İRANIN NEFTİNİ QANUNSUZ SATMASI AZƏRBAYCANA DA TƏHLÜKƏDİR

İRANIN NEFTİNİ QANUNSUZ SATMASI AZƏRBAYCANA DA TƏHLÜKƏDİR

Ekspertlərə görə, Bakının İran neftini satmaq üçün geniş imkana malik olmadığı da bildirilir

İranın sanksiyaya məruz qalan neftini satmaq üçün Azərbaycandan vasitəçi kimi istifadə etməsi bu ölkə üçün də təhlükə törədir. Ekspertlərin sözlərinə görə, bu, Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə nəticələnə bilər.

Qeyd edək ki, İran Qərbin neft satışı ilə bağlı tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün müxtəlif yollara əl atır. Variantlardan biri offşor zonalarda qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə İran neftini Azərbaycan nefti adı altında dünya bazarlarına çıxarmaqdır. Bu barədə məlumat Bakıdakı enerji çevrələrindən daxil olub.

Bildirilir ki, İran Qərbin tətbiq etdiyi neft sanksiyalarının öz təsirini göstərməyə başlamasından sonra Azərbaycanla neçə vaxtdır gərgin olan münasibətlərini yumşaltmağı qərara alıb. Məqsəd sanksiyalardan yayınmaq üçün Azərbaycan ərazisində fəaliyyət göstərən şirkətlərdən istifadə etməkdir. Məlumata görə, hazırda İran və Azərbaycandan olan işgüzar çevrələr neft satışına dair birgə mexanizmləri müzakirə edirlər.
Söhbət elə mexanizmlərin tapılmasından gedir ki, bir tərəfdən İran neftinin Azərbaycan şirkətləri vasitəsilə satılması hüquqi baxımdan qeyri-qanuni olmasın, digər tərəfdən, satılan neftin pulunu banklar üzərindən ödəmək mümkün olsun.
Mənbənin məlumatına görə, bu məqsədlə İran banklarından birində Azərbaycan banklarının manatla müxbir hesabının yaradılması variantı nəzərdən keçirilir. Məlum olduğu kimi, İran banklarının SWIFT beynəlxalq banklararası şəbəkəsinə girişi qadağan olunub, nəticədə İran xaricə satdığı neftin pulunu banklar vasitəsilə geri almaqda böyük çətinliklərlə üzləşib.
Mənbənin ehtimalına görə, İran neftinin Azərbaycan nefti adı altında dünya bazarlarına çıxarılması üçün mexanizmlərin tapılması mümkündür. Belə ki, neft kağız üzərində offşor zonalarda qeydiyyatdan keçmiş şirkətlərdən ibarət dolaşıq şəbəkə vasitəsilə bazarlara çıxarıla, bu zaman neftin mənşəyi kimi Azərbaycan göstərilə bilər. Digər mexanizm isə neftin əvvəlcə İranın sanksiyaların təsirindən kənarda olan özəl şirkətlərinə satılmasını, daha sonra həmin şirkətlərin qanuni şəkildə Azərbaycan və digər ölkələrdə fəaliyyət göstərən şirkətlər vasitəsilə onu potensial müştəriyə satmaqdır.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, İranın öz neftini qonşu ölkələrin nefti adı altında satmaq istəyi yeni deyil: “İran çalışır ki, neftinin dünya bazarına çıxarılmasında ya Azərbaycanın, ya Türkmənistanın adından istifadə etsin. Müxtəlif dövrlərdə sanksiyalar tətbiq edilən zaman İraq da neftini qonşu ölkələrin adı altında bazara çıxarırdı və neftin satışını reallaşdıra bilirdi. İranın da belə bir istəyinin olması başa düşüləndir. Çünki İran bütün hallarda başa düşür ki, sanksiyaların ölkə iqtisadiyyatına kifayət qədər ciddi ziyanı olacaq. Bu, İranın daxilində kifayət qədər iğtişaşlara gətirib çıxara bilər ki, İran üçün arzuolunan deyil. Ona görə birmənalı şəkildə İran öz neftini dünya bazarına çıxarmasını davam etməklə neft satışından gəlirlərinin səviyyəsini qoruyub saxlamağa çalışır”. Ekspertin sözlərinə görə, burada problem Azərbaycanın mövqeyi ilə bağlıdır. O, qeyd edir ki, Azərbaycan İranla bu anlaşmaya gedərsə, Azərbaycan da beynəlxalq sanksiya ilə üzləşə bilər: “Azərbaycan İrana beynəlxalq sanksiyalardan yayınmaqda yardım edərsə, beynəlxalq razılaşma olmadan digər ölkənin məhsulunu qaydalara zidd olaraq dünya bazarına çıxararsa, təbii ki, beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalı var”.
İqtisadçı-alim Qubad İbadoğlu isə qeyd edir ki, Azərbaycan İran neftini satmaq üçün geniş imkana malik deyil: “Azərbaycan öz neftini dünya bazarına çıxarmaq üçün indiki halda, demək olar ki, mövcud infrastrukturdan tam gücü ilə istifadə edir. Ona görə hesab edirəm ki, Azərbaycanın mövcud infrastrukturu imkan verməz İran neftini dünya bazarına çıxarmağa. Həm də bunu həyata keçirmək asan deyil, bu, ciddi əməliyyatdır. Düşünürəm ki, müəyyən mənada kiçik həcmdə və qısa müddətə bu satış mümkün ola bilər”.
Ekspert Ərəstun Oruclu isə bildirir ki, mövcud situasiya risklidir və ciddi satışdan söhbət gedə bilməz: “Güman etmirəm ki, enerji bazarı o qədər pərakəndədir ki, orada bu cür əməliyyatları böyük həcmdə keçirmək olar. Müəyyən miqdarda hansısa başqa qondarma şirkətlər vasitəsi ilə neftin satışı mümkündür. Ancaq nəzərə almaq lazımdır ki, İrana qarşı tətbiq edilən ciddi və beynəlxalq sanksiyadır. Hətta ən nüfuzlu neft ticarəti ilə məşğul olan şirkətlər bu məsələdə özünü yandıra bilər. Üzərinə embarqo qoyulmuş neft ciddi həcmdə satıla bilməz. Onu az miqdarda müxtəlif vasitələrlə satmaq olar. Bu da uzaqbaşı 10-15 faiz həcmində ola bilər”.
Ekspert deyir ki, burada Azərbaycan şirkətlərinin iştirakı da mümkündür: “Neft biznesi dünyada çox qapalı biznesdir və orada şəffaflıq demək olar ki, yoxdur. Azərbaycan neftinin satışı ilə bağlı bu günədək heç bir rəsmi satış sənədində həqiqi, obyektiv məlumata rast gəlmək mümkün deyil. Başqa ölkələrdə də belədir. Söhbət burada böyük puldan gedir. Bu səbəbdən orada müxtəlif yollarla çalışırlar ki, embarqolara da, sanksiyalara da qarşı getsinlər və müxtəlif yollarla həmin böyük vəsaitləri əldə etsinlər”.
Qeyd edək ki, bir müddət əvvəl azərbaycanlı şairlər Şəhriyar Hacızadə və Fərid Hüseyn İranda həbsdən azad ediləndə İranın Azərbaycanla razılaşmaya getdiyi barədə fikirlər səslənirdi. Ekspertlərin fikrincə, casusluqda ittiham edilərək İranda dörd ay həbsdə saxlanılan şairlərin azadlığa buraxılması müqabilində Azərbaycan hansısa razılaşmaya gedib. Burada bir neçə variantdan danışan ekspertlər variantlardan biri kimi neft satışını önə çəkirlər. Yəni ehtimallara görə, Azərbaycan İran neftinin satılmasında Qərbə vasitəçi olacaq.
Xatırladaq ki, bir müdət əvvəl İranın Neft İxracatçıları İttifaqının rəhbəri Həsən Xosrocerdi ölkənin özəl şirkətlərinin Qərbin sanksiyalarından yayınaraq ilk nefti xarici alıcılara çatdırmağa nail olduğunu bildirib.

R.RƏFİYEVA

Leave A Comment