Rəqabətqabiliyyətliliyin 12 sirri

Rəqabətqabiliyyətliliyin 12 sirri

Vüqar Bayramov: “Azərbaycan dünya ölkələri arasında yerini daha da yaxşılaşdıra bilər”

“Rəqabətqabiliyyətliliyin müəyyənləşdirilməsində istifadə olunan 12 meyardan hər biri üzrə qiymətləndirmə ayrıca olaraq alt meyarlar əsasında aparılıb. Bu baxımdan bəzi alt meyarlar var ki, göstəricilər aşağı balla qiymətləndirilib. Məsələn, hökumət tənzimlənməsində baryerlərin aradan qaldırılmasıdır ki, həmin alt meyar üzrə Azərbaycan 82-ci yerdədir”. Bunu bu yaxınlarda açıqlanan rəqabətədavamlılıq indeksi üzrə göstəricilərdə Azərbaycanın 144 ölkə arasında 46-cı yeri tutmasını “Azadinform”a şərh edərkən iqtisadçı ekspert Vüqar Bayramov deyib. Qeyd edək ki, reytinq cədvəlini Ümumdünya İqtisadi Forumu (ÜİF) tərtib edib və sonuncu göstəricilər 2012-2013-cü illərdə rəqabətədavamlılığa aid olub. Ölkəmiz 12 əsas göstərici – institutların keyfiyyəti, infrastruktur, makroiqtisadi stabillik, sağlamlıq və ibtidai təhsil, ali təhsil və peşə hazırlığı, əmtəə bazarının effektivliyi, maliyyə bazarının inkişafı, texnoloji səviyyə, daxili bazarın həcmi, şirkətlərin rəqabətqabiliyyətliliyi, innovasiya potensialı – üzrə MDB-də liderdir.
V.Bayramovun sözlərinə görə, ümumilikdə birinci (institutların keyfiyyəti) meyar üzrə Azərbaycan 13-cü, ikinci (infrastruktur) meyar üzrə 8-ci yerdədir: “3-cü (makroiqtisadi mühit) meyar üzrə aldığımız bal nisbətən aşağıdır – 63-cüyük. Bu meyar üzrə ən yüksək balı ölkənin kredit reytinqi üzrə alt meyar alıb – 144 ölkə arasında 13-cüyük. 4-cü təhsil və səhiyyə meyarıdır ki, Azərbaycan burada əksər alt meyarlar üzrə yüksək bal alıb. 5-ci meyar ali təhsil və təlimlərdir ki, bu istiqamətdə də Azərbaycanın balı yüksəkdir. Bu meyar üzrə 144 ölkə arasında 3-cüyük. 6-cı meyar bazarın səmərəliliyidir ki, yerli rəqabətə görə Azərbaycanın balı yüksəkdir – 5,8. Bu meyar üzrə ölkəmizin aldığı ən aşağı baş vergi dərəcələrinin yüksək olması ilə bağlıdır – 144 ölkə arasında 117-ci. Digər alt meyarlara görə yerimiz yaxşıdır. 7-ci (əmək bazarının səmərəliliyi) meyar üzrə ən yüksək göstərici işçi və işəgötürən arasında münasibətlərin tənzimlənməsi ilə bağlıdır. Bu alt meyara görə 5,7 balla 6-cı yerdəyik. 8-ci meyar maliyyə bazarlarının inkişafıdır, maliyyə xidmətlərinin mövcudluğu 5,6 balla qiymətləndirilib ki, bu da həmin kateqoriyada yerimizi 15-ə yüksəldib. Bu meyar üzrə ən az balı səhm bazarının durumuna görə almışıq. 9-cu (texnoloji inkişaf) meyar üzrə də yüksək bal almışıq. 10-cu (bazarın həcmi) meyara görə 34-cü yerdə, 11-ci (biznes fəlsəfəsi) və 12-ci (innovasiya) meyarlarına görə də yüksək balla qiymətləndirilib Azərbaycan”.

“Bir sıra göstəricilər üzrə daha yaxşı bal ala bilərdik”

V.Bayramov bildirir ki, bir sıra meyar və alt meyarlar üzrə daha yüksək göstəricilərə nail olmaq mümkün idi: “Bütövlükdə Azərbaycanın orta balı 4,4-dür və hesab edirəm ki, qiymətləndirmə təqdirəlayiqdir. Kifayət qədər yüksək bal almışıq, birmənalı şəkildə ölkənin imkanlarının genişlənməsi və rəqabətin müdafiəsi baxımından islahatların aparılmasından xəbər verir. Rəqabətlilik indeksi ölkənin rəqabət qabiliyyətini, eyni zamanda mövcud biznez mühitini göstərir. Qonşu ölkələrlə müqayisə etsək, Ermənistan 82-ci, Gürcüstan 77-ci yerdədir. Hətta MDB ölkələri içərisində kifayət qədər rəqabətli görünən Rusiyanın yeri 67, Qazaxıstanın yeri 51-dir. Bildiyiniz kimi, MDB ölkələri içərisində ən yüksək yer Azərbaycanındır”.
Ekspertin sözlərinə görə, bir sıra meyarlar üzrə, məsələn infrastrukturla bağlı Azərbaycanın balı kifayət qədər yükdəkdir: “Bu da onun göstəricisidir ki, bu istiqamətdə son illərdə infrastrukturun inkişafı istiqamətində xeyli ciddi addımlar atılıb. Rəqabətlilik indeksi yalnız bazarda rəqabətin aparılmasını, yaxud rəqabətin formalaşmasını özündə ehtiva etmir, eyni zamanda bazarın həcmi, istehsal olunan məhsulların daxili və xarici bazara çıxarılması üçün infrastrukturun mövcud vəziyyəti, o cümlədən rabitənin inkişafı bura daxildir. O baxımdan bu indeks kifayət qədər çox sayda sektoru əhatə edir. İnfrastrukturun son illər üzrə inkişafı məhz bu meyar üzrə verilən ballardan bəlli olur. Amma bəzi meyarlar var ki, həmin istiqamətlər üzrə islahatların aparılmasına ehtiyac var. Məsələn, vergi dərəcələrinə yenidən baxılması və azaldılması, kiçik və orta sahibkarlığa müəyyən  vergi güzəştlərinin verilməsi, eləcə də dövlət müdaxiləsinin azaldılması, xüsusən biznes sektoruna dövlət müdaxiləsinin minimumlaşdırılması məsələsidir ki, qiymətləndirmədən də məlum olur ki, bu istiqamətlərdə islahatların davam etdirilməsinə ehtiyac var. Qiymətləndirmənin təhlili göstərir ki, Azərbaycan son illər elektron hökumətin formalaşması istiqamətində xeyli işlər görüb. Qeydiyyatın elektronlaşması, qeydiyyat üzrə müddətin, demək olar ki, Avropa standartlarına çatdırılması, qeydiyyat xərclərinin minimuma endirilməsi, eləcə də şirkət və müəssisələrin hesabatlarının elektronlaşdırılması, xüsusilə vergi və gömrük sistemində müəyyən prosedurların elektronlaşdırılması birmənalı şəkildə ölkədə elektron hökumət istiqamətində aparılan işlərin səmərəliliyindən xəbər verir. Ümumilikdə 1-ci və 7-ci meyarlar üzrə islahatların davam etdirilməsinə ciddi ehtiyac var”.

Həbibə ABDULLA/AZADİNFORM

Leave A Comment