Azərbaycanda elektron ticarət niyə zəif inkişaf edib?

Azərbaycanda elektron ticarət niyə zəif inkişaf edib?

Nərmin İbrahimova: “Elektron ticarətin inkişafı üçün vergi güzəştlərinin tətbiq edilməsinə ehtiyac var”

Son zamanlar onlayn alış-veriş imkanlarının genişləndiyi və asanlaşdığı bir dövrdə bütün dünyada elektron ticarətə maraq və tələbin artdığı halda Azərbaycanda bu sahə hələ də öz inkişaf səviyyəsinə çatmayıb. Bu sahədə müəyyən irəliləyişlər var, lakin bunu inkişaf etmiş bir sahə kimi qələmə vermək hələ tezdir. Bir neçə gün əvvəl ölkə prezidentinin vətəndaşların nağdsız ödənişlərdən çox az istifadə etməsi barədə səsləndirdiyi iradlar və bu sahədə inkişafın təmin edilməsi məqsədilə Vergilər Nazirliyi qarşısında məsələ qaldırması bu mövzunu yenidən aktuallaşdırdı.

Ölkədə mövcud vəziyyət necədir və bu sahədə hansı problemlər var?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Nərmin İbrahimovanın  bildirib ki, Azərbaycanda elektron ticarət haqqında qanun 2005-ci ildə qəbul olunsa da, internetdən istifadənin az olması səbəbindən bu sahədə ilkin addımlar 2008-ci ildən atılıb. Belə ki, Azərbaycanda ilk dəfə internetə çıxış imkanları yarananda istifadəçi sayı çox az idi. Bunun əsas səbəbi internet paketi qiymətlərinin çox baha olması idi. 2009-cu ildən etibarən isə qiymətlər kəskin şəkildə, bir neçə dəfə azaldı və beləliklə, internetdən istifadə edənlərin sayında da kəskin artımlar qeydə alındı. Bu isə e-ticarətlə tanışlığa və e-ticarətin istifadəsinə səbəb oldu. Lakin bu sahə Azərbaycanda öz təsdiqi tapmış, geniş yayılmış sahə deyil, çünki yeni yaranıb.

Ekspert qeyd etdi ki, Azərbaycanda internet istifadəçilərinin sayı 3.7 milyondan çoxdur. “Azərbaycanda internet istifadəçilərinin sayı 3.7 milyondan çoxdur. Əhalinin kənd və şəhər üzrə bölgüsünə əsasən, əhalinin 52.9%-i şəhərdə, 47.1%-i isə kəndlərdə məskunlaşıb. Şəhər əhalinin isə təxminən 50%-i Abşeron yarımadasında yerləşir. Bu isə o deməkdir ki, internet istifadəçilərinin də böyük əksəriyyəti şəhər əhalisi, daha doğrusu, Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin əhalisinin payına düşür. Bu statistika isə onu deməyə əsas verir ki, ölkədə internet istifadəçilərinin şəhər və kənd əhalisi üzrə paylanmasında disproporsiya vardır. Regionlarda aktiv internet istifadəsinə ehtiyac duyulur. İnternet istifadəçiləri daha çox gənc nəslin nümayəndələridir və təbii ki, onlar alqı-satqı əməliyyatlarının aktiv istifadəçi təbəqəsi deyil. Elektron ticarət isə birbaşa internetdən asılı olduğu üçün regionlarda internetə olan marağın az olması bu sahənin inkişafına öz mənfi təsirini göstərir. Hazırda mobil telefon vasitəsilə də internetə çıxışın mümkünlüyü nəticəsində internet istifadəçilərinin  böyük bir qismini mobil telefon istifadəçiləri təşkil edir. Bu isə hələ e-ticarətə maraq yaradan səbəb deyil.”

N. İbrahimovanın fikrincə, elektron ticarətin inkişaf etməməsinin digər səbəbləri də var. Belə ki,  Azərbaycanda bazarda hakim olan elektron ticarət veb-saytları mövcud deyildir. Mövcud veb-saytlara əhali arasında inam yoxdur və internet üzərində ticarət əməliyyatları edən insanlar daha çox yuxarıda adları çəkilən xarici saytlara üstünlük verirlər. Belə ki, bəzi hallarda isə elektron ticarətlə məşğul olan şirkət qeyd edir ki, “Gətirilən mala biz məsuliyyət daşımırıq və əvvəlcədən sizi məlumatlandırırıq. Hər hansı bir problem yaranarsa biz məsuliyyət daşımırıq.”. Belə olan halda alıcının həmin şirkətə və başqa sözlə, elektron ticarətə olan marağı və inamı azalır. Elektron ticarətlə məşğul olan şirkətlərin bəziləri isə əhalinin elektron ticarətə insanlar arasında marağın az olmasından və insanların e-ticarətlə məşğul olan şirkətlərə inamın olmamasından şikayətlənirlər. İnamın olmaması isə aşkardır.

Ekspertin fikrincə, başqa bir səbəb isə insanlarda elektron ticarət vərdişinin olmamasıdır. İnsanlarda bu vərdişi yaratmaq üçün elektron ticarətə müəyyən güzəştlər edilməli və bu hal müəyyən müddət davam etməlidir. Ən azından e-ticarətdə qiymətlər ənənəvi ticarətdən aşağı olmalıdır ki, insanlarda elektron ticarət vasitəsilə alış-veriş etmək üçün maraq yaransın.

Azərbaycanda elektron ticarətin inkişafının gecikməsinin əsas göstəricisindən biri ölkə əhalisinin az qismində plastik kartların olmasıdır. Baxmayaraq ki, ölkədə 5 milyona qədər plastik kart var, bunlardan böyük bir qismi təxminən 80% maaş və pensiyaların ödənilməsi məqsədi ilə vətəndaşlara verilmiş kartlardır. Digər tərəfdən  əhali plastik kartlardan əksər hallarda bankomatlardan nağd pulun çıxarılması məqsədi ilə istifadə edir. Buna səbəb isə plastik kartların istifadə edilməsi qaydalarının daha az qavranılması və marifləndirmə sahəsində işlərin demək olar ki, aparılmamasıdır. Halbuki, plastik kartlar müasir dövrdə nağd pul dövriyyəsinin məhdudlaşdırılması və elektron ticarət sferasına inteqrasiya aləti kimi anlaşılır. Məhz bu prizmadan yanaşdıqda e-ticarətin inkişaf etməsi və ümumi ticarət dövriyyəsində xüsusi çəkisinin artması bu sahədə aparılacaq maarifləndirmə işlərindən asılı olacaq.

Elektron ticarətin hansı üstünlükləri var?

Ekspertin sözlərinə görə, elektron ticarətin alıcılar, şirkətlər və ölkə üçün bir çox üstünlükləri var: elektron ticarət zamanı alıcı vaxta və pula qənaət edir, dövlət isə vergi sistemində şəffaflığa nail olur. Belə ki, elektron ticarət zamanı ödəmələr onlayn üsulla aparıldığından bütün hesablaşmalar qeydə alınır və vergiyə cəlb olunur, nəticədə vergidən yayınma halları praktik olaraq mümkün olmur.

Ölkədə elektron ticarətin inkişafı üçün ilk növbədə insanları bu sahəyə cəlb etmək lazımdır. Bunun üçün isə, müəyyən güzəştlər tətbiq edilməli və konkret addımlar atılmalıdır.

İSİM eksperti onu da qeyd etdi ki, elektron ticarət sahibkar üçün də sərfəlidir. Təsəvvür edin ki, siz bir mağazanız var və satış həyata keçirirsiniz və siz hər ay icarə haqqı, işçilərə maaş, kommunal xərclər ödəyirsiniz. Lakin bu işi elektron ticarət vasitəsilə etsəniz siz yalnız ayda cəmi 40 manat “hostinq” pulu ödəyirsiniz. Elektron ticarətin inkişaf etdiyi Amerikada insanların gündəlik həyatını elektron ticarətsiz təsəvvür etmək mümkün deyil. Amerikalılar gündəlik həyatda mağazalarda, restoranlarda, ticarət mərkəzlərində nəğd pul ödənişləri əvəzinə plastik kartlardan istifadə edirlər. Amerika kimi Avropa ölkələrində də insanların cibində nəğd pulun olması kimi bir hal dəbdə deyil, bizim ölkədə isə əksinə. Bu isə həmin ölkələrdə elektron ticarətin insanların gündəlik həyatına necə daxil olmasının göstəricisidir.

Elektron ticarətin inkişafı üçün hansı güzəştlər edilə bilər və təkliflər nədir?

N. İbrahimova qeyd etdi ki, elektron ticarətə müəyyən vergi güzəştləri tətbiq edilə bilər, məsələn, bu e-ticarəti ƏDV-dən azad etmək ola bilər. Əgər dünya praktikasına nəzər salsaq, elektron ticarətin daha çox inkişaf etdiyi ABŞ və bir çox Avropa ölkələrində insanları elektron ticarətə cəlb etmək üçün müəyyən müddətdə bu ticarət növünü vergidən azad etdiklərini görərik və beləliklə, elektron ticarətlə alış-veriş ənənəvi ticarətdən daha ucuz başa gəlir. Bu siyasət, nəticədə insanlarda elektron ticarət vərdişlərinin yaranmasına və ölkədə bu sahənin inkişafına səbəb olur. Azərbaycanda elektron ticarət ənənəvi ticarət əməliyyatlarının cəmi 4%-ni təşkil edir. Müqayisə üçün qeyd edək, ABŞ-da ticarətin 80%-i, Avropada isə 60%-i elektron şəkildə aparılır. Dövlət büdcəsində vergilərin xüsusi çəkisinin az olmasınınəzərə alsaq, Azərbaycan hökuməti bu sahəni inkişaf etdirməkdə birbaşa maraqlı olmalıdır. Bununla da, vergidən yayınma halları minimuma enər və büdcədə vergilərin töhvəsi nəzərəçarpacaq dərəcədə artar. Neft sektorundan daxilolmalar hesabına formalaşan dövlət büdcəsi üçün xarakteristik hal olan fiskal-dayanıqlılıq riski kəskin şəkildə azalar. Təsəvvür edin ki, ticarət əməliyyatlarının 60%-nin elektron şəkildə aparılması, dövlət büdcəsində vergilərin payını necə artmış olar.

İnsanlarda elektron ticarət vərdişi yaratmaq üçün müəyyən maarifləndirmə kampaniyaları həyata keçirilməlidir. Məişət, ticarət obyektləri, restoranlar, əyləncə mərkəzlərində ödəmələrin onlayn həyata keçirilməsi üçün  xüsusi cihazların quraşdırılmalı, nəqliyyat sistemində isə “Smartkart” tipli ödənişlərin həyata keçirilməsinə başlanılmalıdır.

 

 

 

 

Leave A Comment