Plastik Kart Oğruları

Plastik Kart Oğruları

Vətəndaşların bu kimi fırıldaqçılardan sığortalanması nə dərəcədə mümkündür?

 
 
Hazırda Azərbaycanda təxminən 5 milyona yaxın insan plastik kart istifadəçisidir. Qeyd edək ki, kartlara təqaüd, pensiya, əməkhaqqı və onlarca fərqli təyinatlı pullar köçürüldüyündən bu həm də yeni cinayətkarlıq növlərinin meydana çıxmasına səbəb olur. Yəni plastik kartlarla bağlı çoxlu fırıldaqçılıq üsulları ortaya çıxıb ki, bu hal vətəndaşların külli miqdarda pulunun oğurlanması ilə nəticələnir.
Bəs görəsən, vətəndaşların plastik kart fırıldaqçılarından sığortalanması nə dərəcədə mümkündür? Ümumiyyətlə, Azərbaycan qanunvericiliyində bu kimi cinayət əməli törədənlərə qarşı hansısa cəza tədbirləri nəzərdə tutulubmu?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov qəzetimizə açıqlamasında deyib ki, ölkəmizdə plastik kart istifadəçilərinin sayının artması səbəbindən kibercinayətkarların Azərbaycanın kart istifadəçilərinə “marağı artıb”. Onun sözlərinə görə, hazırda dövriyyədə olan plastik kartlardan vətəndaşların maksimum dərəcədə diqqətli istifadəsi tələb olunur: “Bu olduqca ciddi məsələdir. Hətta Amerika kimi inkişaf etmiş ölkədə belə plastik kartlar üzərindən edilən oğurluq hallarının qarşısını almaq mümkün deyil. Çünki plastik kartların təhlükəsizliyi təkmilləşdirildikcə kibercinayətkarlar da öz fəaliyyətini “təkmilləşdirirlər” Yəni onlarla mübarizə aparmaq ilbəil çətinləşir. Buna görə də kart istifadəçiləri bankomatlardan pul çıxararkən maksimum dərəcədə diqqətli olmalıdırlar”.

Xüsusi kodu olmayan saytlar potensial təhlükədir

Həmsöhbətimiz onu da bildirib ki, fırıldaqçılar hesablardan pul çıxararkən müxtəlif “metodlar” tətbiq edirlər: “Ən geniş yayılmış üsul plastik kartların oğurlanmasıdır. Belə ki, oğru uzun müddət ərzində öz qurbanının hərəkətlərini izləyir, o kart sahibini güdür, çalışır ki, onun arxasında gizli şəkildə dayanaraq onun kartla bağlı həyata keçirdiyi bütün əməliyyatları müşahidə etsin. Daha sonra isə oğru konkret addımlara keçir. İkinci üsul isə bankomatlara quraşdırılan xüsusi klaviatura təkrarlayan qurğudur. Bu qurğu bankomatların klaviaturasında yerləşdirilir. Onlar tamamilə klaviaturaların düymələrini təkrarlayır. Yəni vətəndaş kart ilə bağlı əməliyyat keçirdikdə, saxta klaviatura parolu düymələrin hansı ardıcıllıqla yığdığını yadda saxlayır. Buna görə də vətəndaş kartı daxil etmədən öncə klaviaturanı diqqətlə baxışdan keçirməlidir. Əgər şübhəli nəsə hiss edərsə, onda dərhal müvafiq bankın texniki dəstək şöbəsi ilə əlaqə saxlamalıdır. Üçüncü fırıldaqçılıq üsuluna gəlincə, bu bankomatda yerləşdirilən zərfdir. Bankomatın kart oyuğuna fırıldaqçılar xüsusi ölçülü zərf yerləşdirirlər, bu zərf plastik kartdan azacıq böyük olur. Əgər kartınız bu qurğuya düşərsə, onu geri çıxarmaq mümkün olmayacaq. Bundan başqa, kibercinayətkarlar vətəndaşların kartını videokameralar vasitəsilə də soya bilərlər. Bu tipli “əməliyyatlarda” soyğunçu bankomatın yaxınlığında bir yerdə kamera quraşdırır və vətəndaşın apardığı əməliyyatları noutbuk vasitəsilə izləyir. Bütün bunlar olduqca peşəkar formada aparıldığından vətəndaşın xəbəri belə olmur. Ona görə də insanlar plastik kartlardan istifadə edərkən məsuliyyətli olmalıdırlar”.

Azərbaycanda plastik kart üzərindən oğurluq hallarının daha çox iki formada müşahidə edildiyini də diqqətə çatdıran Vüqar Bayramov deyib ki, bu hal ya vətəndaşın hansısa tanışına plastik kartını etibar etməsi, ya da internet üzərindən alış-veriş edərkən əməliyyatların düzgün həyata keçirilməməsi zamanı baş verir: “Məsələn, hansısa yaşlı adam qohumuna pensiyasını almaq üçün kartını verir. Həmin adam isə yaşlı qohumunun etibarından sui-istifadə edərək onun kartından pul vəsaitini mənimsəyir. Digər tərəfdən, Azərbaycanda internet üzərindən alış-veriş edilərkən vəsaitlərin oğurlanması hallarına da geniş təsadüf edilir. Bu hal sırf insanların məsuliyyətsizliyi ucbatından baş verir. Çünki əksər hallarda vətəndaşlar təhlükəsizlik kodu olmayan saytlardan istifadə edirlər ki, bu da kibercinayətkarlar üçün əsl fürsət sayılır. Ona görə də plastik kart istifadəçilərinə tövsiyə edirəm ki, xüsusi təhlükəsizlik kodu olmayan internet mağazalardan alış-veriş etməsinlər. Eyni zamanda, kartla alış-veriş edən zaman “sms bankçılıq” xidmətinə qoşulsunlar ki, hər dəfə xərclədikləri vəsait barədə onlara sms gəlsin”.

“Casus” antivirus

Məsələyə münasibət açıqlayan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də kibercinayətkarlıq və elektron dələduzluq hallarının sürətlə artdığını deyib. Onun sözlərinə görə, xüsusilə, son illər virtual aləmdə qanunsuz əməllərin törədilməsi hallarının getdikcə çoxalması müşahidə olunur: “Tutaq ki, antivirus yenilənməsi haqqında pəncərələr, yeni antivirusların reklamı, kompüterinizin risk altında olduğunu göstərən saxta pəncərələr internet istifadəçilərinin ən çox qarşılaşdığı fırıldaqçılıq növüdür. Əslində bir çoxumuz bunun internetdən avtomatik yüklənən pulsuz antivirus olduğunu düşünürük, bəzilərimiz bunun bilmədən toxunduğumuz təsadüfi pəncərə olduğunu düşünürük. Amma bu kimi pəncərələrə qarşı insanlar diqqətli olmalıdırlar. Yəni, internet istifadəçiləri kart vasitəsilə alış-veriş edərkən müvafiq təhlükəsizlik qaydalarına riayət etməlidirlər”.

Mütəxəssis həmçinin bildirib ki, ölkədə bu sahədə mübarizə üsullarında konkretlik olmadığından kibercinayətkarlıq üçün münbit şərait var və bu sahədə artım müşahidə edilir: “Həm kadr çatışmazlığı, həm müvafiq qanunvericiliyin yoxluğu, eyni zamanda, lazımi təcrübənin azlığı və çevik və effektiv infrastrukturun olmaması buna təsirini göstərir. Kibercinayətkarlıqla mübarizə üçün xarici təcrübəni mənimsəmiş böyük kadr potensialı formalaşdırılmalıdır. Amma bu, heç də problemin tam həlli deyil”.

2 ildən 13 ilə qədər həbs cəzası

Hüquqşünas Namizəd Səfərov da qəzetimizə açıqlamasında Azərbaycanda plastik kartlar üzərindən oğurluğun “inkişaf” etdiyini bildirərək deyib ki, yerli qanunvericiliyə əsasən, bu cinayət əməlində təqsirləndirilən şəxslər bir necə maddə üzrə təqsirkar bilinirlər: “Müvafiq qanunvericiliyə görə, bu kimi cinayət əməlində təqsirləndirilən şəxslərə qarşı dələduzluq, özgə əmlakının mənimsənilməsi barədə cinayət işi açıla bilər. Amma bu cinayət hadisələri ağır hesab olunmadığından təqsirləndirilən şəxslərin cəzası elə də böyük olmur. Belə ki, bu cinayət əməli üzrə 2, 4 və 6 il həbs cəzası nəzərdə tutulur. Lakin burada bir məsələ var ki, əgər kibercinayətkara həm də Cinayət Məcəlləsinin oğurluq maddəsi şamil edilərsə, o zaman təqsirləndirilən şəxsə 13 ilə qədər həbs cəzası verilə bilər”.
Plastik kart oğruları ilə bağlı mübarizə aparmağın yollarına da toxunan hüquqşünas bu məsələnin birbaşa vətəndaşların məsuliyyətindən asılı olduğunu deyib. Onun sözlərinə görə, əgər plastik kart istifadəçiləri öz kartlarından səhlənkar şəkildə istifadə etməsələr, o zaman belə cinayət hadisələrinin sayı minimuma enə bilər: “Bu məsələdə vətəndaşlardan da böyük məsuliyyət və diqqət tələb olunur. Yəni, istər yaxın, istər uzaq qohum olsun, plastik kartları heç kimə etibar etmək olmaz. Buna görə də vətəndaşlar fırıldaqçıların toruna düşməmək üçün bütün bank əməliyyatlarında diqqətli olmalıdırlar”.

Sevinc

 

Leave A Comment