Sığorta sektoru ilə bağlı ekspert müzakirələri keçirilib

Sığorta sektoru  ilə bağlı ekspert müzakirələri keçirilib

 

Iqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM ) Açiq Cəmiyyət İnstitutu Yardım Fondunun (“ACİYF”)  maliyyə dəstəyi ilə  həyata keşirdiyi “Azərbaycanda Sığorta Sistemi: iqtisadi və sosial proseslərə multiplikator təsiri kimi” adlı layihənin icrası çərçivəsində  ekspert muzakirələri təşkil edib. Nəzərə çatdıraq ki, 7 aylıq müddəti əhatə edən layihə çərçivəsində Azərbaycanda sığorta sektorunun inkişaf tarixi, problemləri, icbari sığorta növlərinin tətbiqi, sığorta şirkətlərinin özəl sektordakı payı, təklif etdikləri xidmətlərin çeşidi və keyfiyyəti   araşdırılıb. Həmçinin yerli sığorta bazarının inkişaf etmiş ölkələrin, o cümlədən region dövlətlərinin – Türkiyə, Rusiya və Gürcüstanla müqayisəsi aparılıb.Ekspert müzakirələrinin məqsədi isə aparılan araşdırma və bunun əsasında tərtib edilən siyasət sənədi ilə bağlı rəyləri dəyərləndirib, yekun versiyanı hazırlamaq olub.

10 aparıcı ekspertin iştirakı ilə keçirilən müzakirələrdə öncə  sənədlə bağlı  təqdimat edilib. Bildirilib ki, Azərbaycanın sığorta sektoru nəinki Rusiya, Türkiyə, hətta Gürcüstanla müqayisədə zəif inkişaf edib. Bu həm sığorta mükafatlarının həcminə, həm də sığorta məhsullarının sayına görə dəyərləndirilib. Qeyd olunub  ki, inkişaf etməkdə olan ölkələrdə sığorta sisteminin Ümumu Daxili Məhsuldakı (ÜDM) payı 15-20 faiz arasında dəyişdiyi halda   Azərbaycanda bu  göstərici 0,4 faiz, adambaşına düşən sığorta haqqları cəmi 18-19  manatdır. Son bir neçə ildə ölkənin sığorta bazarında cəmi 3 faiz artım baş verib. Rəqəmlərin təhlili Azərbaycanın sığorta bazarında beynəlxalq sığorta təcrübəsindən fəqli tendensiyaların müşahidə olunduğunu göstərib.

Müzakirələr çərçivəsində çıxış edən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev bildirib ki, əhalinin gəlirlərinin az olması Azərbaycanda sığorta sektorunun institut kimi formalaşmamasına təsir edir. Sığorta şirkətlərinin çoxunun kapital baxımından banklardan asılı olduğunu vurğulayan iqtisadçı bankların özlərinin də ayrı-ayrı holdinqlər tərəfindən idarə edildiyini söyləyib: “Bu sahədə rəqabətli bazar iqtisadiyyatı inkişaf etməyib.Eyni zamanda sığorta müqavilələrinin icrasında problemlər əhalidə sığortaya qarşı inamsızlıq yaradıb”.

Müzakirələrdə o da bildirilib ki, hazırda könüllü sığorta növlərinin inkişafına görə Azərbaycan  nəinki dünya, habelə keçmiş ittifaq respublikaları arasında  geri qalır. Başqa sözlə, ölkədə  mövcud tikintilərin və qaramalın 1/10-dən bir qədər çoxu, ev əmlakının 1/8-i, nəqliyyat vasitələrinin isə 1/6-i sığorta olunub. Hansıki bu  göstəricilərdən də xeyli aşağıdır. Bununla belə sığorta şirkətlərinin gəlirlərinin önəmli hissəsini “könüllü icbari” sığorta müqavilələrindən əldə olunan gəlirlər tutur.Yəni insanlar könüllü sığorta növlərinə aid olan sığorta xidmətlərindən məcbur qalıb istifadə edirlər. Bankdan kredit alaraq maşın və ya digər əmlak almaq istəyən şəxs həmin əmlakı sığortalamağa məcbur edilir, çünki əks təqdirdə ona kredit verilmir.

İcbari sığorta ilə bağlı ölkədəki qanunvericilik islahatlarına toxunan mütəxəssislər dövlətin həyata keçirdiyi icbari sığortanın onun yükünün azaldılmasına xidmət etdiyini bildiriblər.

İSİM rəhbəri Vüqar Bayramov isə bəzi dövlətlər üçün icbari sığortanın maliyyə yükünə çevrildiyini deyib: “Amerika Birləşmiş Ştatları höküməti icbari sığortanı tətbiq etməkdə maraqli deyil. İşləməyən əhalinin də sığortası öhdəliyi dövlətin üzərində olduğundan maliyyə yükü yaradır”.

İqtisadçı-ekspert Məhəmməd Talıblı sığorta sektorunun    inkişafı üçün 3 amilə diqqət yetirilməsini önə çəkib: “Əvvəla sığorta şirkətlərinin cəmiyyətdəki  nüfuzu ilə bağlı islahatlar aparılmalıdır. O cümlədən sığorta şirkətlərinin öhdəliklərini icra etmələrinə nəzarət gücləndirilməli, sığorta və onun növləri barədə əhali arasında maarifləndirmə kampaniyası həyata keçirilməlidir”.

O eyni zamanda kapitallaşma səviyyəsi aşağı olan sığorta şirkətlərinin birləşdirilməsinin vacibliyini də qeyd edib. Bazarın zəif inkişaf etməsinin səbəblərinin araşdırılması çərçivəsində qanunvericiliyin də ekspertizasının mühüm olduğunu söyləyən ekspertin fikrincə  qanunvericiliyin təkmilləşdirilməsi sistemin inkişafına gətirib çıxara bilər.

İSİM eksperti Xalid Mikayılov deyib ki, Azərbaycanda sığorta bazarının zəif inkişafı ümumilikdə bazar infrastrukturunun tam formalaşmaması ilə bağlıdır: “Məsələn, maliyyə bazarları, banklar, sığorta şirkətləri və s. bu sferaya aid olan institutlar ya zəif formalaşıb, ya da  heç formalaşmayıb. İkinci bir məsələ əhalinin istehlakının strukturu ilə əlaqəlidir. Lüksemburq və bir sıra inkişaf etmiş dünya ölkələrinin təcrübələrinə baxsaq görərik ki. bu ölkələrdə iqtisadiyyat inkişaf etdikcə və əhalinin gəlirləri artıqdca əhalinin istehlak strukturunda dəyişiklik meydana gəlir. Əhali ərzağa və gündəlik tələbat mallarına xərclədiyi pulun artıq qalan hissəsini sığortaya, müxtəlif bank və maliyyə xidmətlərinə, turizm sferasına və s. yönəldir. Hazırda inkişaf etmiş dünya ölkələrində sığorta sisteminin də daxil olduğu xidmət sektorunun ÜDM-da payı 80%-i keçir. Yəni insanların həyat səviyyəsi yüksəldikcə onlar xidmətlərə daha çox tələbat yaradırlar. Azərbaycanda bu sektorun inkişafını əngəlləyən amillərdən biri də əhalinin həyat səviyyəsi ilə əlaqəlidir”.  Təqdimatı Yükləyin

 

Leave A Comment