İpotekaya ayrılan vəsait azdır

İpotekaya ayrılan vəsait azdır

Noyabrın 6-da Milli Məclisin 5 komitəsinin – Təhlükəsizlik və müdafiə, İqtisadi siyasət, Təbii ehtiyatlar və energetika, Aqrar siyasət və Sosial siyasət komitələrinin birgə iclasında 2013-cü ilin dövlət büdcəsi müzakirə və qəbul olunub. İclasda bir cox vacib məsələlərə toxunulub, o cümlədən cəmiyyətdə maraqla gözlənilən ipoteka kreditləri ilə bağlı dəyişikliklərə.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev ipoteka kreditləri üçün ayrılan vəsaitlərin azlığına toxunub, qeyd edib ki, respublikada ildə 75-80 min ailə qurulur, ipoteka məbləği heç onların 10 faizi üçün də yetərli deyil: “Çünki ölkədə mənzili olmayanların sayı milyonlarla ölçüldüyü halda ipotekaya ayrılan vəsait onların 5-10 faizinin belə mənzil almasına gətirib çıxarmadı. İpotekaya ayrılan vəsaitin cüziliyi paytaxtda tikinti bumunu dayandırdı, üstəlik Bakıda  paytaxtda son illərdə tikilmiş binaların çoxu boş qaldı. Nəticədə son bir neçə ildə olduğu kimi, 2012-ci ildə də Azərbaycanın mənzil bazarında durğunluq yaşanır. Bakıda mənzil tikintisi və satışı nəzərəçarpacaq dərəcədə zəifləyib. Əhalinin ipoteka kreditləri vasitəsilə mənzillə təmin olunacağı ümidi isə doğrulmadı”.

Ekspertlərin fikrincə, ipoteka kreditlərinin  şərtlərinin ağırlığı və ayrılan vəsaitin azlığı vətəndaşların mənzillərə əlçatanlılığını təmin etməyə imkan vermir.

Qeyd edək ki, Azərbaycanda adi ipoteka kreditləri 8, güzəştli ipoteka kreditləri 4 faizlə verilir. Adi ipoteka kreditlərində maksimal məbləğ 50 min, güzəştli ipoteka kreditlərində isə  35 min manatdır. Kredit adi ipotekada 25 il, güzəştli ipotekada isə 35 il müddətinə verilir.

2012-ci ilin 6 ayı ərzində İpoteka Fondunun xətti ilə 1010 ailəyə 37 milyon manat ipoteka krediti verilib. Dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına 2012-ci ilin birinci yarımilində 450-dən çox ailəyə 15 mln. manat məbləğində sosial ipoteka, 560-dan çox ailəyə isə 22 mln. manat məbləğində kommersiya ipotekası verilib. Sosial ipoteka kreditinin orta məbləği 33 min, adi ipoteka kreditlərinin orta məbləği isə 39 min manat təşkil edib.

Göründüyü kimi, ilk yarımildə təxminən 1000 ailə kredit götürüb, deməli, ilin yekununa bu rəqəm ortalama 2 min ailə təşkil edə bilər. Bu da deputat Musa Quliyevin dediyi kimi, əvvəldən evsiz qalanlar bir yana dursun, hər il ölkədə qurulan 80 min yeni ailənin nəinki 10 faizini, 2-3 fazini təşkil edir.

Düzdür, sosial ipotekanın şərtlərinin yüngülləşəcəyi və vəsaitin həcminin artacağı ilə bağlı təkliflər dövlət büdcəsində nəzərə alınıb – ipotekaya ayrılan vəsait 2 dəfə artırılaraq 40 milyon manata çatdırılıb. Lakin əksər deputatlar və ekspertlər bu vəsaitin də az olduğunu bildirirlər.

Milli Məclisin keçmiş deputatı, iqtisadçı-ekspert Nazim Məmmədov deyir ki, hazırkı vəziyyətdə əhalini mənzillə təmin etmək və Azərbaycanın tikinti bazarını canlandırmaq üçün ipoteka kreditlərinə ayrılan vəsaitlərin bir neçə dəfə artırılması çox mühüm əhəmiyyətə malikdir. Buna görə də ipoteka kreditlərinin verilməsi üçün qoyulan şərtləri bir qədər də yüngülləşdirmək lazımdır.

Ekspertin fikrincə, bu vəsaiti artırmaq üçün Azərbaycanın xarici ölkələrdə yerləşdirilmiş valyuta ehtiyatlarından istifadə etmək olar: “Bu vəsaitlərin bir hissəsini İpoteka Fonduna köçürüb, burdan 2-3 faizlə müvəkkil banklara vermək olar. Bundan başqa, İpoteka Fondunun əlavə maliyyə resursları cəlb etmək üçün kifayət qədər çoxlu metodları var. Fond ipoteka səhmləri buraxmaqla, institutsional maliyyə mənbələrini, o cümlədən sığorta şirkətlərini fəal şəkildə prosesə cəlb etməklə, beynəlxalq maliyyə qurumlarının ucuz kreditlərindən yararlanmaqla maliyyə imkanlarını genişləndirə bilər”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov deyir ki, rəhbərlik etdiyi təşkilat tərəfindən ipoteka proqramının təkmilləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinə təqdim olunmuş təkliflər paketində  sosial ipoteka kreditlərinin illik faiz dərəcələrinin 4 faizdən 2 faizə endirilməsi, məbləğinin 35 min manatdan 50 min manata artırılması, sosial ipotekadan yalnız gənc ailələrin deyil, subay gənclərin də istifadə etməsi nəzərdə tutulub.

İqtisadçı deyir ki, təkliflərdə sosial ipoteka kreditləri üçün ilkin ödənişin İpoteka Fondu yanında yaradılacaq Zəmanət Fondu tərəfindən təmin edilməsi, tələb olunan sənədlərin sayının kəskin azaldılması təklif olunur: “Hazırda tələb olunan sənədlərin sayı 18-dir. Yeni ipoteka proqramı tətbiq edildikdən sonra sənədlərin sayı yarıbayarı azalacaq”.

Ekspert deyir ki, hazırda sosial ipotekanın şərtləri  əhalinin əksər hissəsi üçün münasib deyil: “Minimum və hətta orta aylıq əməkhaqqı alan elmi dərəcəli müəllimlərin, sosial yardımlarının həcmi minimum əmək haqqı məbləğindən az olan məcburi köçkünlər və başqaları bu şərtlərlə kredit götürmək imkanına malik deyillər. Ona görə də sosial ipoteka şərtləri daha da yüngülləşməlidir”.

Xatırladaq ki, sosial ipoteka kreditlərinin faizləri Rusiyada 3, Gürcüstanda 4, Türkiyədə isə 3,7, Fransa, Belçika, Portuqaliya, Almaniya və İtaliyada ipoteka krediti 1,5, İspaniya, Kipr və Yunanıstanda 2,  Danimarkada 1,3, Türkmənistanda və Kanadada 1 faizi təşkil edir.

Rusiya hökuməti hətta adi ipoteka kreditlərinə görə faiz dərəcəsini 5 faizə endirmək qərarına gəlib. Bu addımın ölkədə mənzil probleminin həllini sürətləndirəcəyi güman edilir.

Əksər ölkələrdə  65 yaşa qədər vətəndaşların da ipoteka krediti əldə etmək hüququ var. Həm də cəmi 2-3 sənəd təqdim etməklə.

teleqraf.com

 

Leave A Comment