AVROPADA BÖHRAN: SƏBƏBLƏR VƏ NƏTİCƏLƏR

AVROPADA BÖHRAN: SƏBƏBLƏR VƏ NƏTİCƏLƏR

Son bir neçə ildə Avropa Birliyi sanki varlığını və dayanıqlığını sınayırmış kimi çox ciddi iqtisadi problemlərlə üzləşir. Məhz bu səbəbdəndir ki, ötən bir neçə ildə dünya iqtisadiyyatı 90-cı illərdən  bəri davam edən daimi yüksəlişin qürub çağını yaşayır. İnsanları isə düşündürən odur ki, dünya iqtisadiyyatının mərkəzi və müasir texnoloji üstünlüklərin beşiyi, həmçinin mövcud olan ən mükəmməl iqtisadi və idarəetmə modelinin tətbiq edildiyi avropa nə üçün hazırki resesiya dövrünü yaşayır.

Böhranın yaranma səbəbləri araşdırılarkən kompleks yanaşma vacibdir. İlk olaraq 2006-2007-ci illərdə ABŞ-da daşınmaz əmlak bazarının çökməsi ilə 2008-ci ildə dünyanı əhatə edən maliyyə böhranı tətikləyici amil olsa da, bura 1980-ci illərdən daha da sürətlənmiş çoxtərəfli inteqrasiya, dünya ölkələrini bir-biri ilə bağlayan xarici investisiyaların yayılması, yüksək texnoloji inkişaf sayəsində əmtəə və xidmətlərin ölkələr arası bölgüsü, ixtisaslaşma kimi daha mürəkkəb səbəbləri də aid etmək lazımdır. Ümumiyyətlə iqtisadi inteqrasiya genişləndikcə baş verən böhranların əhatə dairəsi də artır. Çünki, əmtəə və xidmətlərin daha çox ixrac məqsədli itehsalı və maliyyə qaynaqlarının xarici mənbələrdən təmin edilməsi, həmçinin əmək ehtiyatlarının yerdəyişməsi nəticəsində yaranmış zəncirvari halqalardan birində baş verən problemlər digərlərinə də tezliklə yayılır. 2008-ci il iqtisadi böhranının yaratdığı durğunluq səbəbindən AB-nin zəif halqası olan Yunanıstanda dövlət borclarının sürətlə artması (2011-ci ildə Yunanıstan dövlət borclarının miqdarı 351.5 mlrd. avro olub ki, bu da ÜDM ilə müqayisədə 157.7% deməkdir.) və iqtisadi daralma səbəbindən büdcə kəsirinin böyüməsi ölkəni iflasın kənarına gətirdi. Məhz Yunanıstan böhranı AB-nin hazırda yaşamaqda olduğu maliyyə böhranının ilk işartısı idi. Hansı ki, ilkin olaraq problemin həllinə  biganə münasibət olmasa idi bu günkü ağır fəsadlar da yaranmazdı. Çünki, bəhs etdiyimiz ölkə AB-iqtisadiyyatının yalnız 2.5%-nə sahibdir ki, bu da kifayət qədər kiçik göstəricidir. AB-nin hazırkı vəziyyətini zamanında müalicə olunmayan yaranın qanqrenaya çevrilməsinə bənzətmək olar. Bu isə o demək deyil ki, məsələnin həll yolu Yunanıstanın avrozonadan çıxarılmasıdır. Hər hansı bir qərarın verilməsi üçun ümumi mənzərəyə nəzər salmaq vacibdir. Hazırda isə görünən odur ki, avrozonanın digər ölkələrini də ağuşuna alan iqtisadi böhranlar yalnız yunan mənşəli olmayıb, hər birində özünəxas xüsusiyyətlər mövcuddur. Günü-gündən genişlənən böhran dalğası Portuqaliya, İrladiya kimi kiçik ölkələrlə yanaşı İtaliya və İspaniya kimi böyük iqtisadiyyatları da öz ağuşuna almaqdadır. 2012-ci ilin nəticələri ilə birlikdə AB iqtisadiyyatının 35%-i ya mövcud böhranın içində ya da iqtisadi depresiyaya çox yaxındır.Ümumilikdə isə AB iqtisadiyyatı ilə yanaşı dünya ölkələri də potensial maliyyə böhranı qurbanları ola bilər.İndi isə, qısa da olsa böhranın ayrı-ayrı ölkələrdə hansı səbəblərdən qaynaqlandığına nəzər salaq.

Yunanıstan 2001-ci ildə AB-nə qəbul edildikdən sonra ciddi iqtisadi islahatlar həyata keçirmək məcburiyyətində idi. Lakin uzun müddət keçməsinə baxmayaraq ölkədə islahatların həyata keçirilməsi heç cür tamamlanmadı və xarici borclanma hesabına təmin edilən maliyyə vəsaitlərinin doğru istifadə edilməməsi dünya böhranının yaratdığı problemlərlə də birləşərək ölkəni hazırki böhranın içinə sürüklədi. Aparılan siyasətin nəticəsində iqtisadi böyümənin xarici borc mənşəli olması sonda Yunanıstanın orta və uzunmüddətli borclarının sürətli artmasına səbəb oldu ki, böhranın da görünən üzü  məhz ölkənin bu borcları qaytara bilmək imkanın olmamasıdır. Əgər 2000-ci ildə ölkənin borcu 150 milyard avro idisə keçən on ildə bu göstərici iki dəfədən çox artaraq 351 milyard avroya çatıb.Müqayisə dövrü ərzində ÜDM-də artımın 1.5 dəfə olması vəziyyətin ağırlığını ortaya qoyur.Həmcinin bu müddət ərzində vergilərin ÜDM-dəki payı 21.8%-dən  2009-cu ildə 19%-ə qədər azalıb ki, bu da AB-də ən aşağı göstəricidir. Böhranı yaradan səbəblərə aşağıdakılarıda əlavə etmək doğru olar:

-əhalinin artım dinamikasını nəzərə alaraq aparılmalı olan sosial yonlü islahatının daim gecikdirilməsi

-100 milyard avro miqdarında AB mənşəli olan maliyyə dəstəyini düzgün istifadə edilməməsi(bu məbləğ AB-nin üzv dövlətlərə  göstərdiyi ən böyük yardımdır) və bununla yanaşı ortaya çıxan korrupsiya halları

-eyni zamanda dünya maliyyə böhranının nəticəsində Yunanıstanın gəlirlərində ciddi səviyyədə azalma baş verdi.Turizm gəlirlərində azalma 2009-cu ildə 15%-dən artıq oldu. Lakin ən çox təsirlənən sahə transport sektoru oldu. Dünyadakı gəmilərin 20%-nə, dəniz daşınmalarının isə əsas hissəsinə  sahib olan Yunanıstan dünya böhranı ərəfəsində ticarətin azalması səbəbi ilə 30%-ə qədər itki ilə üzləşdi.

Yuxarıda sadaladığımız problemlər nəticəsində Yunanıstan iqtisadiyyatı 2006-cı ildə 5.2% boyümədən 2010-cu ildə 4.5% kiçilməyə qədər gerilədi. Eyni zamanda, büdcə kəsirinin ÜDM-ə olan nisbəti 2006-cı ildəki 5.7%-dən 2009-cu ildə 15.4%-ə yeksəldi ki, bu da AB-ə daxil olan ölkələrin əməl etməli olduğu Maastricht kriteriyalarından 5 dəfə çoxdur. Xatırladaq ki, Maastricht kriteriyalarına görə iqtisadi birliyə daxil olan ölkələrin büdcə kəsirinin ÜDM-dəki payı 3%-dən artıq olmamalıdır.Yeri gəlmişkən, Yunanıstan hökumətinin 2009-cu ildə bəhs etdiyimiz göstəricini 12.7% faiz olduğunu açıqladıqdan sonra əslində bu rəqəmin 15.4% olduğu ortaya çıxıb ki, bu da AB və Yunanıstan arasında etibarın sarsılmasına səbəb olub.

Yunanıstanı maliyyə böhranından xilas etmək üçün AB, BVF və AMB tərəfindən bir çox dəstək proqramları hazırlanıb və xüsusi şərtlər daxilində həyata keçirilməsi nəzərdə tutulub. Görülən tədbirlərə büdcə kəsirinin qənaət(kəmər sıxma) yolu ilə azaldılması kimi ağır sosial problemlərə yol aça biləcək ciddi tələblər də daxil edilmişdir ki, nəticədə hökumətlərin sosial dayaqları zəifləmişdir. Həyata keçirilmiş tədbirləri aşagıdakı kimi qeyd etmək olar.

-ƏDV səviyyəsi 21%-ə artırılmış

-sosial təyinatlı yardımlar 30%-ə qədər azaldılmış

-pensiyyaçıların maaşları dondurulmuş

-yanacaq, siqaret və alkoqollu içkilərə vergi faizləri artırılmış

-vergidən yayınmaların qarşısının alınması və daha çox qazananlarda çox vergi tutmaq məqsədi ilə yeni vergi qanunu hökumət tərəfindən qəbul edilmişdir

-Yunanıstanın maliyyə böhranından çıxarılması və rəqabətliliyin yenidən pərpa edilməsi məqsədi ilə AB və BVF üç il müddətində yunan iqtisadiyyatına 110 milyard avro məbləğində yardım edilməsi qərarına gəlib. Əsas məqsəd isə yaranmış böhranın digər həssas AB ölkələrinə yayılmasının qarşısın almaq olmuşdur ki, bu gecikmiş addım hesab oluna bilər. Çünki bu qərar qəbul olunan zaman artıq Portuqaliya, İspaniya, İtaliya və İrlandiya böhran sferasına daxil olmuşdu.

Sonda oda məlum olub ki, Yunanıstanda AMB-nin dəstəyi ilə banklara 100 milyard avro gizli yardım edilib.Yardımın gizli olmasına səbəb isə vəziyyətin nə qədər çətin olduğu etiraf edilirsə iqtisadi tempin zəifləməsi və maliyyə bazarlarında ölkəyə məxsus aktivlərin dəyərini itirməsi də bir o qədər sürətlənir ki, bu da arzuedilməzdir.

İrlandiyada 1990-cı illərdən dünya böranının baş verdiyi 2008-ci ilədək daim sosial rifahın artması ilə diqqəti cəlb edirdi. İqtisadi vəziyyətin daim bu yöndə inkişaf edəcəyinə olan inam əmlak qiymətlərinin fantastik yüksəlməsinə və nəticədə spekulyativ əmlak bazarının formalaşmasına səbəb olmuşdu. 4.5 milyon əhalisi olan İrlandiyada hazırda 300min heç kimin yaşamadığı mənzil var ki, bu da yaranmış qiymət ucuzlaşmasının və inşaat sektorunun çökməsinin əsas səbəbidir. İqtisadi böyümənin əsas hisəsini inşaat və maliyyə sektoru vasitəsi ilə təmin edən ölkədə 2008-ci il böhranı səbəbindən mənzil qiymətləri 50-60% azaldı və bu sektora külli miqdarda kreditlər verən banklar iflas təhlükəsi ilə üzləşdi.Yaranmış vəziyyətdə bankları xilas etmək məqsədi ilə hökumət 45 milyard avro dəyərində dəstək proqramı həyata keçirdi ki, nəticədə 2009-cu il üçün 14.3% olan büdcə kəsirinin ÜDM-ə  nisbəti 2010-cu ildə 32.4%-ə qədər artdı. Ümumiyyətlə, mütəxəssislər İrlandiya və ABŞ-dakı böhranları bir-birinə bənzədir. Belə ki, hər iki ölkədə istehsalçılar və istehlakçılar əmlak qiymətlərinin artacağına inanırdılar, həmçinin bu sektora aşağı faizlərlə vəsaitlər daxil olmuşdu. Eyni zamanda, bankların yarana biləcək riskdən qorunması üçün ciddi addımlar atılmırdı. İrlandiyanı böhrana çəkən prosesləri aşağıdakı kimi sıralamaq olar.

-dünya böhranından sonra əmlak bazarında qiymətlər sürətlə ucuzlaşdı

-dövlət sektorunda sürətlə həyata keçirilən qənaət tədbirlərinin bazarlarda yaratdığı panika

-yaranmış vəziyyətdə işdənçıxarmaların çoxluğu

-vergi gəlirlərinin azalması

Uzun müddət AB və BVF-nun təkliflərini qəbul etməyən İrlandiya 28 fevral 2010-cu ildə yardım almaq üçün müraciət edib ki, nəticədə AB və BVF tərəfindən 85 milyard avro məbləğində yardım edilməsi qərarı verilib.

Portuqaliyada ölkənin yaşamaqda olduğu böhrana əsas səbəb büdcə kəsirinin çoxluğu, bank sektorunun həssaslığı və 2009-cu ildə baş verən iqtisadi kiçilməni hesab etmək olar. Büdcə kəsirinin ÜDM-ə olan nisbəti 2009-cu ildə 10.1% -ə , dövlət borcunun ÜDM-ə olan nisbəti isə 93%-ə(2010-cu il) qədər artıb.Yaranmış böhrandan çıxış yolunu büdcə kəsirinin azaldılmasında görən hökumət 2013-ilədək dövrü əhatə edən və büdcə kəsinin ÜDM-ə olan nisbətini 2%-ə qədər azaltmağı planlayan qənət proqramı hazırlayıb ki, proqramda aşağıdakılar nəzərdə tutulurdu.

-pensiyaların dondurulması

-1500 avrodan artıq olan maaşlarda 5-10% -ə qədər ixtisar

-təhsil, səhiyyə və yerli idarəetmə orqanlarının büdcələrində ciddi azaltmalar

Lakin, hazırlanmış qənaət planı parlament tərəfindən qəbul edilmədiyi üçün hökumət rəhbəri Jose Sokrates istefa verdi ki, nəticədə siyasi sabitlik pozuldu və iqtisadi gərginlik daha da artdı. Baş verənlərin fonunda beynəlxalq kredit dərəcələndirmə quruluşları Portuqaliyyanın kredit ödəmə qabiliyyətini aşağı saldı.

Sonda böhranın idarə edilməsinin çətinliyi, dövlət borcunun çoxluğu və iqtisadi durğunluq məcbur etmişdir ki, Portuqaliya hökuməti yardım üçün AB-ə müraciət etsin. AB, BVF və Portuqaliya arasında aparılan danışıqlardan sonra 78 milyard avro məbləğində xarici yardım alıması haqqında razılığa gəlinib. Görülən tədbirlər nəticəsində büdcə kəsirinin 2013-cü ildə 3%-ə endirilməsi nəzərdə tutulub. Qərar 17 may 2011-ci il AB iqtisadi və maliyyə nazirlərinin təsdiqi ilə qüvvəyə minib.

Haqqında danışdığımız ölkələrin AB daxilində böyük olmayan iqtisadi tutuma sahib olması bu ölkələrdə baş verən böhranların iqtisadi birliyi sarsıtma təhlükəsinin olmadığını göstərir.Lakin böhranın areasının İspaniya və İtaliya kimi ölkələrə yerdəyişməsi problemi daha da ağırlaşdırıb.Eyni zamanda AMB faiz səviyyəsini 0.25 dərəcə artıraraq 1.25-ə çatdırması bu ölkələrin ehtiyacı olduğu ucuz kreditlərə çıxış imkanlarını azaldıb.

İspaniyada son 30 ildə sürətlə inkişaf edib və varlanıb. 40 il monarxiya idarəetməsi olan İspaniya 1975-ci il general Frankonun ölməsindən sonra demokratiya yoluna qədəm qoydu və Avropa gömrük birliyinə daxil edildi. O vaxtdan etibarən, avropa standartlarına çatmaq üçün sürətli və daimi inkişaf təmin edilib. 2011-ci ildə ölkənin ÜDM 1.5 trilyon, adambaşına düşən milli gəlir isə 31 min avroya çatıb. Hazırda bu ölkə AB iqtisadiyyatının 13%-ə nəzarət edir. Lakin iqtisadi artımın daim sürətlənəcəyi və gəlirlərin artacağı düşüncəsi ilə daha çox xərclənib ki, nəticədə dövlət borclarının miqdarı ÜDM-in 90%-ə büdcə kəsiri isə 10%-ə çatıb. Lakin İspaniya böhranının əsas səbəbi işsizlikdir. İşsizliyin səviyyəsi 25%-ə yüksəlib ki, bu da AB-də ən ağır göstəricidir. Həmçinin İspaniya üçün xarakterik olan cəhət ondan ibarətdir ki, bu ölkənin ümumilikdə 1.2 trilyon avro olan xarici borclarının əsas hissəsi ABŞ mənşəlidir və borcların geri qaytarılmasında yaranan problemlər onsuz da çətin vəziyyətdə olan ABŞ iqtisadiyyatına zərbə ola bilər.

Bu ilin iyul ayında ölkənin 10 il müddətinə ödəməli olduğu obliqasiyaların satışında borclanma faizi ən bahalı həddə 7%-ə yüksəldi. Baş verənlərin ardınca beynəlxalq kredit reytin agentlikləri İspaniyanın 18 bankının dərəcələrin 1 və 4 pillə arasında aşağı saldı. İspaniyanın AB-ə yardım məqsədi ilə müraciət edəcəyi əvvəlcədən proqnozlaşdırılırdı ki, məhz bu amil bardağı daşıran son damla oldu. 25 iyul 2012-ci ildə rəsmi Mardrid AB-ə müraciət etdi. AB və BVF-nin hazırladığı tədbirlər paketinin qəbul edilməsi şərti ilə ölkə banklarının xilasına yönələn EFSF və ESM  vasitəsi ilə 100 milyard avro məbləğində yardım ayrılmasına razılıq verilib.Verilən dəstəyin müqabilində İspaniya dövlət xərclərini 2 il üçün 30 milyard avro azaldacaq, vergiləri artırmaq yolu ilə isə 35 milyard əlavə büdcə daxilolması yaradacaq. Nəticə olaraq isə, 2014-cü ildə büdcə kəsirinin ÜDM-ə olan nisbəti 3%-ə enməlidir .Kəmərsıxma tədbirləri həyata keçirilərkən ölkə kralı Juan Karlosun dediyi kimi İspaniyada fədakarlıq göstərməyən kimsə qalmayacaq. Həmçinin ölkənin dəmiryolları və hava yollarının təcili özəlləşdirilməsidə Bürüsselin şərtləri arasındadır.

İtaliyanı böhrana sürükləyən əsas amil dövlət borcunun çoxluğudur. Bu ölkənin borcu 1.9 trilyon avroya yüksəlmişdir ki, göstəricinin ÜDM-ə olan nisbəti isə 119%-ə çatıb və ya başqa sözlə, hazırda İtaliya dünyada borc yükünə görə 3-cü ölkədir. Böhranı dərinləşdirən əsas amil isə iqtisadi artım tempinin günü-gündən zəifləməsidir. Əgər 2011-ci ildə ölkənin iqtisadi böyüməsi 1.3% olmuşdusa, BVF-nin hesablamalarına görə bu il analoji göstərici 1%-in altında olacaq. Lakin, 2012-ci ilin 3-cü rübbündə iqtisadiyyatın 0.8% kiçilməsi baş verdi ki, bu da vəziyyətin fərz ediləndən də ağır olduğuna işarədir. Digər tərəfdən İtaliya AB-nin 3-cü ən böyük iqtisadiyyatıdır və başqa böhranlı ölkələrdən fərqli olaraq bu iqtisadiyyat çökərsə beynəlxalq investisiya bankı Goldman Sachs Asset Management rəhbəri O”Neilin dili ilə desək vəziyyətə nəinki avropa, heç dünyanın özü belə vəziyyətə nəzarət edə bilməz. O”Neilin fikrinə əlavə üçün qeyd edək ki, İtaliyanın iflası AB-ə 700 milyard avroya başa gələ bilər. Məhz buna görə hələ böhranın ilk vaxtlarında eks baş nazir Berluskoni Avropanı  səfərbər olmağa dəvət edirdi.

Hazırki vəziyyətdə İtaliyanın avantajı ondan ibarətdir ki, ümumi borcda xarici mənşəli vəsaitlərin həcmi azdır, borcların ödənmə müddəti çoxdur və inşaat sektorunda hər hansı bir balon formalaşmayıb. Lakin investorların narahatlığı və konkret xilas etmə planının olmaması İtalyanın börclanma faizini artırır ki, nəticədə borc stokunda süni böyümə baş verir. Hazırda hökumət büdcə azalmalarını hədəfləyən qənaətedici tədbirlərin həyata kecirilməsi, pensiya yaş həddinin artırılması, vergilərin artırılması və dövlətə aid olan mülklərin satışa çıxarılması kimi tədbirləri həyata kecirir. Bu tədbirlərin həyata keçirilməsi AB tərəfindən də dəstəklənməkdədir. Buna baxmayaraq, iqtisadi tempin son hesablamalara görə 2012-ci ildə 2.4% kiciləcəyi  proqnozu vəziyyətin daha da gərginləşəcəyinə işarədir.

Baş verən maliyyə böhranının kökündə həddən artıq borclanma dayandığı üçün hazırda AB-nin həyata keçirdiyi tədbirlər əsasən dövlət xərclərinin azaldılması və xüsusi maliyyə yardım paketləri ilə PİİGS ölkələrini defolta sürükləyəcək kataklizmaların qarşısın almağa istiqamətlənib. Xilas etmə reseptinin müxtəlif dövlətlərə oxşar formada tətbiqi doğru deyildir. Çünki böhranı yaradan səbəb bu zaman heç də aradan qaldırılmır. Məsələn, İspaniya böhranının səbəbi kütləvi işsizlikdir və AB bu ölkəyə yardımı büdcənin azaldılması-yəni kəmər sıxma proqramlarının həyata keçirilməsi şərti ilə təklif edir. Nəticədə əhalinin alıcılıq qabiliyyəti zəifləyib, istehsal azalıb, sonda isə iş yerləri sürətlə bağlanıb ki, 19% olan işsizlik səviyyəsi 2012-ci ildə 25%-ə yüksəlib.Və yaxud digər bir tələb vergilərin artırılması yolu ilə büdcə daxilolmalarının artırılmasıdır. Hazırki durğun iqtisadiyyatda investorlar onsuz da iş görmək və kapital qoymaqdan çəkinir ki, vergilərin artması halında təşəbbüskarlıq daha da aşağı düşür. Proses sonda vergitutma mənbəyinin azalması ilə yanaşı işsizlik və iqtisadi geriləmə kimi daha fəsadlı nəticələrə gətirəcək.Üçüncü problem isə AB idarəetməsinin vahid orqanizm kimi fəaliyyət göstərə bilməməsi və bu zaman gecikmiş addımların efektivliyinin azlığıdır. Məsələn, uzun zamandır ki, AB üzvləri bankların AMB-ə tabe edilməsini müzakirə edir, lakin razılığa gəlmək mümkün olmur.Çünki, hakimiyyətlər  və banklar əllərində olan səlahiyyətlərin azalmasına asanlıqla razı olmurlar.Və yaxud da Almaniya AB-nin ən güclü iqtisadiyyatı kimi böhranın həllində daha aktiv rol almaq üçün ölkə konstitusiya məhkəməsinin icazəsini almalı oldu ki, bu da öz növbəsində gecikmələrə səbəb olur.Digər tərəfdən hər hansı bir avropa ölkəsində böhran baş verirsə hökumət AB-ə yardım üçün müraciət etməyincə birlik heç bir tədbir görə bilmir. Hökumətlər isə AB-nin hər hansı şərtlərlə yardım təklif edəcəyini bildiyi üçün son ana qədər dayanmaq və siyasi mövqeyini sarsıdacaq təbirlər paketindən uzaq durmaq istəyir. Bu zaman AB-də vəziyyətə daha tez müdaxilə etmə mexanizmi yoxdur. Bu problemlərin olacağı ilə bağlı bir çox iqtisadçılar hələ avro birlik yaradılarkən həyacan təbili çalırdılar.O cümlədən, Kruqman hesab edir ki, AB-də valyuta birliyi yaradılsa da fiskal birlik olmadığı üçün ciddi problemlərin olacağı mütləqdir. Çünki, AB-nin Optimal Valyuta Birliyi olması üçün lazımi siyasi zəminin olmadığı məlum idi. Məsələni mürəkkəbləşdirən cəhət isə ayrı-ayrı millətlərin, gündəlik yaşam tərzinin, siyasi, sosial və iqtisadi vərdişlərin qısa zaman kəsiyində real inteqrasiyasının qeyri-mümkün olmasıdır.

Sadalanan problemlərin olmasına baxmayaraq AB həm mövcud böhrandan xilas olmaq və həm də gələcəkdə qarşıya çıxacaq oxşar vəziyyətlərdə tətbiq ediləcək xüsusi mexanizmlər formalaşdırır. Qısaca olaraq bu mexanizmlər haqqında məlumat verməkdə fayda var.

1.Ödəmələr balansı fonu(Balance of Payments Facility). Ümumi büdcəsi 50 milyard avro olan fondun yaradılmasında əsas məqsəd avrozonaya daxil olmayan 10 AB ölkəsinin ödəniş qabiliyyətinin balanslaşdırılmasıdır. Fondun maliyyə mənbəyi AB Komisyası, AB büdcəsi və 27 üzv dövlətin zəmanəti altında istiqrazların satılmasından əldə olunan vəsaitlərdir.

2.Kredit Hovuzu(Pooled Loans). Fond Yunanıstana kredit təklifi üçün yaradılıb. Avrozona ölkələrinin Avropa Komisyası vasitəsi ilə 80 milyard avro və BVF-nin 30 milyard avro ödəməsi ilə 110 milyard avro məbləğində formalaşdırılıb.

3.Avropa Maliyyə Sabitliyi Mexanizmi(European Financial Stability Mechanism-EFSM). Mexanizmin yaradılmasında məqsəd maliyyə problemləri olan AB dövlətlərinə aşağı faizli kredit təklif etməkdir. Çünki, maliyyə problemi ilə üzləşən ölkələr bir qayda olaraq yüksək faizlərlə borc almağa məcbur olur ki, bu da vəziyyəti daha da ağırlaşdırır. Kreditlər AB büdcəsi tərəfindən zəmanət altına alınır və ümumi büdcəsi 60 milyard avrodur.

4.Avropa Maliyyə Sabitliyi Fondu(European Financial Stability Facility-EFSF). Fond 9 may 2010-cu ildə ECOFİN-nin qərarına uyğun olaraq yaradılıb və məqsəd borc problemləri ilə üzləşən avrozona dövlətlərinə müvəqqəti maliyyə dəstəyi göstərmək və birliyin sabitliyini qorumaqdır. Ümumi vəsaitləri 500 milyard avro idi ki, hazırda bu məbləği 2 trilyon avroya çatdırmaq haqqında razılıq əldə edilib. EFSF də EFSM kimi müvəqqəti xarakter daşıyır və hər iki fond da 2013-ilin ortalarından etibarən öz yerini daimi quruluş olan Avropa Sabitlik Mexanizminə(European Stability Mechanism) verəcəkdir.

5.Avropa Sabitlik Mexanizmi(ESM) 2013-cü ildə avrozonaya üzv olan ölkələr tərəfindən yaradılacaq və Luksemburqda fəaliyyət göstərəcəkdir. Qurum maliyyə nazirlərindən ibarət Təhlükəsizlik Komisiyası tərəfindən idarə ediləcək. ESM-in ümumi büdcəsinin 700 milyard avro olacağı planlaşdırılır. Vəsaitin 500 milyardı ehtiyacı olan ölkələrə kredit şəklində veriləcək ki, bu zaman AAA kredit dərəcəsi qorunacaq. Həmçinin qurumun büdcəsinin 80 milyardı nağd, qalan 620 milyardı isə üzv dövlətlərin lazım gəldikdə geri çəkmə şərti ilə ödədikləri vəsaitlərdən formalaşacaq.

Ümumiyyətlə isə, AB-nin sadəcə bir maliyyə və ya iqtisadi böhran deyil, həmçinin uyğunlaşma kimi daha ciddi problemlərinin olduğunu söyləmək doğru olar. Görunən mənzərə isə odur ki, birlik bu çətinliklərin öhdəsindən gələ biləcək imkanları yaratmaqdadır. Çünki, hər bir avropalı başa düşür ki, qloballaşan dünyada daha güclü iqtisadiyyata və siyasi təsirə malik olmaq üçün AB mövcud olan ən ideal qurumdur. Həmçinin, son zamanlarda iqtisadi birinciliyin ABŞ, Avropa və Yaponiyadan Çin, Hindistan, İndoneziya kimi ölkələrə tərəf yerdəyişməsi baş verir ki, bu da rəqabət qabiliyyətinin qorunub saxlanması üçün AB-nin mövcudluğunu vacib edir. AB-nin hazırda yaşadığı böhranları isə yeni yaranmış orqanizmin inkişaf etməsi kimi dəyərləndirmək lazımdır. Əlbətdə ki, bu zaman sıxıntıların olması normaldır.

Sonda avrozonada davam edən maliyyə böhranından çıxmaq üçün aşağıdakı tədbirlərin həyata keçirilməsini təklif edərdik:

-PİİGS ölkələrində böhranı yaradan səbəblərin müxtəlif aspektliliyi nəzərə alınmalı

-dəstək paketləri təklif olunarkən mövcud reallıqlar əsasında tələblər irəli sürülməli

-vahid AB büdcə nəzarət mexanizmi tətbiq edilməli və bu zaman sanksiyalardan istifadə edilməli

-AB üçün ən həssas halqa olan banklara nəzarət təcili olaraq AMB-ə verilməlidir

-dövlət borclarının azaldılması məqsədi ilə həyata keçirilən qənaət tədbirləri zamanı yaşanacaq iqtisadi kiçilmələr nəzərə alınmalı

-yüksək faizlərlə borclanmanın qarşısın almaq məqsədi üçün AB-nin təminatı ilə AMB tərəfindən AAA+ dərəcəsinə uyğun aşağı faizlərlə kreditlərin alınıb ehtiyacı olan ölkələrə ötürülməsi təmin edilməli və bu zaman ölkələrin ayrı-ayrılıqda istiqraz satışı əngəllənməli

-maliyyə problemlərinin həlli ilə yanaşı rəqabətliliyin artırılması üçün tədbirlər görülməli

-əhalinin sürətlə yaşlanması baş verir ki, buna görə də, təcili demoqrafik addımlar atılmalı

-hökumətlər və qurumlararası uyum təmin edilməli(bu zaman milli dəyərlər gözardı edilməməli)

-ən əsas şərt isə AB –dən qopmalara imkan verilməməli(Yunanıstan və digər birindən asılı olmayaraq)

-hər hansı iqtisadi depresiyaların yaşanmaması üçün informasiya yayımı məhdudlaşdırılmalı.

Əgər əsaslı idarəetmə mərkəzləşdirilərsə AB bu günkü dünyanın ən uğurlu inteqrasiya layihəsi olacaq.Və birliyin bu gün yaşamaqda olduğu sıxıntıların həlli məqsədi ilə atmalı olduğu addımlar daha mükəmməl sistemin formalaşmasına səbəb olacaq.

İqisadi və Sosial İnkişaf Mərkəzi

Leave A Comment