Azərbaycanda bələdiyyələr niyə zəif inkişaf edib?

Azərbaycanda bələdiyyələr niyə zəif inkişaf edib?

Nərmin İbrahimova: “ Bələdiyyələrin səlahiyyətlərinə yenidən baxılmasına ehtiyac var”

Bələdiyyələr və onların fəaliyyəti ilə bağlı məsələləri yenidən gündəmdədir. Müzakirə zamanı millət vəkilləri müxtəlif təkliflərlə çıxış ediblər. Əsas müzakirə mövzusu isə bələdiyyələrin statusunun artırılması və onlara yeni səlahiyyətlərin verilməsi olub.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Nərmin İbrahimova qeyd etdi ki, ölkədə 1718 bələdiyyə var və onların da 85%-ni kənd bələdiyyələri təşkil edir. Ölkədə bələdiyyələrin zəif olması onların maliyyə potensialının kiçikliyi ilə bağlıdırı. Bələdiyyələrin fəaliyyətinin həyata keçirilməsi yerli vergi və ödənişlərlərdən daxil olan vəsaitlər hesabına mümkün olur. Buraya, fiziki şəxslərin torpaq vergisi, fiziki şəxslərin əmlak vergisi, bələdiyyə mülkiyyətində olan torpaqlardan icarə haqları və torpaqların satışından əldə olunan vəsaitlər, o cümlədən dövlət büdcəsindən verilən transfertlər və s. daxildir.

Xanım İbrahimova bildirib ki, Azərbaycanda icra hakimiyyəti və bələdiyyə institutları Polşa modelidir. Bir neçə il bundan əvvəl Polşada icra hakimiyyətləri ləğv olundu və bələdiyyələrin statusu genişləndirildi. Ölkəmizdə isə belə bir tendensiya müşahidə olunmur və bələdiyyə və icra hakimiyyəti orqanları paralel şəkildə fəaliyyət göstərir. Yerli idarəetmənin büdcəsi qeyri-vergi gəlirləri hesabına, bələdiyyə mülkiyyətində olan torpaqların özəlləşdirilməsi və icarəsindən əldə olunan daxilolmalar hesabına formalaşır. Vergi daxilolmaları isə fiziki şəxslərin torpaq vergisi və fiziki şəxslərin əmlak vergisi hesabına formalaşır. Lakin bələdiyyələr yuxarıda adı çəkilən maliyyə mənbələrindən düzgün, səmərəli və tamlığı ilə istifadə edə bilmirlər.

İqtisadçı-ekspert deyib ki, bələdiyyələrin potensial maliyyə mənbələrinə malik olmamasının digər bir göstəricisi 2007-ci ildə bələdiyyələrin torpaq satışına qadağa qoyulmasıdır. Belə ki, torpaq satışından əldə edilən gəlirlər bələdiyyələrin əsas gəlir mənbələrindən biridir. Bələdiyyələrin torpaq satışına qadağa qoyulması nəticəsində bir müddət bələdiyyələr torpaq satışı reallaşdırmamış və nəticədə ciddi maliyyə problemləri ilə üzləşmişlər. Son zamanlar bələdiyyələr torpaq satışını həyata keçirə bilir.

Ekspert bildirib ki, başqa bir məsələ, bələdiyyələrin hüquqi şəxslərin əmlak vergisi yığmamasıdır. Belə ki, qanunvericiliyə görə, hüquqi şəxslərin əmlak vergisi dövlət büdcəsinə ödənilir. Lakin beynəlxalq təcrübədə dünya ölkələrinin böyük əksəriyyətində hüquqi və fiziki şəxslərin əmlak vergisi bələdiyyələrin əsas gəlir mənbələrindən olması kimi bir təcrübə var. Azərbaycanda isə bələdiyyələr yalnız fiziki şəxslərin əmlak vergisi yığa bilər və bu mexanizm düzgün işləmir, çünki fiziki şəxslərin əmlak qeydiyyatının olmaması kimi ciddi bir problem mövcuddur. Başqa sözlə, evlərin inventar dəyərinin yoxdur. Elə kənd bələdiyyələri vardır ki, ümumiyyətlə əmlak vergisi yığa bilmir. Digər tərəfdən, bu problem də öz növbəsində dövlət büdcəsindən bələdiyyələrin hesabına edilən transfertlərin həcminin artırılmasını zəruri edir, lakin son illər bələdiyyələrə ayrılan dotasiyaların həcmində artım müşahidə edilməmişdir. Nəticə etibarilə, bələdiyyələrin gəlir mənbələri sıxışdırılır Belə ki, fiziki şəxslərdən əmlak vergisi yığmaq üçün bələdiyyələr əmlaka təxmini qiymət qoyur və onun əsasında əmlak vergiyə cəlb olunur. Sözügedən mexanizmin isə heç bir hüquqi əsası yoxdur, yəni bələdiyyə bununla qanunu pozmuş olur.

Nərmin İbrahimova qeyd edib ki, qanunvericilikdə dövlət büdcəsindən bələdiyyələrə bir neçə növ transfertlərin – subsidiya, ssuda, subvensiya və dotasiyanın verilməsi nəzərdə tutulsa da, bunlardan yalnız məqsədsiz transfert olan dotasiyalar verilir və qanunvericiliyə görə dotasiya – əhalinin sayı və ölkənin maliyyə ehtiyatlarının formalaşmasında bələdiyyənin xüsusi çəkisi əsasında bölüşdürülür. 2013-cü ildə bələdiyyələrə dövlət büdcəsi layihəsində 5.2 milyon manat dotasiya ayrılması nəzərdə tutulmuşdur. 2012-ci ildə bu rəqəm- 5 milyon manat, 2011-ci ildə isə 3.5 milyon manat olmuşdur. Rəqəmləri müqayisəsi bələdiyyələ ayrılan dotasiyaların həcmi ilbəil artdığını göstərir. Bələdiyyələrin ümumi orta illik büdcəsi isə 34 milyon manat təşkil edir. Başqa sözlə, bir bələdiyyənin illik büdcəsi təxminən 19 min manat təşkil edir və bu rəqəm rayon, şəhər və kənd bələdiyyələri üçün dəyişir. Bu isə onu göstərir ki, bələdiyyələrin büdcəsi məxsus olduğu ərazidəki insanların hüquqlarını müdafiə etmək, onların problemlərinin həlli üçün yetərli deyil. Ona görə də, bələdiyyələrə dövlət büdcəsindən ayrılan dotasiyaların həcmində daha böyük artımlar etmək, onlara əlavə səlahiyyətlər vermək – bir sözlə, bələdiyyə institutları ilə bağlı əsaslı islahatlar aparmaq lazımdır.

Eskpertin sözlərinə görə, qanunvericilikdə bələdiyyələrin səlahiyyətləri ilə bağlı boşluqlar aradan qaldırılmalı və bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Belə ki, bələdiyyə institutlarının yaranmış problem və ya məsələnin həlli üçün yetərli səlahiyyətləri yoxdur. Dövlət büdcəsindən bələdiyyələrə ayrılan transfertlərin həcmini artırmaq, bələdiyyələrə sabit maliyyə mənbələri verilməli və maliyyə imkanları genişləndirilməlidir. Çünki hal-hazırda bələdiyyələr ciddi maliyyə problemləri ilə üz-üzə qalıblar. Əmlakın inventar dəyərinin müəyyən edilməsi üçün hüquqi əsas olmalıdır. Vergi yığımını genişləndirmək lazımdır və bunun üçün əhalini maarifləndirmə tədbirləri və müəyyən kampaniyalar təşkil edilməlidir. Bu tədbirlər nəticəsində bələdiyyələrin funksiyası artacaq, bələdiyyələr yerli əhalinin movcud problemlərini həll edə biləcəklər.

 

Leave A Comment