BAKIDA EVLƏRİN KİRAYƏSİ BAHALAŞIB

BAKIDA EVLƏRİN KİRAYƏSİ BAHALAŞIB

Bir çoxlarının dediyinə görə, hazırda Bakıda mənzil kirayəsinin qiymətləri Avropadakı qiymətləri ötüb. Dünya mətbuatı Bakıdakı kirayə qiymətləri ilə bağlı yazır ki, Azərbaycan paytaxtında mənzil kirayəsi qiymətləri Tiflislə müqayisədə bahadır. Bunu paytaxtın Nizami rayonunda “Maklerlər bağı” kimi tanınan əraziyə toplaşan maklerlər də təsdiqləyir.

Mənzillərini kirayə verənlər “ev bazar”ında əsasən maklerlərlə işləyirlər. Onların sözlərinə görə, çoxmərtəbəli binalarda mənzillərini kirayə verənlərin demək olar ki, hamısı maklerə üz tutur, mənzil barədə məlumat verir, əlaqə telefonlarını qoyurlar. Ümumi həyət evlərindəki otaqlarını kirayə verənlərin bir qismi isə kirayənişin axtarışını özləri aparırlar. Maklerlərdən kirayə axtaranların necə evlərlə və hansı qiymətlərlə maraqlandıqlarını soruşduq. Qərib Orucov deyir ki, 150 manat civarında kirayə haqqı vermək istəyənlər əsasən metro stansiyalarına yaxın həyət evləri istəyirlər. 200 manatdan çox verməyə gücü çatanlar isə bina evləri gəzirlər: “Hətta 100 manatdan aşağı ev axtaranlar da var. Sentyabr ayı başlayandan kirayə mənzillər bahalaşıb. Kirayə haqqına gücü çatmayanların çoxu Bakının dəmiryol vağzalında yatırlar”. Başqa bir ev dəllalı da kirayə evlərin bahalaşdığını dedi: “Bu bazarda qiymətlər fəsillərə görə dəyişir. Adətən yayda kirayə mənzillərin qiyməti nisbətən ucuzlaşır, payızda isə artır”. Uzun illərdir mənzillərin alqı-satqısı ilə məşğul olan Vidadi Babayev deyir ki, kirayə ev axtaranlar əsasən ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunan tələbələrdir ki, onların da əksəriyyəti rayondan gələnlərdir. Onun sözlərinə görə, kirayə mənzil bazarında 20-50 manat arası artım müşahidə olunur: “Əvvəllər 1 otaqlı mənzil əşya ilə birlikdə 140-150 manat idisə, indi bu qiymət 160-200 manat təşkil edir. İki otaqlı mənzillərdə də artım var. Belə ki, 180-200 manata kirayə verilən mənzillərin qiyməti indi 200-350 manat arasında dəyişir”.

Mahir adlı makler deyir ki, camaatda pul olmadığı üçün bazarda durğunluq yaranıb: “Təzə tiklilərdən ev istəyənlərə son aylarda rast gəlməmişəm. Əsasən köhnə tikililərə üstünlük verirlər”. Maklerin sözlərinə görə, evlərini kirayəyə verməkdə mənzil sahibinə, ya da onlara ev üçün müraciət edən müştəriyə kömək edəndə kirayənin miqdarından asılı olaraq, 30-50 manat alırlar. Makler Laçın Rəhimov da qiymətlərdə bahalaşma müşahidə olunduğunu təsdiq etdi: “Bakının Nizami rayonunda 1 otaqlı mənzillərin satış qiyməti 43-46 min dollar arasında dəyişir. Eyni rayonda 48-52 min dollara 2 otaqlı mənzil almaq mümkündür. Qiymət fərqi mənzillərin yerinə və təmirinə görə dəyişir”. Maklerlərin deməsinə görə, son 3 həftədə Bakıda mənzillərin qiyməti 2-3 min dollar bahalaşıb. Onlar deyir ki, bu gedişlə mənzillərin qiymətinin daha da artacağını təxmin etmək olar. O, mənzil almaq istəyənlərin də sayının son bir ildə çox azaldığını vurğuladı: “Millət güclə dolanır. İpoteka da boş söhbət oldu, camaata sərf etmir, şərtləri yaxşı deyil. Ev almaq istəyənlər, bunun üçün bizə müraciət edənlər çox azdır”.

Bakıdakı konsaltinq şirkətlərindən birinin rəhbəri Nüsrət İbrahimovun dediyinə görə, satışa çıxarılmış ən ucuz mənzillər Qaradağ, Sabunçu, Xəzər və Binəqədi rayonlarındadır. Qaradağ rayonunda satışa çıxarılmış ev və mənzillərin orta qiyməti 1 kvadrat metr üçün 580-600 manatdır. Başqa rayonlarda isə qiymətlər 1 kvadrat metr üçün 640 manatdan başlayır. İqtisadçı Vüqar ayramov bahalaşmanın mənzillərin satış qiyməti ilə yanaşı, kirayə bazarında da müşahidə edildiyini qeyd edir. Ekspertin fikrincə, dünyada müşahidə edilən inflyasiya Azərbaycan iqtisadiyyatına, istehlak bazarına təsir göstərməkdədir.

Günay MUSAYEVA

 

Leave A Comment