İpoteka krediti – təlabat yüksək, pul az, faiz çox

İpoteka krediti – təlabat yüksək, pul az, faiz çox

Ölkədə ildə 75-80 min ailə qurulur, onların böyük əksəriyyəti mənzil problemi ilə üzləşir. Buraya sırf mənzilsizlik səbəbilə ailə qurmayanları və əvvəldən ailə qurub hələ də mənzil sahibi olmayanları əlavə etdikdə acınacaqlı mənzərə yaranır. Dünya ölkələrində əhalinin mənzil problemini həll etmək üçün dövlət və özəl sektor vasitəsilə güzəştli ipoteka proqramları həyata keçirilir ki, istəniln işləyən vətəndaş bu yolla mənzil ala bilir. Azərbaycanda da bu sistem tətbiq olunur. Amma əhatə dairəsi və dövriyyəsi aşağı, şərtləri isə ağırdır.

İpoteka ilə bağlı təkliflərin çoxu qəbul olunmadı

2013-cü ilin dövlət büdcəsində bu məqsədlə 40 milyon manat ayrılıb. Bu məbləğə uzağı 1000 nəfər mənzil problemini həll edə bilər. Bu, bütün mövcud evsizləri nəzərə almasaq, təkcə bu il qurulacaq ailələrin (80 minə yaxın) heç 2 faizinin də mənzil almasına imkan vermir.

Problemin həlli naminə sosial ipotekanın şərtlərini yüngülləşdirməklə bağlı uzun illərdir təkliflər irəli sürülür. Dövlət qurumlarından Gənclər və İdman Nazirliyi, Mərkəzi Bank, qeyri-hökumət təşkilatlarından isə İqtisadi və Sosial İnkişaf Mərkəzinin təkliflər paketi hazırlanmışdı. Təkliflərdə ipotekaya ayrılan vəsaitin artırılması, kreditin maksimum məbləğinin çoxaldılması, mövcud faizlərin (4 faiz) 2 faizə endirilməsi, əhatə etdiyi kateqoriyaların artırılması, tələb olunan sənədlərin (18 sənəd) azaldılması kimi məsələlər yer almışdı.

Qeyd edək ki, 2013-cü ilin dövlət büdcəsində bu məqsədlə ayrılan məbləğ əvvəlki illərlə müqayisədə artırıldı. Fevralın 4-də isə prezidentuin sərəncamı ilə ipoteka məbləğinin yuxarı həddi 50 min manata qaldırıldı, kateqoriyalardan birinin (hərbçilər) əhatə dairəsi genişləndirildi.

Dəyişikliklər bununla məhdudlaşdı. Faizlərin endirilməsi, sənədlərin azaldılması, yeni kateqoriyaların əlavə olunması kimi məsələlər çözülməmiş qaldı. Bəs ekspertlər bu dəyişiklikləri, ümumiyyətlə, əhalinin mənzil probleminin həllində sosial ipoteka sisteminin rolunu necə qiymətləndirir?

“Müddət artırılmalı, sənəd sayı azaldılmalıdır”

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyir ki, bu sistem davamlı inkişafdadır: “Cəmi 5 il qabaq Azərbaycanda heç ipoteka məfhumu yox idi. İpoteka kreditləri respublikamızda bir institut kimi son illərdə formalaşdı. İpoteka Fondu yaradıldı, qanun və müvafiq əsasnamə qəbul olundu. Getdikcə bu sahədə yeni irəliləyişlər olur, şərtlər yaxşılaşır, əhalinin ipoteka kreditlərinə əlçatanlığını artır.

Sosial ipotekaya ayrılan vəsait 10 milyondan başlamışdı. Hər il bir qədər artaraq 2013-cü ilin dövlət büdcəsində 40 milyon manata çatdırıldı. Bir neçə gün əvvəl də cənab prezident sosial ipotekanın maksiumum məbləğini 35 min manatdan 50 min manata qaldırdı və əhatə etdiyi kateqoriyanı genişləndirdi. O məbləğə əvvəl 1 otaqlı ev ala bilərdilərsə, indi 2 otaqlı ev ala biləcəklər. Lakin bu, son hədd deyildir. Ümumiyyətlə, ipoteka institutunun Azərbaycanda oturuşması, inkişafı ilə bağlı davamlı işlər aparılır. Həm hökumətdə, həm də parlamentin müvafiq komitəsində müzakirələr aparılır”.

Deputat hesab edir ki, bu sahədə bəzi yumşaldıcı tədbirlər həyata keçirilməlidir: “Birinci növbədə, ipoteka uzun müddətə verilməlidir. Yəni, 50, 60, 70 ilə də verilə bilər və həmin mənzildə yaşayan varis o krediti qaytarmağa davam edə bilər. Bu zaman təbii ki, faiz də aşağı olmalıdır ki, son nəticədə mənzil vətəndaşa baha başa gəlməsin.

Digər yüngülləşdirici tədbirlər də vacibdir. Verilən pulun məbləği artırılmalı, faizlər endirilməlidir. Sənədləşmə işində də yüngülləşmə aparılmalıdır. Bundan başqa, sosial ipotekanın əhatə etdiyi kateqoriyaların sayı artılmalıdır ki, əhalinin daha çox hissəsi ondan bəhrələnə bilsin”.

Musa Quliyevin fikrincə, sosial ipoteka ilə yanaşı, kommersiya ipotekasının da şərtləri yüngülləşdirilməlidir: “Çalışılmalıdır ki, sosial ipoteka ilə adi ipoteka arasındakı faiz fərqi azalsın. İpoteka sisteminin mahiyyəti kommersiya fəaliyyətindən daha çox əhalinin mənzillə təminatı olduğuna görə indiki faizlər azaldılmalıdır. Bu mənada İpoteka Fondu da öz fəaliyyətini gücləndirməlidir. Dünyanın maliyyə-kredit institutları, böyük banklar var ki, ordan aşağı faizlə kredit cəlb edib əhaliyə vermək olar. Bu imkanlar araşdırılmalı və istifadə olunmalıdır. Eyni zamanda, kreditlərin ödənilməsindən qayıdan pullar yenidən kreditə verilərsə, faiz aşağı düşməli və məbləğ artmalıdır. Hesab edirəm ki, bu istiqamətdə işlər davam edəcək”.

“İpoteka Fondu 20 faizlik ilkin ödənişi ləğv edə bilər”

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, ümumilikdə götürdükdə sosial ipoteka kreditlərinin şərtlərinə dəyişiklikləri müsbət qiymətləndirmək olar: “Kreditin maksimum məbləğinin 35 mindən 50 minədək artırılması və kateroriyalardan birinin əhatə dairəsinin genişləndirilməsi bütövlükdə müsbət haldır. Amma dəyişikliklər bunlarla tamamlanmamalıdır”.

Ekspert bir məqama diqqət yetirməyin vacibliyini bildirir: “Sosial ipoteka sisteminə bir sıra əlavə və dəyişiklikləri Mərkəzi Bank və İpoteka Fondu özü həyata keçirmək hüququna malikdir. Burda söhbət Azərbaycan İpoteka Fondunun (AİF) 20 faizlik ilkin ödənişin aradan qaldırılması məqsədilə İpoteka Zəmanət Fondunun yaradılması ilə bağlı fəaliyyətindən gedir.

Bunun üçün dövlət başçısının və ya parlamentin xüsusi qanun qəbul etməsinə və ya sərəncam verməsinə ehtiyac yoxdur. Çünki AİF 2003-cü ildə qəbul edilmiş ipoteka sistemi haqda qanuna uyğun olaraq 20 faizlik ilkin ödənişin ləğv edilməsi üçün zəmanət fondunun yaradılması səlahiyyətinə malikdir. İpoteka krediti almaq üçün tələb olunan sənədlərin sayının azaldılması da İpoteka Fondunun səlahiyyətindədir. Əgər Mərkəzi Bank elektron ipoteka sistemini tətbiq edərsə, bu tələb olunan sənədlərin yarıyadək azalmasına gətirib çıxarar. Məlum olduğu kimi, hazırda bunun üçün tələb olunan sənədlərin sayı 18-dir və bundan sonra 9-dək azala bilər. Əslində, Mərkəzi Bank və İpoteka Fondu prezidentin son sərəncamından sonra sosial ipoteka kreditləşməsinin şərtlərinin təkmilləşməsi üçün addımlar atmalıdır. Zəmanət Fondunun yaradılması və ya tələb olunan sənədlərin sayının azaldılması üçün heç də dövlət başçısının, parlamentin və ya Nazirlər Kabinetinin qərar verməsinə ehtiyac yoxdur”.

İpoteka kreditinin müddətinin artırılması haqda təklifləri Vüqar Bayramov optimal saymır: “Hazırda nəzərdə tutulan müddət (30 il) normaldır. Bundan artıq olması məqsəduyğun deyil. Məsələn, 50 illik müddətə kredit almaq vətəndaş üçün sərfəli deyil. Son nəticədə o, götürdüyü puldan dəfələrlə çox qaytarmağa məcbur olacaq”.

“Sosial ipotekanın 2 faizlə verilməsi doğru olardı”

İSİM rəhbəri deyir ki, ən mühüm məqamlardan biri də faiz dərəcəsinin aşağı salınması ilə bağlıdır: “Bizim təşkilatın təkliflər paketində, eləcə də Mərkəzi Bankın, Gənclər və İdman Nazirliyinin təkliflərində də faizlərin 4-dən 2-yə endirilməsi məqsədəuyğun sayılırdı. Hətta nazirlik faiz dərəcəsinin 0-a salınmasını təklif etmişdi. Lakin biz o vaxt buna qarşı çıxdıq. Çünki bu halda sosial ipoteka sistemi işləməyəcəkdi. Sıfır faizlə kreditlərin verilməsi mexanizmi yoxdur.

 

Fikrimizcə, sosial ipoteka üzrə kreditlərin 4-dən 2-yə endirilməsi vacibdir. Çünki bu sosial xarakterlidir və kommersiya ipotekası deyil. Bu, dövlət büdcəsi hesabına verilir, bunun üçün də orda kommersiya marağı güdülmür. Həmin 2 faiz də imkan verir ki, kommersiya bankları İpoteka Fonduna vəsait verməkdə maraqlı olsun. Həmin faizlər bankların texniki xərclərini ödəyər və bir qədər də mənfəət gətirər.

Hesab etmirəm ki, sosial ipoteka faizlərinin azaldılması məsələsi gündəmdən çıxıb. Güman edirəm ki, bu məsələyə yenidən baxılacaq. Çünki, bu sistemin effektiv işləməsi üçün əsas şərtlərdən  biri də budur”.

 

Elçin Bayramlı

 

Leave A Comment