İqtisadi Baxış

İqtisadi Baxış

Suallarımıza iqtisadçı alim Vüqar Bayramov cavab verir.
– Bu gün Azərbaycanın iqtisadi inkişaf
modelinin hazırlanmasını zəruri edən nədir?

– İndi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası
hazırlanır. Lakin bu konsepsiya ilə yanaşı, iqtisadi inkişafla bağlı sənədin də
hazırlanmasına ehtiyac var. Bu model dövlət qurumlarının hazırladığı müəyyən
illəri əhatə edən konsepsiyalardan fərqli olmalıdır. Çünki həmin
konsepsiyalarda daha çox əldə edilən uğurlar, makroiqtisadi göstəricilərin necə
dəyişməsi əksini tapıb. Təklif edilən islahatlar, dəyişikliklər əvvəllər həyata
keçirilən tədbirlər şəklindədir. Bütün bunları nəzərə alsaq, iqtisadi inkişaf
konsepsiyasının hazırlanması şərtlənir. Azərbaycan neft istehsalı ilə bağlı
proqnozlarına nəzər yetirsək görərik ki, son iki ildə hasilatda azalmalar var.
2010-cu ildə ölkədə 50 milyon ton neft hasil olunubsa, 2012-ci ilin yekunlarına
görə, bu rəqəm 42 milyon ton təşkil edəcək. Faktiki son iki ildə Azərbaycanda neft
hasilatı 9 milyon ton azalıb. Hasilatın azalmasının növbəti illərdə də davam edəcəyi
gözlənilir. 2015-ci ildə ölkədə neft hasilatının 36 milyon ton olacağı
bildirilir. Eləcə də Şahdəniz yatağının 2-ci fazasından mavi qaz hasilatı
2017-ci ilə proqnozlaşdırılıb. Bütün hallarda mavi qaz satışından əldə edilən gəlirlər
neft hasilatının azalması nəticəsində yaranan itkiləri kompensasiya edə bilməyəcək.
Nəzərə alsaq ki, neft sektorundakı azalmalar ümumi daxili məhsula təsir edir,
uzun müddət neftə əsaslanan iqtisadiyyat qurmaq mümkünsüzdür. Ölkə
iqtisadiyyatı neft gəlirlərindən sterilizasiya edilməlidir. İqtisadiyyatı neft
gəlirlərindən sterilizasiya olunmayan ölkələrdə uzunmüddətli, dayanıqlı inkişaf
əldə etmək mümkün deyil. Neft ölkələrinin – Nigeriyanın, İndoneziyanın təcrübəsi
bu sterilizasiya tədbirlərinin vacib olduğunu göstərir. İqtisadi model sadəcə
neftdən asılılığın aradan qaldırılmasına yönəlməməlidir. Eyni zamanda
islahatların aparılmasını, dəstəklənməsini özündə ehtiva etməlidir.
– Hazırda ən çox müzakirə edilən Sinqapur modelidir. Bu model Azərbaycanın
siyasi-iqtisadi mühitinə nə dərəcədə uyğundur?
– Sinqapur modelində Böyük Britaniya sistemi üst qurumdur. Belə ki, hansısa
problemlə üzləşən biznes subyekti Sinqapur məhkəməsinə müraciət edirsə və məhkəmənin
qərarından razı qalmırsa, həmin şəxs qərarın ləğvi ilə bağlı son instansiya
kimi Böyük Britaniya məhkəməsinə müraciət etməlidir. Böyük Britaniya məhkəməsinin
çıxardığı qərar isə məcburi şəkildə icra olunmalıdır. Digər tərəfdən Sinqapur
modelində siyasi sfera çox təmərküzləşib.Azərbaycanda Sinqapur modelinin tətbiqi
üçün məhkəmə sistemində, qanunvricilikdə islahatlar aparılmalıdır. Bununla belə,
Sinqapur modelinin Azərbaycanda tətbiqini real hesab etmirəm. Azərbaycanda
siyasi sferanın tam olaraq təmərküzkləşməsi mümkünsüzdür. Yəni həm iqtisadi, həm
coğrafi, həm də siyasi institutların xarakteri baxımından kəskin islahatlar
aparmaq mümkün deyil. Ona görə də fərqli modelin qurulmasına ehtiyac var.
İslahatlar pilləli aparılmalıdır. Yeni institutların formalaşmasını əhatə etməməlidir.
Mövcud institutlar imkanlarının genişləndirilməsinə, təkmilləşdirilməsinə
ünvanlanmalıdır. Bu model siyasi sferada liberallaşmanın uzunmüddətli, pilləli
aparılmasını nəzərdə tutumaqla yanaşı, iqtisadi sferadakı islahatların tezləşdirilməsini
özündə əks etdirməlidir. Yəni model indiki siyasi sferada oyun qaydalarını kəskin
dəyişməsə də, iqtisadi sahədə liberallaşmaya nail olmağı maksimum əhatə etməlidir.
– Cari ildə dövlət başçısı tərəfindən iqtisadi sahədə ishlahatların
aparılmasına yönəlik sərəncamlar verilib. Bura məmurların gəlirlərinin
deklarasiyası ilə bağlı mexanizmin hazırlanması və tətbiqi, dövlət
qulluqçularının əməkhaqlarının yenidən hesablanması və tətbiqi də daxildir. Bu
qərarların icrası 2014-cü ilin yanvarın 1-dən nəzərdə tutulub. Sizcə hökümət nəyə
hazırlaşır?
– Bu qərarlar 2014-cü ilin yanvarın 1-dən Azərbaycanda ciddi iqtisadi
islahalatlara gediləcəyini göstərir. Ona görə də bu islahatları əhatə edəcək
iqtisadi modelin hazırlanması vacibdir. Həmin model iqtisadiyyatda islahatları-
iqtisadi sferada liberallaşmanı, bazara giriş imkanlarının genişləndirilməsini,
xarici ticarətdə daha liberal qaydaların tətbiqini, əksər MDB ölkələrində
olduğu kimi Rəqabət Agentliyinin yaradılmasını nəzərdə tutmaqla yanaşı, məmurlarla
vətəndaşların birbaşa əlaqəsinin azalmasını özündə ehtiva etməlidir. İslahatlar
çərçivəsində elektron hökümətin tətbiqi yalnız korrupsiyanın azalması, məmurların
vətəndaşların işinə müdaxiləsinin qarşısının alınması kimi dəyərləndirilməməlidir.
Elektron hökümətin inkişafı cəmiyyətdə insanların şürunun dəyişməsinə xidmət
edir. İnternet vasitəsiylə müraciət edən, arayışını çap edən vətəndaşın rüşvət
vermə ehtimalı azdır. Çünki həmin şəxsin şüuru dəyişmiş olur artıq. Təbii
ehtiyatlara əsaslanan heç bir ölkədə iqtisadi inkişaf modeli olmadan, eləcə də
neft gəlirlərini sterilizasiya etmədən uzunmüddətli inkişafa nail olmaq mümkün
deyil. İqtisadi model siyasi sferadan çox iqtisadi sferada liberallaşmanı dəstəkləməlidir.

– 2013-cü ilin büdcəsini əvvəlki illərin dövlət büdcələri ilə müqayisə etdikdə
mənfi məqamlara rast gəlinirmi?
– Mənfi məqam da var, müsbət məqam da. Müsbət məqam büdcənin gəlirlərinin əvvəlki
illərə nisbətən çox olmasıdır. Belə ki, gələn ilin büdcəsi 25 milyard dollar
olacaq. Bu Ermənistan və Gürcüstanın birgə büdcələrindən 3 dəfə, təkcə Ermənistan
büdcəsindən 8 dəfə çoxdur. Azərbaycanın 2013-cü ilin büdcəsi ilə bağlı məlumatlar
ondan xəbər verir ki, növbəti il Qafqaz iqtisadiyyatının 80 faizi Azərbaycan
iqtisadiyyatının payına düşəcək. Bütün bunlara baxmayaraq, 2013-cü ilin büdcəsində
əvvəllər müşahidə edilən ənənəvi problemlər qalmaqdadır. Əvvəla büdcəyə Neft
Fondundan transferlərin həcmi yenə də yüksəkdir. Fonddan büdcəyə 11,35 milyard
manat vəsait transfert ediləcək. Bu da 2013-cü ildə Neft Fondundan büdcəyə
transferin 15 milyard olacağı deməkdir. Fonddan büdcəyə Erməınistanın dövlət
büdcəsindən 4 dəfə, Gürcüstanın dövlət büdcəsindən 3 dəfə çox vəsait köçürüləcək.
Kifayət qədər risklidir. Büdcə ilə bağlı digər məqam 1 barel neftin qiymətinin
100 dolardan götürülməsidir. Əvvəlcə 80 dollar razılaşdırılsa da, sonradan bu rəqəm
100 dollara qaldırıldı. Bunun risqi təkcə 2013-cü ildə neftin dünya bazarında
qiymətinin necə dəyişməsi ilə bağlı deyil. O deməkdir ki, gələn il də büdcə
neft sektorundan asılı olacaq. Dövlət büdcəsində neft sektorunun payı 85 faizdən
artıq olacaq.
– Belə çıxır ki, qeyri-neft sekrtorunun büdcədə payı 15 faizdir. Ümumi
daxili məhsulda axı qeyri-neft sektorunun payı artıb?

– Ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 50 faizdən çoxdur. Lakin
bu büdcənin gəlirlər hissəsində əks olunmur. Büdcədə qeyri-neft sekrtorunun
payının 15 faiz olması kritik rəqəmdir. Bununla yanaşı, büdcədən kənar
fondların da büdcələri risklidir. Neft Fondunun gəlirləri 11,8 milyard manat, xərcləri
13,6 milyard manat proqnozlaşdırılıb. Belə çıxır 2013-cü ildə fondun 1,8
milyard manat, yəni 2,2 milyard dollar kəsiri olacaq. Büdcə gəlirləri ilə bağlı
başqa problem vergilərin payının az olmasıdır. Hər 3 manatın cəmi 1 manatı
vergidir. Avropa ölkələrində hər 10 manatdan 8 manat vergidən daxilolmaların
payına düşür. Gürcüstanla müqayisə aparsaq, orada da hər 10 dolların 6 dolları
vergidən daxilolmadır.

– Büdcənin xərclər hissəsini necə qiymətləndirirsiniz?
– Təhsil, səhiyyə xərclərində artımlar var. Bu artımlara baxmayaraq, sosial xərclərin
büdcədəki payı 25,4 faiz təşkil edir. Hansı ki, bu beynəlxalq standartlarla
müqayisədə aşağıdır. Məsələn, Azərbaycan büdcəsində hər 100 manatın 25 manatı
sosial sferaya yönəldilir. Avropada isə hər 100 avronun 85 avrosu sosial sfera
üçün nəzərdə tutulur. İnfrastruktur xərclərinin payının çoxluğunu anlamaq olar.
Çünki Norveçdə də neft istehsalı zamanı bu sahəyə xeyli xərclər yönəldilirdi.
Azərbaycan pilləli şəkildə infrastruktur xərclərinin həcmini azaltmağa
çalışmalıdır. Hər il büdcədən infrastruktur layihələrinə orta hesabla 5 milyard
manat vəsait xərclənir. Azərbaycanın dövlət büdcəsindən infrastrutura ayrılan vəsaitlərin
həcmi Gürcüstanın dövlət büdcəsindən 1 milyard dollar çoxdur. Əvvəllər vəsaitlərin
həcminin çoxluğu başadüşülən idisə, artıq infrastruktur xərclərinin
azaldılmaması arzuolunan deyil. İnfrasturktur xərclərinin çox olması digər xərclərin
azalmasına gətirib çıxarır.
– İqtisadi İnkişaf Nazirliyinin hazırladığı əsas makroiqtisadi proqnoz göstəricilərində
2013-cü idə ölkə üzrə real iqtisadi artım 5,3 faiz, inflyasiya 5,7 faiz, orta
aylıq əmək haqqı 440 manat proqnozlaşdırılıb. 2012-c il üçün ölkə üzrə gözlənilən
real iqtisadi artım 2,2 faizdir. 2013-cü ilə proqnozlaşdırılan makroiqtisadi
göstəricilərə nail olmaq mümkün olacaq?
– İqtisadi İnkişaf Nazirliyi 2012-ci ildə real iqtisadi artımı 5,7 faiz proqnozlaşdırmışdı.
Lakin 9 ayın yekunları qiymətləndirilən zaman hökümət rəsmi olaraq artım
proqnozlarını 2,5 faizə qədər azaltdı. Dövlət Statistika Komitəsinin məlumatına
görə, 9 ayda ümumi daxili məhsil 1,3 faiz artıb. Eləcə də neft sektorunda 5,4
faiz azalma var. Qeyri-neft sektoru 7,9 faiz arsa da, qeyri-neft sektorunun
ümumi daxili məhsuldakı çəkisi bu artıma təsir etmir. 2013-cü il üçün müsbət məqam
qeyri-neft sektorundakı artımlardır. İlin sonuna qədər bu artımların 9 faizə qədər
yüksəlməsi gözlənilir. Lakin tendensiya qeyri-neft
sektorundakı artımların ümumi daxili məhsulla bağlı İqtisadi İnkişaf
Nazirliyinin proqnozunun reallaşmasına imkan verməyəcəyini göstərir.
Leyla
Leave A Comment