Güzəştlər olacaq…

Güzəştlər olacaq…

“Ölkədə təhsil alan 197 min 600-dən çox tələbəyə “Azərbaycan tələbə kartı” paylanacaq. 91 mindən çox tələbə artıq kart alıb. 8 min kart hazırlıq prosesindədir. 100 minə yaxın tələbə üçün də kartların hazırlanması nəzərdə tutulub”.

Bu sözləri Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin  rəhbəri Qabil Mehdiyevin “Gündəlik Teleqraf”a açıqlamasında bildirdi.

Qeyd edək ki, iyulun 7-də qəbul olunan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”  Dövlət Proqramında təhsil alan gənclərə sosial dəstəyin artırılması ayrıca bənd kimi göstərilib. Proqrama uyğun olaraq Gənclər və İdman, Təhsil nazirliklərinə “Azərbaycan tələbə kartı”nın tətbiq edilməsi və gənclərin vahid beynəlxalq güzəşt kartları sisteminə qoşulmasına şərait yaradılması tapşırılıb.

Q.Mehdiyev dedi ki, bir sıra iaşə obyektlərində, xidmət müəssisələrində artıq tələbələrə güzəştlər tətbiq edilməyə başlanıb: “Elə müəssisə var ki, 10 faiz, eləsi də var 70 faizədək güzəşt etməyə hazırdır. Əsasən xidmət müəssisələri gözəllik salonları, tibb müəssisələri 60-70 faiz tələbələrə güzəşt etməyə razılıq verib.  Prosesə 200-dən çox müəssisə qoşulub.  Bəzi iaşə obyektləri də bizə müraciət edərək bu siyahıya könüllü daxil olmaq istəyir.  İyun ayından ictimai nəqliyyatda tələbələrə güzəşt ediləcəyi gözlənilir, bu barədə
Nəqliyyat Nazirliyi ilə danışıqlar aparılır. Dəmir yol nəqliyyatından güzəştli istifadə mümkündür”.

Bəs “Azərbaycan  tələbə kartı”na dəstək verən müəssisələrin sayı artdıqca, kartların yenilənməsinə ehtiyac olacaqmı?

Q.Mehdiyev  dedi ki, kartların yenilənəcəyi gözlənilən deyil, lakin münasib yol tapılacaq: “O qədər kartın yenilənməsi mümkün olmayacaq. Həmin kart əsasında tələbələrə əlavə bir  kart, yaxud hər hansı sənəd də verilə bilər. İlkin məqsəd odur ki, tələbələr güzəşt kateqoriyasına daxil olsunlar. Proses tədricən tətbiq olunur, gələcəkdə daha da təkmilləşəcəyi gözlənilir. Ola bilər, gələcəkdə metrodan,  hava nəqliyyatından da güzəştli istifadə tətbiq olunsun. Heç bir müəssisəyə, təşkilata məcburi qaydada belə güzəştin tətbiqi nəzərdə tutulmur, hər bir müəssisə özü könüllü müraciət edir”.

Nazirlik rəsmisi bildirdi ki, tələbələrə paylanan güzəşt kartları pulsuzdur və qanuni sənəd statusunu daşıyır: “Kartlar tələbələrə təmənnasız paylanır. Tələbənin adı, soyadı, şəkli, təmsil etdiyi təhsil müəssisəsinin adı əks olunan bu kartlar həm də vəsiqə rolunu  ynayır. Təhsil müddətində tələbəyə verilən bu kartdan başqası istifadə edə bilməz”.

Q.Mehdiyevin sözlərinə görə, “Azərbaycan tələbə kartı” ölkə ərazisində lisenziya əsasında qanuni fəaliyyət  göstərən həm özəl, həm
dövlət ali təhsil müəssisələrinin hamısına şamil olunacaq: “Bu kartlar ali məktəblərin bakalavr və magistr pilləsində təhsil alan əyani və qiyabi tələbələrin hər birinə  aiddir”.

Q.Mehdiyev sonda əlavə etdi ki, bu vəsiqə hətta Avropa tələbə bileti rolunu da oynayır: “30 Avropa ölkəsinin 80 mindən çox obyekti də müxtəlif faiz dərəcələri üzrə tələbələrimizə güzəşt edilməsinə razılıq verib. Gələcəkdə 40-dan çox Avropa ölkəsində tələbələr
100 mindən çox xüsusi endirim imkanları əldə edə biləcəyi gözlənilir”.

Xatırladaq ki, Azərbaycanda ictimai nəqliyyatda gediş haqqı güzəştləri 2002-ci ildə Nazirlər Kabinetinin qərarı ilə ləğv edilib. Sovet dövründə də belə bir sistem mövcud olub. 12 yaşına qədər olan uşaqlara, tələbələrə, əlillərə, müharibə iştirakçılarına və təqaüdçülərə güzəşt olunurdu. Kommunal xərclərin ödənməsində, şəhərdaxili və şəhərlərarası avtobuslarda, qatarlarda, təyyarələrdə gediş haqqında müəyyən güzəşt tətbiq edilirdi.

Müstəqillik illərinin ilk başlanğıcında isə təqaüdçülərə, müharibə veteranlarına, müəllimlərə, jurnalistlərə, şəhid ailələrinin üzvlərinə və əlillərə ictimai nəqliyyatda gediş pulsuz idi. Hazırda ictimai nəqliyyat yalnız polislərə havayıdır.

Onu da bildirək ki, ötən ilin dekabrında Nəqliyyat nazirinin müavini Musa Pənahov bildirmişdi ki, ictimai nəqliyyatda güzəştlərin bərpa edilməsi yenidən aktual müzakirə mövzularından birinə çevrildiyi üçün, kiçikyaşlı uşaqlar, tələbələr, müharibə əlilləri üçün güzəştlərin tətbiqi nəzərdə tutulub.

Bəzi mütəxəssislər ictimai nəqliyyatda güzəştlərin ləğvinin səbəbini nəqliyyat sahəsinin özəlləşdirilməsində görür. Çünki güzəştlər qüvvədə olan dövrdə sürücülərə aylıq maaş verilirdi, bu üzdən onlar üçün güzəştlərin olub-olmaması əhəmiyyətli deyildi. Lakin
marşrutlar özəlləşdirilib sahibkarlar tərəfindən alınanda sürücülərə gündəlik plan qoyuldu. Gündəlik planı ödəmək marağında olan sürücü üçün isə güzəşt kateqoriyasına daxil olan sərnişinlər, əlbəttə, başağrısına çevrildi. Beləcə güzəştlər ləğv edildi.

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovun qəzetimizə bildirdiyinə görə, nazirlik avtobuslara vahid kart sistemini tətbiq etdikdən sonra bu məsələni müzakirə etmək olar. Çünki hazırda sərnişinlərin daşınması daha çox özəl firmaların öhdəsinə düşür: “Sürücülər intellektual idarəetmə sisteminə keçib, may ayından   başlayaraq avtobuslarda vahid kart sisteminə keçiləcək. Yalnız bundan sonra güzəştlərin yenidən tətbiqi mümkündür. Çünki hazırda belə demək mümkünsə, burada qazanc götürən sahibkarlardır. Nağd ödəniş sistemi olduğu üçün ictimai nəqliyyatda güzəşt mümkün deyil.  Kart sisteminə keçdikdən sonra isə bu barədə  müzakirələr aparıb, müəyyən qərar vermək olar”.

Hazırda Polşa, Macarıstan, Rusiya, Türkiyə, ABŞ kimi ölkələrdə ictimai nəqliyyatda güzəştlər tətbiq edilir. Qonşu Türkiyədə tələbələr şəhər nəqliyyatından yarı qiymətinə istifadə edirlər. Rusiyada da tələbələrə ictimai nəqliyyatda güzəşt nəzərdə tutulur. Tələbə biletini göstərən şəxs metroda, elektrik qatarında birdəfəlik bileti ucuz ala bilər. Başqa şəhərdən olan tələbələrə də ildə bir dəfə evlərinə
pulsuz olaraq gedib qayıtmaq hüququ verilir.

ABŞ-da tələbələr nəqliyyatda, kitab mağazalarında, tələbə kafelərində, internet klublarında başqalarına nisbətən az pul ödəyirlər.  Həmçinin, digər aztəminatlı təbəqələr üçün müxtəlif variantlardan istifadə olunur.

Ötən ilin sentyabrından isə Tiflisin bələdiyyə nəqliyyatında yeni güzəştli ödəniş sisteminin tətbiqinə başlanıb.  “Metromoney” kartı vasitəsi ilə bələdiyyə nəqliyyatında ilk gediş üzrə ödəniş edən sərnişinlər növbəti ayyarım ərzində metro və avtobuslardan pulsuz yararlana bilir.

Hazırda Tiflisdə ictimai nəqliyyatda güzəştlər sistemi mövcuddur. Paytaxt avtobuslarında və metropolitendə gün ərzində ilk gediş 0,5 lariyə (0,25 AZN), ikinci gediş 0,3 lariyə (0,16 AZN), bundan sonrakı gedişlər isə 0,2 lariyə (0,1 AZN) başa gəlir. Bununla yanaşı bəzi kateqoriya vətəndaşlar üçün xüsusi güzəştlər nəzərdə tutulub. Məsələn, müəllimlər və pensiyaçılar üçün metro və avtobuslarda
gediş haqqı 0,2 lari (0,1 AZN), sosial baxımdan aztəminatlı ailələrin üzvləri üçün isə 0,1 lari (0,5 AZN) təşkil edir.

Ekspertlər də cəmiyyətin az təminatlı təbəqələrinə nəqliyyatda, eləcə də, digər sektorlarda güzəştləri məqbul sayır. İqtisadçı Vüqar Bayramov qəzetimizə bildirdi ki, güzəştlər praktiki olaraq dünyanın əksər ölkələrində var, xüsusən tələbələrə: “Özü də tələbələrə güzəştlər yalnız nəqliyyatda tətbiq edilmir. Məsələn, teatra, kinoya getmək üçün onlara aşağı qiymətə xidmət təklif olunur. Doğrudur,
dünyanın heç bir yerində nəqliyyatdan pulsuz istifadə hüququ hər hansı bir kateqoriyaya verilmir. Burada söhbət müəyyən endirim fazilərindən gedir.

Güzəştlərin tətbiqi hökumətin üzərinə müəyyən öhdəliklər qoyur. Məsələn, nəqliyyat sektoru, o cümlədən digər xidmət sahələrində özəl xidmətlər mövcuddur. Bu baxımdan güzəştlər təklif edilən özəl şirkətlərə hökumətin müəyyən kompensasiyalar etməsinə
ehtiyac var. Əks halda hər hansı özəl xidmət obyektinin, yaxud digər bir sahənin bu prosesə könüllü qoşulması inandırıcı deyil. Baxmayaraq ki, şirkətlərin sosial-korperativ məsuliyyət adlanan bir məsuliyyəti var, o cümlədən sosial layihələrə qoşulmaq
istəyi mümkündür. Amma nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanda şirkətlərin çox az bir qismi sosial-korperativ məsuliyyətə əməl edir. Sosial-korperativ məsuliyyət inkişaf etmədiyi üçün birmənalı şəkildə şirkətlərin bu prosesə könüllü yox, ola bilər, məcburi qoşulması gerçəkləşdirilsin”.
Sevil Hilalqızı

Leave A Comment