İpotekanın çətin yolları

İpotekanın çətin yolları

Çətin ipoteka şərtləri ilə də kredit götürənlər var….

Azərbaycanda ipoteka ilə ev alanların sayı çox azdır. Mütəxəssislər bunu ipoteka şərtlərinin ağırlığı ilə izah edirlər. İqtisadçıların fikrincə, problemin kökündə ipotekaya ayrılan maliyyənin azlığı, bank sektorunun inkişaf  etməməsi, əhalinin sosial vəziyyətinin yüksək olmaması kimi amillər dayanır.  Bununla belə,  ipotekanın hazırki şərtləri ilə razılaşıb, ondan istifadə edənlər
də az deyil. Maraqlıdır, ağır şərtlərlə ipoteka krediti alanlarlar kimlərdir, bu  onlara necə sərfəlidir?Modern.az bunu iqtisadçılardan  soruşub.
İqtisadçı Vüqar Bayramov araşdırmaları əsasında deyir ki, bütövlükdə ipoteka  kredit alanların 41 faizi 29 yaşına, 28 faizi isə 36 yaşından yuxarı olan  vətəndaşlardır. Bu rəqəmlər göstərir ki, ipoteka kreditləri alanlar var.

İpoteka kreditinə kimin əli çatır?
Ekspertin sözlərinə görə, ipotekadan istifadə edənlərin böyük əksəriyyəti  özəl sektorda çalışanlardır. Bu şərtlərdən istifadə edənlər arasında xeyli sayda neft şirkətində işləyənlər var. Eləcə də hərbçilər kreditin bu növündən istifadə  edə bilirlər.

Dövlət qrumlarında işləyənlərin, jurnalistlərin isə ipoteka proqramından istifadə etmək imkanları məhduddur. Ekspertin dediyinə görə, həmin sahədə işləyənlərin  real əməkhaqqları aşağı olduğundan, ipoteka kreditlərindən  istifadə imkanları olduqca məhduddur. Bu səbəbdən də ipoteka kreditindən iri şirkətlərdə çalışıb yüksək əməkhaqqı alan insanlar yararlana bilirlər.

Sənədlərin sayına görə dünyada 1-ci yerdəyik

Ümumiyyətlə, ipoteka götürmək üçün tələb olunan sənədlərin çoxluğu, faiz dərəcələrinin yüksək olması kreditin bu növündən istifadə etməyi çətinləşdirir. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan ipoteka krediti almaq üçün təqdim edilən sənədlərin sayına görə dünyada 1-ci yerdədir. Ölkəmizdə ipoteka krediti götürmək istəyən vətəndaş azı 18 sənəd təqdim etməlidir.

Mütəxəssislərin dediyinə görə, buna səbəb İpoteka Fondunun hələ də köhnə metodlarla işləməsidir.

Faizlər “qan-qan” deyir…

Azərbaycanda ipoteka kreditlərinin faizləri əksər ölkələrdəkindən yüksəkdir. Ölkəmizdə adi ipoteka kreditləri 8, güzəştli ipoteka kreditləri 4 %-lə verilir.  Adi ipoteka kreditlərində maksimal məbləğ 50 min, güzəştli ipoteka kreditlərində  isə 35 min manatdır. Lakin əksər ölkələrdə şərtlər xeyli yüngüldür. Məsələn, Gürcüstanda ipoteka kreditlərinin faiz dərəcəsi 4%, Rusiyada 3%, Türkiyədə isə
3,7%-dir. Fransa, Portuqaliya, Belçika, Almaniya və İtaliyada ipoteka kreditini 1,5%, Kipr, İspaniya və Yunanıstanda 2%, Danimarkada 1,3%, Türkmənistanda və Kanadada 1%-lə almaq mümkündür. Qeyd edək ki, bu ölkələrdə 65 yaşa qədər
vətəndaşların ipoteka krediti əldə etmək hüququ var. Həm də cəmi 2-3 sənəd təqdim etməklə.

Ərəb ölkələrində ipoteka “cənnəti”

İpoteka ilə mənzil almaq üçün ən ideal şərtlər isə neft ixrac edən ərəb  ölkələrindədir. Birləşmiş Ərəb Əmirliklərində yeni evlənənlər dövlətdən 20 min  dollaradək faizsiz kredit alır. Lakin ailədə birinci uşaq doğulan kimi kredit  bağışlanır. Bundan əlavə, hər yeni qurulan ailənin hesabına dövlət 100 min dollar köçürür.

İqtisadçı Vüqar Bayramov deyir ki, şərtlərinin ağırlığı, yüksək əməkhaqqının  tələb olunması faiz dərəcələrinin yüksək olmasından irəli gəlir. Odur ki,  ipoteka şərtlərinin təkminləşdirilməsinə ehtiyac var.

“İpoteka kreditləri tək varlılar üçün deyil”

“İpoteka kreditləri tək varlılar üçün deyil, həm də mənzilə ehtiyacı olan,  birdəfəlik ödənişə imkanı olmayanlar üçündür. Odur ki, şərtlərdə təkmilləşmələr  aparılmalıdır. Düzdür, təkmilləşdirilmənin aparılması o demək deyil ki, yalnız ipoteka kreditindən istifadə olunsun. Çünki kreditin ilkin şərtləri saxlanılsa belə, ipoteka kreditlərindən istifadə edənlər olacaq. Məsələn, elə təbəqələr var
ki, ağır şərtlərlə də ipoteka krediti götürür. İpoteka kreditinin təkmilləşdirilməsində məqsəd proqramın şərtlərinin dəyişdirilməsi deyil, həm də aztəminatlı insanlara bu kreditlərdən istifadə etmək imkanı yaratmaq olmalıdır”.

Qeyd edək ki, Azərbaycanda İpoteka Fondunun hesabına ipoteka kreditlərinin verilişinə 2006-cı ildən başlanılıb.

 

Gültəkin Ələsgər

Leave A Comment