Rusiyadan gözlənilən təhlükə…

Rusiyadan gözlənilən təhlükə…

Vüqar Bayramov: “Soydaşlarımızın kütləvi dönüşü ölkə iqtisadiyyatını məhv edə bilər”

Belə bir axın həm iqtisadi, həm sosial baxımdan arzuedilən deyil”

Rusiyadakı azərbaycanlıların milli zəmində sıxışdırılması məsələsi hər zaman gündəmdə olsa da, son aylar baş verən olaylar bu problemi bir qədər də aktuallaşdırıb. Belə ki, qonşu ölkədə məskunlaşan azərbaycanlıların fiziki zorakılığa məruz qalmaqla yanaşı, əmək bazarından da ciddi surətdə sıxışdırılması məsələsi soydaşlarımıza qarşı təzyiqin sistemli xarakter aldığını göstərir. Son günlər Rusiyada azərbaycanlıların da çalışdığı 300-ə yaxın bazar və yarmarkanın bağlanacağı xəbəri də həmvətənlərimizə qarşı təzyiq kampaniyasının növbəti dalğası hesab edilə bilər.

Məlumat üçün qeyd edək ki, artıq bir neçə aydır Rusiyada qeyri-ruslara, xüsusilə də azərbaycanlılara qarşı müxtəlif formada təzyiqlər həyata keçirilir. Xarici vətəndaşlara spirtli içki, tütün məmulatları satışına qadağa qoyulması, onların Rusiyanı tərk etməsinə səbəb olan ağır ictimai və siyasi basqı və s. bütün bu proseslərin vahid mərkəzdən idarə edildiyini göstərir. Bu baxımdan azərbaycanlıların iş yerlərinin əllərindən alınması onların Rusiyanı tərk etməsinə səbəb olan daha effektiv basqı metodu kimi diqqəti cəlb edir. Şübhəsiz, Rusiya hökuməti yaxşı bilir ki, bu gün adıçəkilən ölkədə müvəqqəti olaraq məskunlaşan soydaşlarımızın böyük bir qismi bazar və yarmarkalarda biznes fəaliyyəti ilə məşğul olmaqda, öz dolanışıqlarını bu üsulla təmin etməkdədir. Odur ki, bu sahədə həyata keçirilən hər bir dəyişiklik ilk növbədə yüz minlərlə azərbaycanlının sosial rifahına təsir edəcək, onların həyatını əhəmiyyətli surətdə dəyişəcəkdir.

Şübhə yoxdur ki, iş yerləri bağlanandan sonra soydaşlarımızın bir çoxu Azərbaycana qayıtmaq, öz əmək fəaliyyətlərini burada davam etdirmək məcburiyyətində qalacaqdır. Proseslərin bu məcrada inkişafı isə Azərbaycan iqtisadiyyatına yaxşı heç nə vəd etmir. Bəzi iqtisadçı ekspertlər hesab edir ki, Rusiyada məskunlaşan azərbaycanlıların hətta müəyyən faizinin belə Azərbaycana dönüşü respublika iqtisadiyyatı üçün ciddi problemlər yarada bilər. Onların fikrincə, bu gün Azərbaycan iqtisadiyyatında kifayət qədər ciddi problem mövcuddur və bu baxımdan ölkə iqtisadiyyatı yüz minlərlə insanın iş problemini həll etmək iqtidarına malik deyil.

Bundan başqa, ekspertlər hesab edir ki, Azərbaycanda işsizlik faizinin həddindən artıq yüksək olduğu və insanların bir çoxunun öz sosial durumunu yaxşılaşdırmaq üçün əcnəbi ölkələrə üz tutduğu bir vaxtda yüz minlərlə iş qabiliyyətli soydaşımızın geriyə dönüşü iqtisadi fəlakətlə nəticələnə bilər. Çünki Azərbaycan iqtisadiyyatı və əmək bazarının bu insanların işə olan tələbatını təmin edə bilməyəcəyi göz önündədir. Həmçinin, bu gün Azərbaycanda yaşasa da Rusiyadan göndərilən pullar hesabına dolanan on minlərlə ailə var ki, bu axın onların da yaşamına mənfi mənada təsir göstərəcək. Odur ki, Rusiyadakı soydaşlarımızın Azərbaycana ehtimal edilən kütləvi axını ekspertlər tərəfindən birmənalı şəkildə iqtisadi fəlakət kimi dəyərləndirilməkdədir.

İqtisadçı-ekspert Vüqar Bayramov da belə bir axının Azərbaycan iqtisadiyyatı üçün ciddi problemlər yaradacağını bildirdi. Ekspertin sözlərinə görə, bu, Rusiyadan Azərbaycana göndərilən vəsaitin miqdarında da özünü göstərəcək: “Təbii ki, Rusiyada yaşayan azərbaycanlıların bir qisminin Azərbaycana qayıtması arzuolunan deyil. Çünki bütün hallarda bu, həm əmək bazarında gərginliyin yaranmasına səbəb olacaq, həm də Rusiyadan Azərbaycana köçürülən vəsaitlərin həcminin azalmasına gətirib çıxaracaqdır. Rəsmi məlumatlara görə, il ərzində Rusiyadan Azərbaycana bir milyard dollar, qeyri-rəsmi məlumatlara görə isə 3 milyard dollar pul gəlir. Bu baxımdan sözsüz ki, belə bir axın sosial baxımdan arzuolunan deyil”.

Ekspertin sözlərinə görə, bu axın əmək bazarına xüsusilə sarsıdıcı təsir göstərəcək: “Bu axın ölkədə əmək bazarında gərginliyi artıracaq. Çünki onların böyük bir qismi ixtisası olmayan insanlardır. Təbii ki, sabah onlar Azərbaycana qayıdandan sonra işlə təmin olunmağa çalışacaqlar. Belə bir axın həm iqtisadi, həm sosial baxımdan arzuedilən deyil. Əgər belə bir axın olarsa, bu sosial-iqtisadi baxımdan neqativ təsirlərə səbəb olacaq”.

Seymur Əliyev

Leave A Comment