Rusiyaya mavi qaz ixracı 3 mlrd kubmetrə çatdırılacaq

Rusiyaya mavi qaz  ixracı 3 mlrd kubmetrə çatdırılacaq

Vüqar Bayramov: “Alternativ ixrac kəmərləri  Azərbaycana mavi qazı daha baha qiymətə satmaq imkanı yaradır”

Azərbaycanla Rusiya arasında  Baku-Novorossisk boru kəməri üzrə əlavə neftin nəql edilməsi və qaz tədarüklərinin artırılması ilə bağlı məsələlələrin müzakirəsinə başlanılıb. Danışıqların nəticəsi kimi  Rusiyaya mavi qaz ixracatının 3 mlrd kubmetrə çatdırılması gözlənilir. Xatırladaq ki,  Rusiyaya qaz ixracatı ötən ilin yanvar ayının  1-dən həyata keçirilir. Azərbaycanla Rusiya arasında qaz alqı-satqısı barədə ortamüddətli müqavilə isə 14 oktyabr 2009-cu ildə Bakıda ARDNŞ və “Qazprom” arasında imzalanıb. Müqavilə 2010-2014-cü illəri əhatə edir. Sənəddə Azərbaycan tərəfinin hər il Rusiyaya azı 500 milyon kubmetr həcmində qaz ixrac etməsi nəzərdə tutulur. Yeri gəlmişkən müqavilədə qaz ixracı həcminin ən yüksək həddi göstərilməyib. Ancaq ilk vaxtlar ixrac 0,5 mlrd kubmetr olsa da, sonradan ixracı artırmaq haqqında razılıq əldə olunub.

İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, hazırda Azərbaycan Rusiyaya 2 milyard kubmetr qaz ixrac edir: “Mavi qazın ixracatı ilə bağlı ilkin anlaşma imzalanan zaman ixrac  0,5 mlrd kubmetr  nəzərdə tutulmuşdu.Sonradan ixracat  1 mlrd kubmetrə, 2011 ildə isə 2 mlrd. kubmetrə  çatdırıldı. Praktiki anlaşma imzalandıqdan sonra Rusiyaya mavi qaz ixracı 4 dəfə artırılıb. Son müzakirələrin nəticəsi olaraq ixracatın 3 mlrd kubmetrə  çatdırılacağı güman edilir.  Bununla da Rusiyaya qaz ixracı 6 dəfə artırılmış olacaq”.

V.Bayramov Rusiyaya mavi qaz ixracatının artırılmasının Azərbaycan üçün bir neçə aspektdən əhəmiyyətli olduğunu düşünür: “Əvvəla  Rusiya Azərbaycan mavi qazına ən çox pul verən ölkədir. Belə ki, Rusiya Azərbaycan mavi qazının hər kubmetri üçün  240 dollar ödəyir. Müqayisə üçün bildirək ki, Gürcüstan mavi qaz satışı üçün Azərbaycana 170 dollar, Türkiyə isə (hazırda qüvvədən düşən müqaviləyə əsasən ) hər 1000 kubmetrə 120 dollar ödəyirdi. Hələlik bu rəqəmin artırılıb-artırılmaması ilə bağlı məlumat yoxdur. Bütün hallarda Rusiya Azərbaycan mavi qazını ən baha alan ölkədir”.

Mütəxəssisin sözlərinə görə, Rusiyaya qaz satmaq iqtisadi baxımdan Azərbaycan üçün əhəmiyyətlidir: “Rusiyaya mavi qaz ixracatının artırılması bizdən mavi qaz alan ölkələrə mesaj verilməsi baxımından da mühümdür. Nəzərə alsaq ki, Avropa Birliyi, eləcə də Qərb “Nabucco” layihəsinin reallaşmasında maraqlıdır. Alternativ qaz ixracı kəmərləri “Nabucco”nun və ya hansısa Transxəzər kəmərin reallaşacağı halda Azərbaycana daha yüksək qiymətə öz qazını satmaq imkanı yaradır . Digər tərəfdən 2010-cu ildə Azərbaycan 29 mlrd kubmetr mavi qaz hasil edib. 2011-ci ildə qaz hasilatının təxminən 2 mlrd kubmetr də artırılması nəzərdə tutulur.  “Şahdəniz-2” fazası istifadəyə verildikdən sonra  birinci mərhələdə mavi qaz hasilatının 45 mlrd. kubmetrə qədər artırılması, daha sonra 60 milyard kubmetrə çatdırılması planlaşdırılır. Bütün bunlar   yaxın illərdə  Azərbaycanın mavi qaz ixracatını artacağının reallığını göstərir”.

 

V.Bayramov  Rusiya mavi qaz ixracatının artırılmasının Azərbaycan üçün siyasi baxımdan müəyyən dividentlər gətirdiyini vurğulamaqla  yanaşı müəyyən problemlər yaratdığını da istisna etmir: “Rusiyaya mavi qazın ixracatının artırılması regional məsələlərdə Azərbaycana Moskvanın  dəstəyini qazanmağa imkan versə də bu, Qərblə münasibətlərə  təsir göstərə bilər. Düzdür, hələlik Rusiyaya ixracat artırılsa da bunun Qərblə münasibətlərə təsirini minumlaşdırmaq üçün  ciddi şəkildə artımlara gedilməyib. Yəni 3 mlrd kubmetr Avropanın ildə istədiyi  21 mlrd kubmetr mavi qazdan 7 dəfə azdır. Bütün hallarda Rusiya ilə mavi qaz əməkdaşlığının davam etməsi Azərbaycanın həm geosiyasi, həm də iqtisadi siyasətində dəyişikliklərin olmasından xəbər verir”.

 

Leave A Comment