“Gürcüstan Azərbaycanla münasibətlərə daim önəm verəcək”

“Gürcüstan Azərbaycanla münasibətlərə daim önəm verəcək”

Azərbaycan dövlətinin strateji yanaşması ondan ibarətdir ki, ölkəmiz öz qonşuları ilə və onlar arasındakı münasibətlərin yaxşılaşdırılmasında maraqlıdır. Əgər Ermənistan dövləti işğal altında saxladığı Azərbaycanın torpaqlarını geri qaytararsa həmin dövlətlə də münasibətlər qurula bilər. Təbii ki, bu da Ermənistan tərəfinin danışıqsız, qeyri-şərtsiz torpaqları Azərbaycana qaytaracağı təqdirdə reallaşa bilər. Bunu SİA-ya iqtisadçı-ekspert Vüqar Bayramov söyləyib.

Onun sözlərinə görə, bütövlükdə strateji yanaşma ondan ibarətdir ki, Azərbaycan regionda sülhün qorunmasında və dəstəklənməsində maraqlıdır: “Bu baxımdan Gürcüstandakı hakimiyyət dəyişikliklərindən sonra Gürcüstan və Rusiya arasında münasibətlərin yaxşılaşması Azərbaycan dövlətinin maraqlarına uyğundur. Çünki ölkəmiz regionda həm iqtisadi həm siyasi gərginliyin olmasında maraqlı deyil. Hazırda Gürcüstan iqtsadiyyatında Azərbaycan şirkətlərinin, dövlətinin böyük rolu vardır. Gürcüstan hökümətindəki dəyişikliklərdən sonra Azərbaycanla həmin adı çəkilən dövlət arasında iqtisadi gərginlik proqnozlaşdırılsa da bütün bunlar özünü doğrultmadı. Bu da təbii ki, iki ölkə arasında olan danışıqlardan, münasibətlərdən irəli gəlir. Hesab etmirəm ki, gələcəkdə də belə bir gərginlik yaşansın”.

İqtisadçı-ekspert hesab edir ki, Gürcüstan hakimiyyətindəki ruspərəstlərin və qərbpərəstlərin olmasından asılı olmayaraq həmin dövlət Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlıdır: “Bu gün ARDNŞ Gürcüstanda ən çox vergi ödəyən xarici şirkətdir. Bununla belə Gürcüstan dövlət büdcəsinin formalaşmasında ARDNŞ-ın kifayət qədər böyük rolu vardır. Digər tərəfdən isə Gürcüstan tranzit ölkədir. Azərbaycanın həyata keçirdiyi layihələrin böyük əksəriyyəti həmin dövlət vasitəsilə reallaşır. Həmçinin bu dövlət mavi qazı Azərbaycan alır. İl ərzində bir milyard kub metr mavi qaz Azərbaycan ərazisindən Gürcüstana ixrac edilir. Məhz buna görə də adı çəkilən bu dövlətdə hakimiyyətdə kimin olmasından asılı olmayaraq Gürcüstan tərəfi Azərbaycanla münasibətlərə önəm verəcək”.

Leave A Comment