Bank Sektorunda Vəziyyət Necədir?

Bank Sektorunda Vəziyyət Necədir?

Bank sektorunda aparılan son araşdırmalar onların maliyyə ehtiyatlarını cəmləşdirməkdə müəyyən çətinliklər yaşadığını üzə çıxarır. Bunun əsas səbəblərindən biri isə sözügedən sektorun Avropada və ABŞ-da yaşanan iqtisadi böhran səbəbindən aşağı faizlə kredit cəlbində çətinliklərlə üzləşməsidir.

Məlumdur ki, Qərb ölkələrində yaşanan iqtisadi böhran fonunda burada banklardan əmanətlərin kütləvi şəkildə geri çəkilməsi prosesi gedir. Bu isə indi bir çox Avropa banklarının ciddi maliyyə problemi ilə üzləşməsinə səbəb olub. Belə vəziyyət bütövlükdə dünya iqtisadiyyatına təsir göstərir. Məsələn, dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda banklar artıq Avropadan aşağı faizlə istədiyi həcmdə kreditlər cəlb edə bilmir.

Ölkə daxilində isə əhali hələ də banklara çox etibar etmir. Elə bu səbəbdən insanların banklara yatırdığı əmanətin həcmi əhalinin bu sahədə potensialına uyğun sayılmır. İqtisadçı ekspert Vüqar Bayramov banklara inamın aşağı düşməsinin xüsusilə 1990-cı ilin ortalarında kommersiya banklarının müflis olması və əhalinin əksəriyyərtinin əmanətlərinin o banklarda batması ilə əlaqədar olduğunu bildirib. Onun sözlərinə görə, məhz bundan sonra əhali öz vəsaitlərini banklarda deyil öz evində saxlamağa üstünlük verib: “Hər hansı bir bankın müflis olması digər banklara qarşı olan inamın da azalmasına səbəb olur. Banklara etibarlılığın artırılması ilə bağlı Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Agentliyi müəyyən addımlar atıb. Belə ki, 30 min manata qədər olan əmanətlər banklarda sığortalanır və bu da o deməkdir ki, bank müflis olduğu zaman da vətəndaşın əmanət kimi qoyduğu 30 min manatı geri qaytara biləcək. Mərkəzi və Şərqi Asiya ölkələrində bu məbləğ 100 min avroya qədər arta bilir. Yəni bu banklar müflisləşdiyi zaman vətandaşın kommersiya bankına qoyduğu 100 min avronu geri qaytarmaq gücündədir. Bizdə də bu məbləğin artırılmasına ehtiyac var. Bu məbləğ artarsa insanların da banka olan etibarı artar”.

Düzdür, son vaxtlar əhalidə banklara müəyyən etibar yaranmışdı, lakin “Royal bank” ətrafında yaranmış problem inamsızlığı təzələdi. Hazırda “Royal bank”la bağlı yaşanan problem digər banklara inamsızlığı artırır. Artıq əhali bu tip hadisələrdən sonra kiçik banklardan əmanətlərini geri çəkməyə meyllənir. Bu da banklarda maliyyənin azalmasına səbəb olur. Digər tərəfdən, hələ xeyli müddət əvvəl Mərkəzi Bank açıqlama verib ki, ölkədə 4 bank bağlanma təhlükəsi ilə üzləşib. Lakin həmin bankların adları çəkilmir. Belə olan halda vətəndaşlar banklarla bağlı nigarançılıq keçirir. Baş verənlərin hamısı, mütəxəssislərə görə, ən azından ilin sonuna qədər əmanətlərin qoyuluşunun ciddi şəkildə azalmasına gətirib çıxaracaq.

Ekspertlər onu da qeyd edir ki, vətəndaşlar yalnız inamla bağlı deyil, başqa səbəblərlə də bağlı öz əmanətlərini banklara həvalə etmir. Belə ki, əhalinin müəyyən qisminin banklarla işləmək təcrübəsi yoxdur və buna görə də əmanətlərini banka qoymağa risq etmir. Həmçinin, vəsait evdə saxlandıqda vətəndaş bundan istədiyi vaxt istifadə edə bilir. Lakin vəsaiti banka qoymaq və istənilən zaman onu götürmək müəyyən zaman tələb edir. Başqa bir səbəb isə odur ki, banka qoyulan pul vaxtından əvvəl götürülsə bu zaman vətəndaş müəyyən cərimələr ödəyir.

İqtisadçı ekspert Vüqar Bayramov isə bildirir ki, bütün hallarda əmanətlərin banklarda saxlanması daha məqsədəuyğundur: “Banklar qoyulan əmanətlərin həcminə uyğun olaraq illik orta hesabla 8-10% arası dividend ödəyir. Bundan başqa, pul evdən oğurlanarsa onun bərpa olunması çətin prosesdir. Lakin 30 min manat həcmində banklara qoyulan əmanətlər itərsə onlar bank tərəfindən sığortalandığı üçün geri qaytarılır”.

Ekspert deyib ki, indiki halda bütün insanların bank sektoruna inandığını demək doğru olmaz. Azərbaycanda əhalinin bank sisteminə inamının artmasında müəyyən irəliləyişlər müşahidə edilir. Mərkəzi bankın rəqəmlərinə diqqət yetirsək, əmanətlərin banklara qoyulmasında hər il ötən ildəkinə nisbətən 15% -ə yaxın artım var. Hər halda, bu gün ölkəmizdə bir çox sahələrdə inkişaf olduğu kimi, bank sistemində də inkişaf var. Lakin bu, istənilən səviyyədə deyil.

 

Leave A Comment