Hökumət üzvləri parlamentə niyə gəlmirlər?

Hökumət üzvləri parlamentə niyə gəlmirlər?

Adətən hökumət üzvləri büdcə  müzakirələrinin müzakirəsi zamanı parlamentin iclaslarına qatılmalıdırlar.  Çünki bir sıra hallarda büdcənin müzakirəsini aparan deputatlar hökumət  üzvlərinə müəyyən suallar ünvanlamalı olurlar. Lakin Azərbaycanda bəzi hökumət üzvləri nədənsə büdcə müzakirələrilə bağlı parlamentin iclaslarına qatılmağı özlərinə rəva görmürlər. Bu hal isə deputatları da narahat etməyə başlayıb.
Belə ki, parlamentin həftənin ikinci günü keçirilən iclasında millət vəkili Əli  Əhmədov da büdcə müzakirələrinə bir sıra nazirlərin qatılmamasına öz etirazını bildirib: «Nazirlər burada olmalıdırlar ki, Milli Məclisda aparılan müzakirələr onların beyinlərinə hopsun. Ən azı burada səslənən fikirləri eşitmək onların vəzifə borcudur». Maraqlıdır, görəsən nədən bir sıra hökumət üzvləri parlamentdəki büdcə müzakirələrinə qatılmırlar?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə,  hökumət üzvlərinin parlamentdə büdcə müzakirələrinə qoşulması üçün proseduralar və müzakirə olunan məsələlərin mahiyyəti dəyişməlidir: «Hökumət üzvlərinin  parlamentdə büdcə müzakirələrinə qatılmalarına qeyri-ciddi münasibət  bəsləmələri müxtəlif səbəblərlə bağlıdır. Bu səbəblərdən biri büdcənin onsuz da
parlamentdə dəyişdirilməməsilə bağlıdır. İndiyə kimi büdcənin parlamentdə dəyişdirilməsi faktına rast gəlinməyib. Belə olan halda hökumətin parlamentə  büdcə müzakirələrinə gəlməsinin də bir əhəmiyyəti olmur. Baxmayaraq ki, qanunvericiliyə əsasən hökumət büdcə ilə bağlı parlamentə hesabat verməlidir. Parlamentdə büdcə müzakirələri 3 gün çəkirsə bu müddətdə büdcə paketilə bağlı hər hansı ciddi və əsaslandırılmış dəlillər gətirmək, təkliflər vermək çətindir. Büdcə müzakirələrinin müddətinə görə ölkəmiz ən az müddət təyin edən
ölkələrdəndir. Müddətin az olması da əslində ondan xəbər verir ki, büdcə parlamentdə demək olar ki, hər hansı bir dəyişikliyə uğramayacaq. Bu  axımdan  hökumət üzvlərinin büdcə müzakirələrində iştirak etmələrinə müəyyən qədər stimul lazımdır. Digər məqam isə odur ki, parlamentdə büdcə müzakirələri zamanı demək olar hər il eyni məsələlər qaldırılır. Həmçinin parlamentdə təmsil olunan deputatların büdcə müzakirəsi, orada səslənən rəqəmlərə, onun təkmilləşdirilməsi məsələlərinə münasibəti də dəyişməlidir. Daimi olaraq deputatlar eyni məsələləri qaldırır, hökumət üzvləri eyni şərhləri verirlərsə, praktik olaraq proses təkrarlanır. Büdcə müzakirələrində kifayət qədər maraqlı olan məsələlər qabardılmalıdır ki, hökumət üzvləri də prosesə cəlb olunmaqda daha həvəsli olsunlar. İnkişaf etmiş ölkələrin parlamentində büdcə müzakirələri
ən ağır keçən müzakirələrdir. O baxımdan ölkəmizdə də büdcə müzakirələrində ənənəvi məsələləri qaldırmaqla yanaşı, ümumbüdcə paketində əks olunan məsələlərə detallı yanaşmaq gərəkdir. Digər tərəfdən, büdcə kimi məsələlər adətən ilin əvvəlində qaldırılmalıdır. Dövlət qurumları hansısa bir xərcin azalması və ya artması ilə bağlı əsaslandırmaları ilin əvvəlində Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Burada müzakirələrdən sonra həmin məsələ Nazirlər Kabinetinə təqdim olunmalıdır. Parlamentdə də məsələni məhz Nazirlər Kabineti təqdim etməlidir. Ölkəmizdə isə bəzən bu məsələləri parlamentdə ayrı-ayrı dövlət qurumları qaldırır. Ona görə də parlamentdə büdcə müzakirələrilə bağlı müddətin uzadılmasına ehtiyac var. Eyni zamanda parlamentdəki bu müzakirələrə Rusiya və Qazaxıstanda olduğu kimi müstəqil
ekspertlər, iqtisadçılar da cəlb olunmalıdır. Təəssüf ki, bizdə bu ənənədən hələlik istifadə olunmur. Rusiyada parlament fraksiyaları müzakirələrdən əvvəl iqtisadçılarla görüşüb onların büdcəylə bağlı rəylərini də alır. Belə bir təcrübənin ölkəmizdə də olması vacibdir. Ona görə də hökumət üzvlərinin büdcə müzakirələrinə gəlməməsilə bağlı problemi yalnız hökumətin özündə axtarmaq doğru olmaz. Proseduralar və müzakirə olunan məsələlərin mahiyyəti dəyişməlidir. Belə olarsa, hökumət də parlament müzakirələrinə daha ciddi önəm verəcək».

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli isə deyir ki, Yeni Azərbaycan Partiyası icra katibinin hökumət üzvlərinin parlamentə gəlməməsilə bağlı tənqidi çıxışı təqdirəlayiq haldır: «Bundan öncə də Milli Məclsdə oxşar fikirlər səsləndirilib. Ötən illərdə büdcə müzakirələri zamanı müxalifətdən olan deputatların qaldırdıqları məsələlərə YAP-ın parlament təmsilçiləri hər zaman əks reaksiya verirdilər. Vaxtilə bu məsələlər qaldırılanda daha sonra baş verəcək problemlər barədə müxalifətçi deputatlar tərəfindən həyəcan siqnalı verilmişdi. Göründüyü kimi bəzi hökumət üzvləri nə parlament, nə də bütövlükdə ictimaiyyət qarşısında öz məsuliyyətlərini hiss etmirlər. Bunun üçün də zənnimcə mexanizmin özünü dəyişmək lazımdır. YAP və hörmətli Əli Əhmədov vaxtilə BAXCP-nin Milli Məclisə təqdim etdiyi Konstitusiya dəyişiklikləri layihəsini dəstəkləsəydi bu gün belə problemlərlə qarşılaşmazdılar. Partiyamız bu problemlərin fundamental həllini təqdim edib. Hesab edirik ki, hökumətin  parlament qarşısında məsuliyyətini artırmaq, onun üzərində nəzarəti gücləndirmək üçün hökumətin Milli Məclis tərəfindən formalaşdırılması vacibdir. Bunun üçün də hökumət parlament seçkilərində qalib gələn siyasi partiya və yaxud siyasi partiyalar bloku tərəfindən formalaşdırılmalıdır. Düşünürəm ki, problemin konstitusion əsaslarla fundamental həlli üçün vacib müzakirələr
keçirilməlidir, hökumət də islahatların vacibliyini qəbul etməli və bu istiqamətdə müvafiq addımlar atmalıdır».
Rüfət Sultan

Leave A Comment