Alimin araşdırmasına ayda niyə 13 manat düşür?

Alimin araşdırmasına ayda niyə 13 manat düşür?

Vüqar Bayramov: “Bu tövsiyyələr Ali Attestasiya Komissiyası tərəfindən ilin sonunda yox, əvvəlində verilməlidir”

Hamlet İsaxanlı: “Elə elmi institutlar var ki, orada 300 adam işləyir. Ancaq bu qədər adamın sırasında 15 yaxşı alim ancaq olar”

2013-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentdə mübahisə yaranıb. Milli Məclisin (MM) 6 komitəsinin birgə iclasında maliyyə naziri Samir Şərifov Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynovun açıqlamasına öz etirazını bildirib.

Belə ki, Komissiya sədrinin müavini büdcədən elm sahəsində ayrılan vəsaitin azlığından şikayətlənib. V.Hüseynov qeyd edib ki, bir alimin dissertasiya araşdırması üçün ayda 13 manat vəsait düşür. Samir Şərifov isə onun çıxışına etiraz edib: “Sən dövlət işçisisən, sənin işin büdcə layihəsini müdafiə etməkdir. Əgər təklifin varsa, Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə müraciət etməliydin”. V.Hüseynov isə dəfələrlə bu cür müraciətlər olunduğunu, lakin heç bir nəticə vermədiyini qeyd edib.

İqtisadçı-ekspert Vüqar Bayramov büdcədən ayrılan vəsaitin az olması ilə razılaşsa da, mübahisədə Samir Şərifovun haqlı olduğunu deyib. Onun sözlərinə görə, büdcənin müzakirəsi bütöv il ərzində aparılır. İlin əvvəlindən başlayaraq uyğun qurumlar öz tövsiyyə və təkliflərini Maliyyə Nazirliyinə təqdim edirlər. Nazirlik də həmin tövsiyyələr əsasında növbəti ilin büdcəsini tərtib edir. Odur ki, maliyyə nazirinin sözündə böyük həqiqət vardı ki, Ali Attestasiya Komissiyasının sədr müavini büdcə ilə bağlı təkliflərini parlamentdə deyil, layihə Milli Məclisdə müzakirə edilməzdən əvvəl təqdim etməli idi ki, elmlə bağlı tövsiyyələr də büdcə layihəsində yer ala bilsin.

Elmə ayrılan vəsaitin doğrudan da çox az olduğunu deyən V.Bayramov bildirib ki, təhsil xərclərinin bir qismi elmi maliyyələşdirmə hesab olunsa da, bu vəsait tam şəkildə elmə ayrılan vəsait hesab oluna bilməz: “Digər ölkələrlə müqayisədə Azərbaycanda elmə qarşı maliyyə biganəliyi var. Bu da təbii olaraq, elmi nailiyyətlərin və innovasiyanın səviyyəsinin aşağı olmasına gətirib çıxarır. Azərbaycanda elmi maliyyələşdirmənin az olması səbəbindən əcnəbi dillərdə çap olunan jurnalların, elmi məqalələrin sayı olduqca azdır. Eyni zamanda Azərbaycanda elmi xərclərin az olması innovativ dəyərlərin də aşağı olmasına gətirib çıxarır. ABŞ-da 10 dolların 7-si innovativ dəyərdir. Azərbaycanda isə innovativ dəyər heç bir faizə də çatmır. Mən də düşünürəm ki, Azərbaycanda elmi xərclərin artırılması məqsədəuyğundur. Və bu maliyyədən də elmi jurnalları xarici dillərə tərcümə edən müəlliflərə vəsait ayrılmalıdır. Elmi-Tədqiqat İnstitutlarına dövlətin diqqəti və qayğısı artırılmalıdır. Amma bütün bu tövsiyyələr Ali Attestasiya Komissiyası tərəfindən ilin sonunda yox, əvvəlində verilməlidir. Yalnız belə olan halda Maliyyə Nazirliyi həmin təklifləri büdcə planlaşdırması zamanı nəzərə ala bilər. Əks halda, həmin tövsiyyələr heç bir halda nəzərə alına bilməz.

“Xəzər” universitetinin təsisçisi, professor Hamlet İsaxanlı da Azərbaycanda elmi xərclərin həddindən artıq aşağı olduğunu deyib. Və o, bu problemin yalnız Azərbaycanda olmadığını da qeyd edib: “Əgər biz Azərbaycanın inkişaf etmiş dövlətlər səviyyəsinə qalxmasını, güclü iqtisadiyyatı, texnologiyası güclü olan bir dövlət olmasını istəyiriksə, o zaman elmə yaxşı fikir verməliyik. Bunun üçün dövlətin elmə qayğı və diqqəti artırılmalıdır. Dünya ölkələrinin əksəriyyətində büdcənin 4 faizə qədəri elmə xərclənir. Azərbaycan bu mənada həmin ölkələrdən xeyli geridədir. Bu gün elmi təşkilatlar çoxdur. Və məhsuldarlıq da çox aşağıdır. Halbuki həmin təşkilatları azaldıb, yaxşılarını seçmək daha məqsədəuyğun olar. Dəqiq desəm, elə elmi institutlar var ki, orada 300 adam işləyir. Ancaq bu qədər adamın sırasında 15 yaxşı alim ancaq olar. Hesab edirəm ki, bu məsələ həll olunsa, problem müəyyən mənada öz həllini tapar. Yəni dövlət layiq olmayan adamları ixtisar etsə, yaxşılara da yaxşı pul qalar”.

H.İsaxanlının sözlərinə görə, keçmiş sovetlər birliyinə daxil olan ölkələrin hamısında elmə qarşı biganəlik, analoji vəziyyət var: “Bu tək bizim problemimiz deyil. SSRİ-nin tərkibində olan dövlətlərin hamısında elmə ayrılan vəsait azalıb. Çünki o qədər problem var ki, elm yaddan çıxıb. Bu ölkələrin hər birində elmin vacibliyi sözdə deyilir. İşə gələndə isə ortada heç nə yoxdur. Ümid edirəm ki, bu cür müzakirələrlə elmə diqqət artar, bu da gələcəkdə maliyyənin artmasına gətirib çıxarar”.

Şəymən

 

Leave A Comment