Uçot stavkasının aşağı salınması bank sektorunda nəyi dəyişəcək?

Uçot stavkasının aşağı salınması bank sektorunda nəyi dəyişəcək?

Vüqar Bayramov: “Bu qərar bank sistemində hər hansı ciddi dəyişikliklərə səbəb olmayacaq”
Bu gündən etibarən Mərkəzi Bankın uçot dərəcəsi 5.25%-dən 5%-ə endirilir. Mərkəzi Bankın məlumatına görə, bu inflyasiyanın optimal səviyyədə olmasını nəzərə almaqla faiz dərəcələrinin daha da enməsinə şərait yaratmaq və bu yolla qeyri-neft sektorunda iqtisadi artımı dəstəkləmək üçündür. Bankdan bildiriblər ki, manatın məzənnəsinin sabitliyi qorunub, pul kütləsi inflyasiya hədəfinə
uyğun templə artıb. Ölkədə inflyasiya birrəqəmli səviyyədə qalıb, orta illik inflyasiya tempi (1.3%) tərəfdaş ölkələrdən əhəmiyyətli aşağı olub. Bu şəraitdə kreditlər üzrə orta faiz dərəcələrində azalma meyilləri müşahidə olunub.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov bankın bu addımını şərh edərək bildirib ki, uçot stavkasının 0,25 faiz aşağı salınması bank sektorunda hər hansı ciddi dəyişikliklərə səbəb olmayacaq: “Əvəlla, MB bu addımın sektorda və eləcə də
monetar siyasətdə baş verən dəyişikliklər ilə əlaqələndirsə də bank sistemdə reallıqda 2012-ci ildə fərqli dəyişikliklər müşahidə edilməyib. Bankların vəsaitlərin cəlb edilməsi mənbələrində ciddi şaxələnmə yoxdur, təklif edilən kredit faizləri yüksək, cəlb edilən əmanətlər üzrə divident ödənişləri isə aşağı olaraq qalmaqdadır. İkincisi, mərkəzləşdirilmiş kredit resursları bankların cəlb etdiyi bütün mövcud vəsaitlərin cəmi 5 faizini təşkil etdiyindən uçot stavkasının aşağı salınması nəinki ciddi hətta hiss edilən faiz
endirimlərinə və ya bankların ucuz vəsaitlər ilə təmin edilməsinə səbəb ola bilməz. Üçüncüsü, mərkəzləşdirilmiş kreditlərdən heç də bütün bankların istifadə imkanları olmadığından bu qərar bütün bank sektorunu əhatə edə bilmir. Azərbaycanın əksər aparıcı banklarında mərkəzləşdirilmiş kreditlərin payı ya cüzidir, və ya ümumiyyətlə yoxdur. Dördüncüsü, Mərkəzi Bankın bu tip kreditləri
adətən sağlamlaşdırıcı kreditlər kimi bölüşdürür ki, bəzi hallarda bu zaman bankların seçim meyarları tam aydın olmur. Beşincisi, uçot stavkasının aşağı olmasına baxmayaraq mərkəzləşdirilmiş kreditlərin verilməsi şərtlərinin ağır olması (kreditin müddəti, girov şərtləri və  s.) bankların bu vəsaitlərdən istifadə meyilərini azaldır. Nəhayət, sonuncusu, bir sıra digər ölkələrdən fərqli olaraq mərkəzləşdirilmiş kreditlərə müraciət açıq pəncərə əsasında formalaşmadığ üçün kommersiya banklarının həmin vəsaitlərdən istifadə imkanlarını məhdudlaşdırır”.

Vüqar Bayramov deyib ki, MB uçot stavkasının aşağı salınmasında faiz dərəcələrinin daha da enməsinə şərait yaratmaq və bu yolla qeyri-neft sektorunda iqtisadi artımı dəstəkləmək kimi iki əsas məqsədə nail olmaq istədiyini bəyan etsə də son addım sözügedən istiqamətdə hər hansı təsirlərə malik olmayacaq. Əvəlla, mərkəzləşdirilmiş kreditlərin payı bankların kredit portfelində cüzi olduğundan bu kredit faizlərin aşağı salınmasına gətirib cıxarmayacaq. Buna görə də, yaxın aylarda kredit faizlərində hər hansı
azalmalarının olacağı heç bir halda proqnozlaşdırılmır. İkincisi, bu qərar kredit siyasətini yumşaldılmasına gətirib çıxarmayacağından qeyri-neft  sektorunun da ucuz kreditlər cəlb etmək imkanı olmayacaq. Deməli, bu addım qeyri-neft sektorunun inkişafı imkanlarının genişləndirilməsi baxımından da qiymətləndirilə bilməz.

İqtisadçı alim bildirib ki, 2012-ci ildə bank sektorunda cəlb edilən vəsaitlərin strukturunda ciddi dəyişiklilər baş vermədiyi üçün kredit bazarında hiss edilən dəyişikliklər müşahidə edilmədi. Kredit faizləri yüksək olaraq qalmaqdadır və bunun aşağı salınması istiqamətdə
Mərkəzi Bankın təşviqedici fəaliyyəti müşahidə olunmur. Əksinə, indi bank sektorunda cəlb edilən əmanətlər üzrdə dividentlər ilə təklif edilən kreditlər üzrə faiz dərəcələri arasında kəskin uçurum var. Vətəndaşlardan əmanətləri orta hesabla illik 8 faizlə alan banklar kreditləri 25 faizlə bölüşdürür. Bu isə 3 dəfədən artıq fərq deməkdir. Sadə dillə desək, vətəndaşdan 8 faizlə pulu alan bank həmin vəsaiti digər vətəndaşa 25 faizlə verir. Hətta dividentləri banklar üçün yeganə maliyyə mənbəsi olmadığını da nəzərə aldıqda da beləe bu isə iqtisadi baxımdan normal hal kimi qiymətləndirilə bilməz.

Vüqar Bayramov bildirib ki, uçot stavkasının aşağı salınmasından yalnız mərkəzləşdirilmiş kreditlərə çıxış imkanları olan az
sayda banklar yararlana bilər.Təəssüf ki, heç də bütün bankıların reallıqda bu vəsaitləri əldə etmək imkanları yoxdur. Bu isə MB-nin son qərarının heç də bütün bankları əhatə etməyəcəyindən xəbər verir.

İSİM sədrinin fikrincə, Mərkəzi Bankın uçot stavkasının azaldılması ilə bağlı qərarı daha çox bankın proseslərə çevik reaksiya verməsi görüntüsü yaratması təsiri bağışlayır. Aydındır ki, bank sektorunun indiki durumunda uçot stavkasının 0,25 faizi aşağı salınması
əhəmiyyətli dəyişikliklərə səbəb olmayacaq. Belə olan halda, MB-ni 1 faizin 1/4-i həcmində faiz endirimlərinə getməsini səbəbləri tam olaraq iqtisadi faktorlar ilə izah edilməsi çətinləşir. Avropa Mərkəzi Bankın uçot stavkası ilə bağlı sıfır tamlı endirimləri Azərbaycan Mərkəzi Bank üçün nümunə ola bilməz. Çünki hal-hazırda 0,75 % uçot stavkası olan Avropada hətta 0,05 faizlik endirimlər də
bu qitənin bank sistemində ciddi dəyişikliklərə səbəb olub.

Vüqar Bayramovun fikrincə, MB-nin uçot stavkasının dəyişdirilməsi ilə bağlı qərarların verilməsi zamanlarına və eləcə də həmin vaxt bank sektorunda real vəziyyəti nəzərə aldıqda son addımların izah edilməsi daha da çətinləşir. Belə ki, MB uçot stavkasının 5,25 faizə
çatdırılması ilə bağlı qərar qəbul edən zaman da oxşar arqumentlərdən istifadə edilmişdi.

İqtisadçı alim onu da bildirib ki, Mərkəzi Bankın bank sektorunun sağlamlaşdırılması, bu sektordakı haqsız rəqabəti aradan qaldırılması və eləcə də sektorun liberallaşması istiqamətində addımlar atması daha məqsədə uyğun olardı. Bu gün ölkənin kommersiya bankları MDB-də ən bahalı kredit siyasətlərindən birini yürüdürlər, problemli kreditlərin bank aktivlərindəki payına görə bank sektorumuz regionda ən pis vəziyyətə malikdir. Bunlar isə bank sektorunda ciddi islahatların aparılmasını qaçılmaz edir.

 

Leave A Comment