Cekson-Venik düzəlişinin ləğv edilməsi nə zaman reallaşacaq?

Cekson-Venik düzəlişinin ləğv edilməsi nə zaman reallaşacaq?

ABŞ prezidenti Barak Obama Rusiya və Moldova ilə ticarəti məhdudlaşdıran Cekson-Venik düzəlişinin ləğv edilməsi barədə Konqresdə qəbul edilən müvafiq qanun layihəsini imzalayıb. Xatırladaq ki, daha əvvəl Cekson-Venik düzəlişi Qırğızıstan, Gürcüstan, Ermənistan və Ukrayna üçün də ləğv edilmişdi. Ancaq hazırda Azərbaycana qarşı isə ABŞ-ın həm bu, həm də “Azadlığa dəstək aktı”na əlavə edilmiş 907-ci düzəliş qüvvədə qalmaqdadır.

Siyasi şərhçi Cümşüd Nuriyev bildirir ki, bu, ABŞ-ın nə qədər ikiüzlü siyasət yürütdüyünə dəlalət edir: “Əvvəl o düzəliş SSRİ dövlətinə şamil olunmşudu. SSRİ dövlətinin də hüquqi varisi Rusiya Federasiyasıdır. Əgər ABŞ Rusiya Federasiyası ilə münasibətdə bağlı Cekson-Venik düzəlişini ləğv edirsə, ümumilikdə, bu düzəliş bütövlükdə dayandırılmalı idi. Moldovaya qarşı da götürəndən sonra Azərbaycanı bu siyahıya salınmaması o deməkdir ki, bu, Rusiya ilə razılaşdırılmış bir addımdır. Çünki, hal-hazırda ABŞ Rusiya ilə üzdə soyuq müharibədə olsa da, onların maraq dairələrinə uyğun birgə addımlar atması ehtimalı daha yüksəkdir.

Əslində, bu, ABŞ üçün böyük bir utancdır. ABŞ öz hərəkətindən utanmalıdır ki, SSRİ-nin yerində Azərbaycanı görür. ABŞ nə qədər ki, belə ikili standartla siyasət yürüdəcək, o qədər də Qafqaz siyasəti heç nəyə yaramayacaq. Hətta ABŞ-ın buradakı səfirinin fəaliyyəti də anlaşılan deyil. Eyni zamanda Azərbaycan müxalifətinin gedib səfirlə görüşməsi də qəbuledilməzdir. Bütün hallarda Barak Obamanın edilən bu sayğısızlığına mənfi münasibət bildirilməlidir. Halbuki Azərbaycan dövləti həm mədəniyyətinə, həm tarixinə, həm də incəsənətinə görə ABŞ-dan daha qədimdir”.

İqtisadçı ekspert Vüqar Bayramov isə bildirir ki, bu düzəlişin Azərbaycana qarşı qalmasını ayrı-seçkilik kimi qiymətləndirmək düzgün olmazdı: “Çünki, bu düzəliş, ABŞ-ın MDB ölkələri ilə münasibətinə hansısa təsir göstərmir. Nəzərə alsaq ki, bu, ABŞ-ın SSRİ-yə qarşı tətbiq edilmiş düzəliş idi. SSRİ dağılandan sonra isə praktiki olaraq həmin düzəliş öz əhəmiyyətini itirdi. SSRİ dağılandan sonra eyni düzəlişi ABŞ keçmiş SSRİ ərazisindəki ölkələrə tətbiq etdi. Yəni, Azərbaycana da tətbiq edildi. Amma nəzərə alaq ki, hazırda Azərbaycan ABŞ-ın ən böyük ticari tərəfdaşlarından biridir. Bu əlaqədə ABŞ ilk 3-lüyə daxildir. Bu da ondan xəbər verir ki, sözügedən düzəliş ABŞ ilə Azərbaycan arasındakı münasibətlərə təsir göstərmir. Çünki, bu düzəliş daha çox simvolik xarakter daşıyır. Praktiki olaraq, ABŞ ilə Azərbaycan arasında ticarət və iqtisadi əlaqələrdə hansısa bir problem müşahidə edilməyib. Əksinə, ABŞ-dan Azərbaycana idxalda kəskin artımlar var. Əgər 2007-ci ildə ABŞ ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 260 milyon ABŞ dolları idisə, bu rəqəm 2011-ci ildə 3 dəfədən artıq olub. ABŞ-dan 2008-ci ildə Azərbaycana 601 milyon dollarlıq məhsul ixrac edilibsə, 2011-ci ildə bu rəqəm 1.8 milyard dollar idi. Bu rəqəmlər göstərir ki, düzəlişin qüvvədə qalmasına baxmayaraq, ABŞ – Azərbaycan ticari əlaqələrində azalma yoxdur. Xüsusi ilə də investisiya qoyuluşunda ABŞ-ın payının artması müşahidə edilir. İl ərzində ABŞ şirkətləri Azərbaycana təqribən 80 milyon dollarlıq investisiya həyata keçirir. Yəni, praktiki olaraq nə investisiya qoyuluşunda, nə də idxal-ixracda heç bir boşluq yoxdur. Ona görə də bu düzəlişin qüvvədə qalması ABŞ-ın Azərbaycana münasibətini ifadə etmir”.

Digər politoloq Elman Nəsirov bildirir ki, bu, Sovet İttifaqına tətbiq edilmiş qadağa aktı idi: “Sovet İttifaqının varisi kimi məhz Rusiya Federasiyası qaldığından, avtomatik olaraq Rusiyaya qarşı da tətbiq edilirdi. Baxmayaraq ki, real gücünü itirmişdi. Amma ləğv olunmamışdı. Artıq ABŞ Rusiya ilə Cekson-Venik düzəlişini ləğv edib. Amma əvəzində “Magnitski aktı” çıxıb. “Magnitski aktı” ABŞ – Rusiya münasibətlərini növbəti çox ciddi sınağına çevrilib”.

Politoloq onu da əlavə etdi ki, Azərbaycan və digər sovet respublikalarına münasibətdə bu qadağa aktının elə də təsir gücü yoxdur: “Çünki, varis Rusiya olduğu üçün bu məsələyə xüsusi diqqət verməyin ciddi əsası yoxdur. ABŞ ilə əsas problemimiz, 1992-ci ildə oktyabrın 24-də qəbul olunmuş “Azadlığa dəstək aktı”na əlavə edilmiş 907-ci düzəlişdir. İndiyə qədər o ləğv olunmayıb. Cekson – Venik düzəlişi isə Azərbaycan ilə münasibətdə xüsusi rolu olan sənəd deyil”.

Xatırladaq ki, Cekson-Venik düzəlişi 1974-cü ildə Konqres tərəfindən yəhudilərin azad mühacirət hüquqlarını məhdudlaşdıran dövlətlərə qarşı ticarət sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan ABŞ Ticarət Aktına edilən düzəlişdir. Düzəlişdə nəzərdə tutulan sanksiyalar ABŞ tərəfindən MDB dövlətləri və Çin Xalq Respublikasına qarşı tətbiq edilir.

Mübariz BAYRAMOV

Leave A Comment