İranla azad ticarət zonası…

İranla azad ticarət zonası…

Vüqar Bayramov: «İrana qarşı ciddi sanksiyaların tətbiq olunduğu bir vaxt onunla ölkəmiz arasında azad ticarət zonasının yaradılması barədə əməkdaşlıq arzuolunan deyil»

 

Elxan Mehdiyev: «Belə bir ideya Azərbaycanın maraqlarına uyğundursa, ona getməlidir»

 

Azərbaycanın qonşuları ilə münasibətləri inkişaf etdirməsi və bu istiqamətdə atdığı addımlardan biri də bəzi qonşu ölkələrlə azad ticarət zonasının yaradılmasıdır. Hansı ki, belə ticarət zonaları ən azından sərhəd ərazilərdəki bölgələrin inkişafına stimul verir. Mətbuatın məlumatına görə, dekabrın 9-da Təbriz şəhərində İranın Şərqi Azərbaycan vilayətinin valisi Əhməd Əlirza Beyqi ilə Azərbaycanın Tehrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov arasında görüşdə də iki ölkə arasında azad ticarət zonasının yaradılması məsələsi müzakirə predmeti olub. Görüşün sonu olaraq İranla Azərbaycan arasında sözügedən məsələ ilə bağlı razılıq əldə edilib. Belə ki, Tehranla Bakı arasında «Araz» azad ticarət zonasının yaradılması üçün hazırlıqlara başlanılması, müvafiq sənədlərin hazırlanması və gələcəkdə iki ölkə rəsmiləri tərəfindən imzalanması qərara alınıb.

Qeyd edək ki, hazırda Azərbaycan Qərblə geniş əməkdaşlıq qurub. Avropanın enerji tələbatının təmin edilməsində Bakının xüsusi rolu var. İrana gəldikdə isə, hazırda bu ölkə ABŞ başda olmaqla Qərbin ciddi sanksiyaları ilə üz-üzədir. Tədricən Qərb həmin sanksiyaların əhatə dairəsini daha da genişləndirir. Belə bir ərəfədə, Azərbaycanla İran arasında azad ticarət zonasının yaradılması barədə razılıq əldə olunur.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Qərb amilini nəzərə alaraq Bakı ilə Tehran arasında azad ticarət zonasının yaradılması ideyasının gerçəkləşəcəyinə əmin deyil: «Bu məsələ xeyli vaxtdır ki, müzakirə olunur. İki ölkə arasında aparılan müzakirələrdə söhbət açılan mövzulardan biri də məhz azad ticarət zonasının yaradılması məsələsidir. Ölkəmizin cənub sərhədlərində belə bir iqtisadi zonanın yaradılması güman edilir. Amma onun baş tutacağına birmənalı qiymət vermək mümkün deyil. İranın Azərbaycanla azad ticarət zona yaratmasının ölkəmiz üçün müəyyən müsbət və mənfi tərəfləri var. Bu məsələdə mənfi cəhət odur ki, hazırda İranın Qərb dünyası və ABŞ-la münasibətləri olduqca gərgindir. Qərbin İrana sanksiyalar tətbiq etdiyi bir şəraitdə isə onunla əməkdaşlıq heç də birmənalı qarşılana bilməz və qarşılanmır da. Bu proses Qərbin təzyiqlərinin müəyyən mənada Azərbaycana da yönəlməsinə gətirib çıxarar. Qərblə İran arasında müəyyən gərginliyin yaşandığını nəzərə alsaq, sözügedən addımın reallaşması Azərbaycan üçün heç də yaxşı olmaya bilər. İqtisadi baxımdan isə iki ölkə arasında azad ticarət zonasının yaradılmasının müsbət tərəfləri var. İranla qonşu ölkəyik və azad ticarət zonasının yaradılması İran investorlarının Azərbaycana və əksinə Azərbaycan investisiyasının İrana yönəlməsinə stimul verə bilər. Amma bütün hallarda bu ideyanın baş tutacağına inanmıram. Reallaşma imkanları xeyli məhduddur. Siyasi məqamları əsas gətirərək inanmıram ki, Azərbaycan bu işə getsin. Həmin ideya sərhəd ərazilərində əməkdaşlığın güclənməsinə xidmət etsə də, İranla ölkəmiz arasında bu tip zonanın yaradılmasını real saymıram».

Politoloq Elxan Mehdiyev İranla Azərbacyan arasında azad ticarət zonasının yaradılması ideyasının baş tutmasını real sayır: «İki qonşu ölkə arasında belə bir ticarət zonasının yaradılması nə üçün baş tutmasın ki? Belə bir ideya Azərbaycanın maraqlarına uyğundursa, ona getməlidir. Həm də cənub qonşumuzla azad ticarət zona təklifinin reallaşıb reallaşmayacağı Azərbaycanın öz daxili işidir. Kənardan kimsə buna müdaxilə və təzyiq edə bilməz. Azərbaycanın 20 faiz torpaqları işğal altında olsa da, indiyə kimi heç bir ölkə Ermənistana hər hansı bir təzyiq göstərməyib. O baxımdan bizim İranla münasibətlərimizə heç kim qarışa bilməz. Sərhəd boyunda yaşayan insanlar eyni soydaşlarımızdır. Bu mənada azad ticarət zonasının yaradılması soydaşlarımızın yaşadığı cənub ərazilərdə iqtisadi təkana gətirib çıxara bilər».

Politoloq Taleh Əliyev cənub qonşumuzla azad ticarət zonasının yaradılmasını uğurlu ideya saymır: «Azərbaycanın İranla azad ticarət zonasına gedilməsi hazırkı situasiyada doğru addım olmazdı. İran atom silahı istehsalı üzərində israr etdiyindən dünyadan təcrid olunmuş vəziyyətdədir. Ona qarşı Qərbdən ciddi sanksiyalar tətbiq olunur. İran neftinin alınmasına embarqo qoyulub. Nəticədə bu ölkə hazırda iqtisadi sarsıntı keçirir, onun valyutası öz məzənnəsini itirməkdə davam edir. Belə bir şəraitdə İran üçün iqtisadi nəfəslik yaradan bir layihəyə qol qoymaq doğru deyil. Digər tərəfdən, ideyanın reallaşacağı da inandırıcı görünmür. Çünki ticarət zonası kimi İranın sərhəd əraziləri uğurlu bölgə deyil, əksinə risqli ərazidir. O cümlədən, Güneyli soydaşlarımıza münasibətdə İranın yürütdüyü qeyri-insani münasibətlər və Tehranın ölkəmizə münasibətdə sərgilədiyi siyasət iki ölkə arasında azad ticarət zonasının yaradılmasını şübhə altına qoyur».

 

Rüfət Sultan

 

Leave A Comment