinə udur. Çünki əgər adi qiymətlərlə 10 partiya məhsul satırdılarsa, endirimlərlə 100 partiya satırlar. “Bir də ölkələrdə normativlər olur. Əgər mal satılmırsa, münasib proporsiyalarla qiymətləri endirilir. Bu məsələnin Azərbaycanda tədbiqini vacib hesab edirəm”.

Endirimlərin çox vaxt saxta xarakter daşıdığı Azərbaycanda da bəzən sözün həqiqi mənasında endirimlərin şahidi olmaq olur. Millət vəkili belə qənaətdədir: “Məsələn, hər hansı malın qiyməti 100 manatdırsa, 50 % endirimlə qiymət 50 manata salınır. “Hiss edirsən ki, bu həqiqi endirimlərdir. Bəziləri isə 100 manat qiyməti olan malın üzərinə 200 manat əlavə edir. Sonra deyirlər ki, 75 % şok endirim edilib. Bu endirim gəlib malın öz qiymətindən də baha çıxır. Bu isə birbaşa istehlakçını aldatmaq deməkdir. Yaxşı olar ki, Azərbaycandada yuxarıda qeyd etdiyimiz praktikadan istifadə edilsin. Mal müəyyən aylarda satılmırsa onun endirimlə bağlı mormativlər işlənsin”.

Xatırladaq ki, İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin mütəmadi keçirdiyi reydlərə baxmayaraq bu cür saxta endirim təklif edən mağazaların sayı azalmaq bilmir. İnzibati Xətalar Məcəlləsinin 231-ci maddəsi ilə (“İstehlakçıları aldatma”) nəinki malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıların aldadılması inzibati xəta hesab edilir və həmin inzibati xətanı törədən fiziki şəxslərə 600 manat, vəzifəli şəxslərə 1000 manat, hüquqi şəxslərə isə 3000 manat miqdarında cərimə sanksiyası tətbiq edilir.

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Cinayət Məcəlləsinin 200-cü maddəsinin sanksiyası kifayət qədər sərtləşdirilib. Belə ki, istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda (40 manatdan 500 manatadək) aldatma 3000 manatdan 5000 manatadək miqdarda cərimə və ya 180 saatdan 240 saatadək ictimai işlərlə cəzalandırılır.

Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və külli miqdarda (500 manatdan yuxarı) ziyan vurmaqla törədildikdə 5000 manatdan 7000 manatadək cərimə və ya üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması tətbiq edilir.

Leave A Comment