2013-də maaşlar nə qədər artacaq?

2013-də maaşlar nə qədər artacaq?

2013-cü ildə orta aylıq əmək haqqında artımlar gözlənilir. Hazırda ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı 403,3 manat təşkil edir.

İqtisadi İnkişaf Nazirliyinin hazırladığı Azərbaycan Respublikasının iqtisadi və sosial inkişaf konsepsiyasına əsasən 2013-cü ildə ölkədə orta aylıq əmək haqqı 440,3 manata çatacaq. Bu da 3,9 faiz artım deməkdir. Sual doğuran məqam orta aylıq əmək haqqı artımının özəl sektorda əmək haqqı artımına təsirlərinin nədən ibarət olacağıdır. Bildirək ki, dövlət müəssisələrində çalışanların məvaciblərinin həcmi, eləcə də artımı bəlli olsa da, özəl sektorla bağlı belə bir statistika aparılmır. Bu sektorda əməkhaqqı artımlarının necə tənzimləndiyi bəlli deyil. Bəzi şirkətlərdə maaşlar yüksək olsa da, bəzilərində maaş siyasəti ölkə üzrə orta aylıq əmək haqqına belə uyğun gəlmir.

İşləyənlərin nə qədəri özəl, nə qədəri dövlət sektorunun payına düşür?

Əslində bu problem sektorda çalışanların statistikasındakı uyğunsuzluqdan başlayır. Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, 2012-ci ilin noyabr ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 470 min nəfər olub. Onlardan 897,9 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 572,3 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Muzdla işləyənlərin 23,5 faizi təhsil, 19,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,5 faizi sənaye, 9,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,3 faizi peşə, elmi və texniki fəaliyyət, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi informasiya və rabitə, 14,9 faizi isə digər iqtisadi sahələrdə çalışıblar.

Onu da bildirək ki, bu statistika əmək müqavilələrinə əsaslanır. Özəl sektorun bir çox sahələrində əmək müqavilələrinin bağlanmadığını nəzərə alsaq, reallıqda dövlət bölməsində çalışanlar qeyri-dövlət bölməsini üstələmir.

Özəl sektorda büdcə sahəsində çalışanlardan təxminən 4 dəfə çox işçi qüvvəsi çalışır. Bu baxımdan ölkədəki əməkhaqqı artımlarının özəl sektorda maaşlara təsiri vacib məsələdir.

Orta aylıq əməkhaqqı 403 manatdan yüksəkdir

İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, özəl sektorda əməkhaqqı sahibkarın özü tərəfindən müəyyənləşdirilir. Buna dövlətin müdaxilə imkanları yoxdur:

“Amma təbii özəl sektorda maaşın müəyyənləşdirilməsinə orta ayqlıq əməkhaqqının, əhalinin gəlirlərinin təsirləri var. Bununla bərabər, özəl sektorda əməkhaqqına təsir göstərən faktorlardan biri istehlak bazarında qiymətlər, illik inflyasiyadır. Bu gün özəl sektorda əməkhaqqı ilə bağlı müşahidə edilən ciddi problemlərdən biri müqavilələr və məvaciblərin məbləğinin gizlədilməsidir. Özəl şirkətlər ya əməkhaqqı müqaviləsi bağlamır, ya da müqavilədə maaşı aşağı göstərirlər”.

Ekspert deyir ki, ölkədə orta aylıq əməkhaqqının səviyyəsi 403 manatdan yüksəkdir:

“Orta aylıq əməkhaqqının 403 manat olmasının əsas səbəblərindən biri dəqiq məbləğin gizlədilməsidir. Müqavilələrdə əməkhaqları aşağı göstərilirək Dövlət Statistika Komitəsinə qeyri-real rəqəmlər təqdim edilir. Bu da ölkə üzrə orta aylıq əməkhaqqının aşağı olmasına gətirib çıxarır”.

Orta aylıq əmək haqqı nədir?

Onu da bildirək ki, orta aylıq əməkhaqqı -işəgötürənin işçiyə peşəsinə görə ödədiyi müxtəlif daxilolmalarla birlikdə hesablanan əməkhaqqına deyilir.

Azərbaycanda işçiyə düşən orta əməkhaqqının necə hesablanmasına gəlincə, “Əmək Məcəlləsi”nin 177-ci bəndinə əsasən, orta əməkhaqqı gündəlik əməkhaqqının maaş düşdüyü iş günlərinin hasilinə bərabərdir. Gündəlik əməkhaqqı 2 təqvim ayına düşən əməkhaqqının həmin aylarda iş günlərinin sayının məxrəcinə bərabərdir.

8 ildə orta aylıq əməkhaqqı 6 dəfə artıb

Nəzərə çatdıraq ki, son 8 ildə ölkədə orta aylıq əmək haqqı 6 dəfə artıb. 2008-ci ilin yanvarında ölkədə orta aylıq əmək haqqı 230 manat, 2009-cu ilin yanvarına 291 manat, 2010-cu ilin yanvarına 302,6 manat, 2011-ci ilin yanvarına 325,1 manat, 2012-ci ilin yanvarına 368,4 manat olub. Ötən ilin əvvəlində MDB ölkələrində orta aylıq əmək haqqı səviyyəsi ilə bağlı açıqlanan statistikada Azərbaycan 3-cü sırada qərarlaşıb.

MDB Statistika Komitəsinin həmin məlumatında bildirilir ki, MDB ölkələri arasında orta aylıq əməkhaqqı səviyyəsinə görə Rusiya liderdir – 23,7 min rubl (795 dollar). İiknci yerdə Qazaxıstan (92,2 min təngə (təxminən 630 dollar)), üçüncü pillədə Azərbaycandır (368 manat (təxminən 470 dollar)). Sonrakı yerləri Ukrayna (2722 qriven (təxminən 345 dollar)) və Belarus (2,88 milyon rubl (təxminən 350 dollar)) tuturdu. Ermənistanda orta aylıq əmək haqqı 112 min dram və ya 295 dollardır. MDB-də ən aşağı maaşı Tacikistan (525 somoni (təxminən 110 dollar) vətəndaşları alırlar.

Özəl sektorda əmək haqları əhalinin gəlirlərindən geridə qalır

Təhlillər göstərir ki, özəl sektorda əməkhaqqının qiymət artımlarına, valyuta bazarındakı dəyişikliklərə indeksasiyası yoxdur. Ekspert deyir ki, son illər özəl sektorda əməkhaqqı artımları arzuolunan səviyyədə deyil:

“Özəl sektorda əməkhaqqı artımları əhalinin pul gəlirlərindəki artımından geri qalır. Azərbaycanda 2012-ci ildə əhalinin pul gəlirləri 13,8 faiz artıbsa, özəl sektorda artım daha kiçik olub. İlkin qiymətləndirmələrə əsasən özəl sektorda əməkhaqqı artımı 5 faiz təşkil edib”.

Məlum olur ki, ötən il özəl sektorda əməkhaqqı artımı dövlət büdcəsindən maliyyələşən işçilərin əmək haqqları, o cümlədən pensiyaların artımı ilə müqayisədə daha az olub:

“Azərbaycanda özəl sektorda əməkhaqlarının müəyyənləşdirilməsi ilə bağlı xüsusi meyarlar yoxdur. Bu sahədə əməkhaqqının artırılması işə götürənin özündən asılıdır”.

10 faizlik artımdan özəl sektora pay düşəcəkmi?

2013-cü ildə dövlət büdcəsində çalışanların əməkhaqlarının 10 faiz artımı gözlənilir. Bu normalda özəl sektora da öz təsirini göstərməlidir. İqtisadçı bildirir ki, dövlət büdcəsindən əməkhaqqı artımları özəl sektorda artımlar üçün bir baza yaradır:

“Təəssüf ki, 2013-cü ildə özəl sektorda ciddi əmək haqqı artımları proqnozlaşdırılmır”.

20 faizlik artım gözləməyin

O ki qaldı, cari ildə dövlət sektorunun özündə də yüksək əmək haqqı artımlarına, V.Bayramov 20 faizə yaxın artımlarla bağlı deyilənləri real hesab etmir:

“20 faiz artım pul dövriyyəsinə kifayət qədər vəsaitin daxil olmasına gətirib çıxara bilər. Həmçinin istehlak bazarında qiymətləri artıracaq. Ümumiyyətlə 20 faizlik əməkhaqqı artımına istehlak bazarı çox çevik reaksiya verəcək”.

Bütün sektorlar üzrə 20 faizlik artımın dövlətin üzrəinə böyük öhdəlik qoyduğunu söyləyən V.Bayramov bildirir ki, “Büdcə sistemi haqqında” qanuna əsasən, əməkhaqqı azaldıla bilməz:

“Hətta dövlət büdcəsində kəsir yaranarsa, gəlirlər proqnozlaşdırılandan az olarsa da, bu əməkhaqqıların ixtisarı üçün hər hansı hüquqi baza yaratmır. Əməkhaqqılar müdafiə edilən xərclərdir. O baxımdan 20 faizlik artım təkcə bu il deyil, növbəti illər üçün də ciddi sosial öhdəlikdi. 2013-cü ildə əməkhaqqı artımları 10-15 faiz ətrafında təşkil edəcək. Əksər sektorlar üzrə isə bu rəqəm 10 faiz olacaq”.

publika.az

 

 

 

 

 

Leave A Comment