Qazın qiyməti 20 faiz ucuzlaşa bilər

Qazın qiyməti 20 faiz ucuzlaşa bilər

Vüqar Bayramov: “Qiymət və maya dəyəri müqayisəsinə əsasən qazın qiymətinin 20 faiz aşağı salınması mümkündür”

Natiq Cəfərli: “İtkilərin qarşısını almaqla qazın qiymətini azaltmaq olar

Məlumdur ki, hazırda ölkəmizdə əhaliyə satılan qazın 1 kubr metrinin qiyməti 10 qəpikdir. Bu qiymətlər elektrik enerjisində 1 kVt/saat üçün 6 qəpik, suda isə regionundan asılı olaraq 1 kub metr üçün 25 – 30 qəpik arasında dəyişir. İqtisadçılar isə əhaliyə verilən mavi qazın tarifinə yenidən baxılmasını təklif edirlər.

Ekspertlərin fikrincə, hazırda Azərbaycanda əhaliyə verilən qazın qiyməti maya dəyərindən təqribən 2 dəfə bahadır. Odur ki, yalnız əhaliyə verilən qazın qiymətinin aşağı salınmasını təklif edirlər. Belə ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda ümumiyyətlə, kommunal xərclərin tariflərinə yenidən baxılmasına ehtiyac var: “Nəzərə alsaq ki, bir sıra ölkələrdə kommunal xərclərin qiymətinə baxılması gündəmdədir. Azərbaycanda kommunal xidmətlərin bəzilərinin qiyməti maya dəyərindən yüksəkdir. Elələri də var ki, onların qiyməti maya dəyərindən aşağıdır. Məsələn, içməli suyun qiyməti maya dəyərindən aşağıdır. Bu məqsədlə “Azərsu” ASC dövlətdən subsidiya alır. Amma elektrik enerjisi və mavi qazın qiyməti maya dəyərlərindən yüksəkdir. Bizim qiymətləndirməyə görə, 1000 kub metr mavi qazın orta maya dəyəri təqribən 68 manatdır. Bu isə əhaliyə 100 manata satılır. Eyni zamanda nəzərə alsaq ki, mavi qazın əhaliyə çatdırılmasında problemlər olduğuna görə də itkilər kifayət qədər böyükdür. Yəni, verilən qazın təxminən 50 faizi geri qayıtmır. Bu itkilər də daha çox Bakıda müşahidə edilir. İtkilər isə həm infrastrukturun tam olaraq yeniləşməməsi, həm də qeydiyyatsız xətlərin olması ilə əlaqədardır. İtkilər olduğuna görə ümumilikdə mavi qazın həcmini nəzərə aldıqda bu, kifayət qədər böyük məbləğdir. Ona görə də itkini azaltmaqla mavi qazın qiymətini aşağı salmaq mümkündür. Nəzərə alsaq ki, Azərbaycan əhaliyə satılan mavi qazın qiymətinə görə, MDB ölkələri arasında kifayət qədər yüksək yerdə durur. Hətta bizdə mavi qazın qiyməti Rusiyadan belə yüksəkdir. Ona görə də Azərbaycanda mavi qazın qiymətinin azaldılması yəni, 1000 kub metrinin 80 manata satılması mümkündür. Bu da o deməkdir ki, qiymətdə 20 faiz azalma etmək olar. Ona görə də itkiləri və qeydiyyatsız xətləri azatlmaqla mavi qazın qiymətini aşağı salmaq mümkündür. Qiymətin azaldılması nəticəsində ödənişlərdə yaranan azalma mavi qaz itkilərinin hesabına kompensasiya edilə bilər. Burada hüquqi şəxslərə satılan mavi qazın qiyməti yox, yalnız əhaliyə satılan mavi qazın qiymətindən söhbət gedir. Odur ki, qiymət və maya dəyəri müqayisəsinə əsasən qiymətlərin 20 faiz aşağı salınması mümkündür”.

Ekspert onu da qeyd etdi ki, indiki halda digər kommunal xərclərin qiymətlərinin azaldılması ehtimalları azdır: “İçməli suyun qiyməti maya dəyərindən aşağıdır. Elektrik enerjisinin qiyməti maya dəyərindən yüksək olsa belə, bu, ciddi fərqlə ölçülmür. Ona görə də hələlik indiki mərhələdə yalnız mavi qazın qiymətinin aşağı salınması məqsədə -uyğundur. Amma növbəti mərhələlərdə elektrik enerjisinin infrastrukturunun inkişafı nəticəsində itkilərin qarşısını almaq, “Azərenerji ASC”-yə daxil olan vəsaitlərin həcmini artırmaq mümkün olarsa, o zaman elektrik enerjisinin qiymətinin aşağı salınmasına da baxıla bilər”.

Digər iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, ilk öncə indi əhalinin qazla təminatında problemlər var: “Azərbaycan özünün «Azəri – Çıraq» yatağından çıxan səmt qazını demək olar ki, pulsuz alır. ARDNŞ-in çıxardığı qazla birlikdə Azərbaycan qazının maya dəyəri çox ucuz başa gəlir. Amma əhaliyə 2 mislindən də baha satılır. Bunları, həm də onu nəzərə alaq ki, Azərbaycanın Konstitusiyasında da yeraltı sərvətlərin xalqa məxsus olduğu halda belə addımlar atmaq mümkündür. Lakin indiki vəziyyətdə xaricə satılacaq qaz öhdəliklərini və xaricdə daxili qiymətlərin daha baha olmasını nəzərə alaraq hökumətin qiymət endiriminə getməsi real görünmür”.

Natiq Cəfərli bildirdi ki, hazırda mavi qazın qiyməti maya dəyərindən bahadır: “Amma operator, daşınma və digər xərcləri üzərinə gəlməklə ciddi endirim etmək olar. Çünki, dövlət büdcəsində kommunal xərclərin payı çox cüzidir. Ona görə də müəyyən addımlar atıla bilər. Bu sahədə ən ciddi addımlardan biri itkilərin qarşısının alınmasıdır. Həm elektrik enerjisinin, həm suyun, həm də qazın paylanmasında itkilərin qarşısını almaqla onların maya dəyərini aşağı salmaq olar. Maya dəyəri də aşağı düşəndə müəyyən endirimlərə getmək mümkündür. Bunun isə ən yaxşı yolu getdikcə bu sahədən dövlətin çəkilməsidir. Şəbəkələrin uzun müddətli icarəyə verilməsi gündəmə gəlməlidir. Bundan başqa kiçik həcmli özəlləşdirməni həyata keçirmək olar”.

Mübariz BAYRAMOV, “MÖVQE.AZ”

 

Leave A Comment