Aztəminatlı ailələr üçün ucuz kreditlər

Aztəminatlı ailələr üçün ucuz kreditlər

Vüqar Bayramov: “Bu, həmin ailələr üçün uzunmüddətli maliyyə mənbələrinin yaranmasına imkan yaradır”

Ruslan Atakişiyev: “Bu gün 75 ölkədə tətbiq olunan faizsiz kreditlərin verilməsi nümunəsi də var”

Məlumdur ki, 2006-cı ildən etibarən Azərbaycanda aztəminatlı ailələr üçün ünvanlı sosial yardımlar verilir. Bundan başqa artıq ölkəmizdə dövlət vəsaiti hesabına aztəminatlı ailələr üçün Sosial Dəstək Fondunun yaradılması da planlaşdırılır. Fondun fəaliyyəti əhalinin aztəminatlı təbəqəsinə dəstək göstərilməsinə istiqamətlənəcək. Sözügedən fonddan müəyyən əhali qrupu kiçik biznesin yaradılması üçün kreditlər ala biləcək.

Lakin bu vəsaitlər kreditləşdirmə üçün nəzərdə tutulub. Sosial yardımlardan fərqli olaraq, bu vəsaitlər qaytarılacaq. Məlumat üçün bildirək ki, bir çox xarici ölkələrdə aztəminatlı ailələr üçün bu tip fondlar fəaliyyət göstərir.

İqtisadçı ekspertlər də aztəminatlı ailələr üçün aşağı faizli kreditlərin verilməsini mühüm hesab edirlər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov qeyd edir ki, Sosial Dəstək Fondunun əsas məqsədi aztəminatlı ailələrə müəyyən qrant və kreditlərin verilməsidir: “Bu praktika dünyanın əksər inkişaf etmiş ölkələrində tətbiq olunur. Aztəminatlı və ya yoxsulluq həddində yaşayan insanlara kreditlərin verilməsi ona görə vacibdir ki, bu, həmin ailələr üçün uzunmüddətli maliyyə mənbələrinin yaranmasına imkan yaradır. Ünvanlı sosial yardım proqramı yaxşıdır. Amma o, vətəndaşın aylıq xərclərinin örtülməsi və ya onun yoxsulluq həddində yaşamaması üçün dövlətin verdiyi maliyyə dəstəyidir. Təbii ki, dövlət çalışmalıdır ki, bu yardımı alanların sayı azalsın. İnsanlar öz gəlir mənbələrinə malik olmaqla, yardımlardan kənar mənbələrə malik olsunlar. Praktiki olaraq ailələrini və özlərini təmin edə bilsinlər. Ona görə də aztəminatlı ailələrə bu cür qrantların və aşağı faizli kreditlərin verilməsi olduqca vacibdir. Elə ailələr var ki, onların biznes və digər təşəbbüsləri olur. Amma onları reallaşdıra bilmirlər. Ona görə reallaşdıra bilmirlər ki, onların kredit götürmək üçün girov qoymaq imkanları yoxdur. Kredit də götürmədikləri üçün təşəbbüs reallaşmır. Həm də şəxsi gəlirləri də yoxdur. Ancaq həmin qrantlar təşəbbüslərin reallaşmasına və yoxsulluq təbəqəsindən orta səviyyəyə keçməsinə şərait yaradacaq. Bunun üçün mexanizmin işlənilməsinə – kreditlərin necə bölüşdürülməsi, hansı təşəbbüslərin dəstəklənməsinə ehtiyac var. Nəzərə alsaq ki, aztəminatlı ailələrin biznes planı tutmaq imkanları da məhduddur. O zaman onlardan biznes planın müqabilində alınacaq kreditin hərəkətini göstərəcək bir sənədin tələb edilməsi mümkündür. Amma bunu yalnız pilot layihə deyil, bütövlükdə Azərbaycanda tətbiq edilməsinə ehtiyac var”.

Ekspert bildirir ki, bu, Azərbaycanda tətbiq edildikdən sonra dövlət büdcəsi hesabına hər il 100 milyon manat ayrılacaq: “Bu da həm yoxsulluq həddində yaşayan insanların təşəbbüslərinin reallaşmasına imkan yaradacaq, həm də Azərbaycanda yoxsulluğun minimum həddə çatmasına gətirib çıxaracaq. Dövlət üçün bu qədər vəsaitin ayrılması o qədər də ağırlıq yaratmır. Digər tərəfdən bu layihəni reallaşdırmaqda praktiki olaraq ünvanlı sosial yardıma ayrılan vəsaitlərin həcmini azaldacaq. Nəzərə alsaq ki, il ərzində ünvanlı sosial yardıma sözügedən rəqəmdən təxminən 2 dəfə çox vəsait ayrılır. Ünvanlı sosial yardım proqramında qənaət etməklə kreditlərin və qrantların verilməsinə nail olmaq mümkün olacaq. Həm də mexanizm elədir ki, ilk illərdə verilən kreditlərin geri qaytarılması nəticəsində fondda büdcədən kənar əlavə vəsaitlərin yaranmasına imkan verəcək. Bu da təbii ki, həmin fondun uzunmüddətli və fasiləsiz işləməsinə imkan yaradacaq”.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev bildirir ki, bu gün Azərbaycanda aztəminatlı ailələrə aşağı faizli kreditlərin verilməsi lazımdır: “Ümumiyyətlə, ölkəmizdə sosial yönümlü ipoteka kreditlərinin fəaliyyətinin daha da dərinləşməsi çox mühümdür. Məsələn, bu gün İtaliyada illik kreditlər 1.5 faizlə olur. Bizdə aztəminatlı ailələrin kredit bazarlarına çıxışı zəifdir. Bu da kreditin faiz dərəcələrinin yüksək olması ilə əlaqədardır. Amma bir sıra ölkələrin təcrübəsinə baxıb, bizdə də vəsaitlərin verilməsi alətləri həmin cür tətbiq olunsa, daha yaxşı olar. Məsələn, bu gün 75 ölkədə tətbiq olunan faizsiz kreditlərin verilməsi nümunəsi də var. Hazırda həmin islam bankçılığının dövriyyəsi 1 trilyonu ötüb. Bunun da müəyyən hissəsi aztəminatlı ailələr üçün nəzərdə tutulub. Aztəminatlı ailələr oradan vəsait götürə bilirlər. Problemlərini həll etdikdən sonra üzərində heç bir faiz gəlmədən həmin borcu qaytarırlar. Yaxud da həmin pulu qaytara bilmirsə, bankın özündə zəkat fondu olur. Aztəminatlı ailələrin borcu həmin zəkat fonduna keçərək, bununla bağlanılır və geri istənilmir. Bu tipli kreditlərin verilməsi daha məqsədəuyğun olardı”.

Mərkəz sədri onu da əlavə etdi ki, dövlət həm də sosial evlər tikərək sırf aztəminatlı ailələrə verə bilər: “Onlar da həmin evin dəyərinin sonradan hissə – hissə qaytara bilərlər. Aztəminatlı ailələrə bu cür evlərin verilməsi ev bazarına elə də mənfi təsir etməyəcək. Onsuz da bu adamlar o şərtlərlə kommersiya banklarından ev alıb bazara təsir edə bilməzlər. Belə təcrübə qonşu Türkiyədə də var ki, orada “vəqf”lərdə sosial evlər tikilir. Aztəminatlı ailələr həmin evlərdə yerləşdirilir. Bütün bu proseslərdə də şəffaf və güclü ictimai nəzarətin aparılması təmin edilməlidir ki, bundan müəyyən imkanları olanlar dolayı yolla istifadə etməsinlər”.

Mübariz BAYRAMOV, “MÖVQE.AZ”

 

Leave A Comment