Sosial sığorta haqları ilə bağlı planlaşdırılan yeni sistem

Sosial sığorta haqları ilə bağlı planlaşdırılan yeni sistem
Gələcəkdə Azərbaycanda sosial sığorta haqlarının işəgötürən və işçiyə düşən hissələri bərabərləşəcək. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

Qeyd edək ki, hazırda Azərbaycanda sosial sığorta haqlarının dərəcəsi 25 faizdir. Bunun 22 faizi işəgötürən, 3 faizi isə işçi tərəfindən ödənilir. Amma tətbiq olunacaq yeni sistemdə sahibkar və işçi hərəsi 12.5 faiz sosial sığorta haqqı ödəyəcək. Köhnə sistemin dəyişdirilməsinə gələn ildən başlanıla biləcəyini deyən DSMF sərdi bildirib ki, hazırda Avropa ölkələrinin əksəriyyətində sığorta ödəmələrinin yarısını işçi, yarısını isə işəgötürən ödəyir. MDB ölkələrində də bu sistemin tətbiqinə başlanılıb: “Məsələn, Qazaxıstanda 11 faizini işəgötürən, 10 faizini işçi ödəyir, Qırğızıstanda 26 faizin 8 faizini işçi ödəyir və s. Biz də tədricən bu sistemə yaxınlaşmalıyıq. Azərbaycanda pensiya təminatı sisteminin islahatı konsepsiyası qəbul edildikdən sonra sistem Avropa ölkələrinin təcrübəsinə uyğun olacaq”.

S.Müslümovun sözlərinə görə, yeni sistemə keçid tədricən gerçəkləşəcək: “Əmək haqları artdıqca, tədricən 3 faizi 5 faiz etmək, 5 faizi 8 faiz etmək, və sonda 12.5 faizə çatdırmaq lazımdır” .

İslahatın müsbət tərəfi

İqtisadçı Vüqar Bayramov isə bizimlə söhbətində bildirdi ki, tətbiq olunması planlaşdırılan yeni sistem vergi yükünün işə götürənin üzərindən işçinin üzərinə transfer edilməsi deməkdir: “Bu islahatın müsbət və mənfi tərəfləri var. Müsbət tərəfi ondadır ki, yeni sistem sahibkarlara stimul verəcək. Nəticədə sahibkarlar əmək müqavilələrinin bağlanmasında maraqlı olacaqlar. Çünki bu gün əmək müqavilələrinin bağlanmaması və bağlanın əmək müqavilələrində əmək haqlarının aşağı göstərilməsinin əsas səbəbi ondan ibarətdir ki, sahibkarlar tərəfindən ödənilən sosial ayırmalar yüksəkdir. Buna görə də sahibkar əmək müqaviləsinin bağlanmasında və bağlandıqda belə maaşın olduğu kimi, yüksək göstərilməsində maraqlı deyil. Sahibkar hər 100 manata görə işçi üçün 22 manat sosial sığorta haqqı ödəyir ki, bu da kifayət qədər yüksək məbləğdir. Düşünürəm ki, bu islahat bağlanan əmək müqavilələrinin sayının artmasına gətirib çıxaracaq. Düzdür, 2012-ci ildə ölkə başçısının əmək müqavilələrinin bağlanmasına nəzarətin gücləndirilməsi ilə bağlı göstərişindən sonra il ərzində 230 min əmək müqaviləsi bağlandı. Bu, 2012-ci ildə 230 min iş yerinin rəsmiləşdirilməsi deməkdir. Bu təcrübə göstərdi ki, sahibkar və işçilər arasında sosial ayırma yükünü bərabərləşdirmədən də nəzarəti gücləndirməklə bağlanan əmək müqavilələrinin sayının artmasına nail olmaq mümkündür. Bütün hallarda yeni tətbiq olunacaq sistem sahibkarlar üçün stimul yaradacaq”.

Hər 100 manata 26 manat vergi

V.Bayramov islahatın mənfi, çatışmayan tərəfindən də danışdı. Dedi ki, bu, işçilərin ödənişlərinin artması olacaq: “Nəzərə alaq ki, yaşayış minimumundan, yəni 125 manatdan yüksək maaş alan hər bir işçi öz əmək haqqından 14 faiz gəlir vergisi ödəyir. Yenidən bu gəlir vergisinin üzərinə hər 100 manat üçün 12,5 faiz sosial sığorta haqqının gəlməsi işçinin maaşından kifayət qədər pulun çıxmasına səbəb olur. Bir sözlə, işçinin 26,5 faizi ödəmələrə gedəcək. Bu da o deməkdir ki, vətəndaş aldığı hər 100 manata 26 manat 50 qəpik ödəmə edəcək. Kifayət qədər böyük olan bu məbləğ ona gətirib çıxaracaq ki, işçinin hər qazandığı yüz manatdan ödəmələr çıxıldıqdan sonra 73 manat 50 qəpiyi özünə qalacaq”.

İqtisadçı daha yüksək maaş alanların əməkhaqqından daha çox çıxılacağını dedi: “Əgər işçi 2500 manatdan çox maaş alırsa, bu zaman 14 faiz deyil, 25 faiz gəlir vergisi, üstəgəl 12,5 faiz sosial sığorta haqqı ödəyəcək. Bu da o deməkdir ki, yüksək əmək haqqı alan işçilər hər qazandığı min manatın 375 manatını vergi şəklində ödəyəcəklər. Bu hiss ediləcək qədər böyük rəqəmdir”.

V.Bayramovun sözlərinə görə, işçinin vergi və sosial yükü artdıqca o, əmək müqaviləsində əmək haqqının yüksək göstərilməməsində maraqlı olacaq. Bəzən hətta işçilər əmək müqaviləsinin bağlanmamasında maraqlı olacaqlar ki, ümumiyyətlə, vergini ödəməsinlər”.

Dünya təcrübəsindən də danışan V.Bayramov bildirdi ki, sosial haqlar dünya təcrübəsində işəgötürən, gəlir vergisi isə işçilər tərəfindən ödənilir: “İnkişaf etmiş ölkələrdə gəlir vergisinin dərəcəsi nisbətən yüksəkdir. Amma Mərkəzi və Şərqi Avropa ölkələrində, Rusiya və MDB-də bu, kifayət qədər aşağıdır”.

Sosial sığorta haqları azaldılmalıdır

İqtisadçı Samir Əliyev də qəzetimizə açıqlamasında dedi ki, sosial ödənişlərin əsas hissəsinin sahibkarların üzərində olması müəssisələrdə ikili mühasibatın mövcudluğuna səbəb olur. S.Əliyevin fikrincə, sosial ödənişin yarısının işçinin üzərinə düşməsi sahibkarın yükünü azaldacaq: “Bu, sənədlərin rəsmiləşdirilməsinə kömək ola bilər. Yeni sistemin müsbət tərəfi ondan ibarət olacaq ki, müəssisələr işçiləri işə müqavilə ilə götürsünlər. Bu zaman müəssisələrin vergi yükü azalacaq, əvəzində işçilərin vergi yükü artacaq. Hazırda sosial sığorta haqlarından yayınmaq üçün sahibkarlar işçini xidmət müqaviləsi ilə işə götürür. Azərbaycanda geniş yayılan bu sistem əslində qanunu pozmaq yox, bir manevr, öz yükünü azaltmaqdır”.

S,Əliyev bildirdi ki, sosial sığorta haqlarının bölünməsi son nəticədə əhalinin gəlirinə mənfi təsir göstərəcək: “Əgər sosial sığorta haqqı işçi ilə sahibkar arasında bölünəcəksə, öncə əhalinin maaşı artmalıdır ki, sosial ödənişləri kompensasiya edə bilsin. İndiki maaşla sosial sığorta haqqını əhaliyə yükləməklə xüsusən büdcədən maliyyələşən işçilərin, müəllimlərin, həkimlərin və bu kateqoriyadan olan digər təbəqənin vəziyyəti daha da ağırlaşacaq. Özəl sektorda çalışan işçilər üçün də çətin olacaq. Çünki sahibkarlar maaşı artırmaqda maraqlı olmayacaqlar”.

S.Əliyevin sözlərinə görə, bu gün sosial sığorta haqqının 25 faiz olması dünya təcrübəsi ilə müqayisədə çoxdur: “Bir çox ölkələrdə sosial sığorta haqqının məbləği azdır, amma əvəzində gəlir vergisi çoxdur. Məsələn, inkişaf etmiş ölkələrdə gəlir vergisi 20-30 faizə çatır. Azərbaycanda isə geniş yayılmış gəlir vergisi 14 faizdir. Bu gün sosial sığorta haqları 15 faiz civarında olmalıdır. Bu zaman işçilər sosial sığorta haqlarının yarısını rahatlıqla ödəyə bilərlər. Amma təəssüflər olsun ki, sosial ödəmələrin 25 faizdən bir az da olsa aşağı düşməsi bu gün üçün mümkün deyil. İndiki səviyyədə belə DSMF böyük zərərlə işləyir, təqaüdlərin verilməsində böyük problemlə qarşılaşır. Kəsir hələ ki, dövlət büdcəsindən ayırmalarla təmin edilir. Faiz dərəcəsinin aşağı salınması DSMF-nin, salınmaması isə sosial sığorta haqları sahibkar və işçi arasında bölünəcəyi təqdirdə əhalinin vəziyyətini daha da ağırlaşdıracaq”.

Lalə Musaqızı

 

Leave A Comment