Məmurlara “Lifan” yaraşırmı?

Məmurlara “Lifan” yaraşırmı?

Millət vəkili Qüdrət Həsənquliyev parlamentin iclasında məmurlar üçün Naxçıvanda istehsal olunan minik avtomobillərinin alınmasını təklif edib. O, qeyd edib ki, dövlət ehtiyatları üçün Naxçıvanda istehsal edilən minik avtomobillərini almaq olar. Millət vəkili Naxçıvanı minik, Gəncəni yük avtomobilləri istehsalı mərkəzinə çevirə bilməyin mümkünlüyünü də deyib: “Ən azı, orta məmurlar üçün Naxçıvanda istehsal ediləm minik avtomobilləri alına bilər”.

Keyfiyyətli və ucuz avtomobillər

İqtisadçı Vüqar Bayramov isə hesab edir ki, məmurlara ölkədə istehsal olunan minik avtomobillərinin alınması indiki halda real görünmür: “Amma məmurların yerli məhsullardan istifadə etməsinə ehtiyac var. Çünki məmurun yerli istehsaldan istifadə etməsi digər vətəndaşlara bir mesajdır. Bu zaman həmin məhsullara tələbat artar və praktiki olaraq ölkə daxilində istifadə edilmə səviyyəsi yüksələr”.

Naxçıvanda istehsal olunan minik avtomobillərinin hələlik özünü təsdiqləmədiyini deyən iqtisadçı bildirdi ki, yerli minik avtomobillərindən istifadə təhlükəsizlik qaydaları, keyfiyyətin yaxşılaşması baxımından müəyyən zaman tələb edir: “Azərbaycanın avtomobilqayırma, xüsusən minik avtomobillərinin istehsalı üzrə ənənəsi yoxdur. Buna görə də ölkəmizin xaricdə istehsal edilən avtomobillərlə rəqabət aparması mümkün deyil. Bu o zaman mümkün ola bilər ki, dövlət inzibati metodlardan istifadə etsin, amma bazar iqtisadiyyatı dövründə bu metoddan istifadə düzgün deyil”.

V.Bayramov məmurların yerli avtomobillərdən istifadə etməsi üçün avtomobil istehsal edən zavodun keyfiyyəti artırmasına ehtiyac olduğunu dedi. İqtisadçı bildirdi ki, Azərbaycanın da keyfiyyətli avtomobil istehsalı etməsi mümkündür: “Əgər bu gün bizim bazarda İranın istehsalı olan avtomobil varsa və Azərbaycan texnologiyanın tətbiqi baxımdan sözügedən ölkədən öndə gedirsə, o zaman nə üçün Azərbaycanda istehsal edilən avtomobillər keyfiyyətli olmasın? Keyfiyyətli və qiyməti ucuz avtomobillər bazara çıxacaqsa, o zaman vətəndaşların yerli istehsala tələbatı olacaq. Ümumiyyətlə, yerli avtomobilləri yalnız aztəminatlı ailələr üçün hesablamaq doğru deyil. Orta təbəqə və yüksək təbəqənin də alıcı kimi bu avtomobillərdən istifadə etməsini nəzərə almaq lazımdır. Yalnız bu halda ölkə daxilində yerli minik avtomobillərinə tələbat formalaşacaq”.

Avtomobil zavodu o yerdə tikilir ki…

Müsahibimiz hesab edir ki, Naxçıvanda istehsal edilən minik avtomobillərinin keyfiyyətini artırmaq üçün beynəlxalq aləmdə tanınmış şirkətlərdən biri ilə əməkdaşlıq edilməsi və onların təcrübəsinin Naxçıvanda tətbiqi yaxşı nəticə verə bilər: “Ümumilikdə götürdükdə isə, Azərbaycanda minik avtomobillərinin istehsalı və yerli bazarın formalaşması ilə bağlı müəyyən çətinliklər var. Bu da Azərbaycanın özündən asılı olan məsələ deyil. Beynəlxalq təcrübəyə əsasən, avtomobil zavodları o yerdə tikilir ki, həmin ölkənin, yaxud həmin regionun əhalisi 15 milyon nəfərdən çox olsun. Əks halda, avtomobil istehsalı rentabelli olmur. Azərbaycanın əhalisi 9 milyon nəfər olduğu üçün həmin standartlara uyğun deyil. Ermənistanla konfliktin olması isə regiona bütövlükdə bazar kimi baxılmasına imkan vermir. Amma dediyim kimi, hər hansı tanınmış şirkətlə əməkdaşlıq etmək yaxşı olardı. Bu, yerli avtomobillərə həm inamın formalaşmasına, həm də bazara keyfiyyətli avtomobillər çıxarılmasına imkan verər”.

 

V.Bayramov hesab edir ki, Gəncədə keyfiyyətli yük avtomobillərinin istehsal edilməsi daha realdır: “Amma Gəncə Avtomobil Zavodunda da menecment problemi var. Sözügedən zavod bir neçə şirkətlə, hətta Belarus şirkəti ilə də əməkdaşlığa razılaşdı. Amma təəssüf ki, istehsal etdikləri avtomobilləri bazara çıxarmaq baxımından problemlə qarşılaşdılar. Burada önəmli məqam menecment işinin yaxşılaşdırılmasıdır. Bu, baş tutarsa, o zaman Gəncə yük avtomobillərinin ölkə daxilində çox ciddi və böyük bazarı formalaşa bilər”.

Zavodlarımızın gücü

Qeyd edək ki, Naxçıvan avtoobil Zavodunda 5 modeldə “NAZ Lifan” markalı minik avtomobilləri istehsal edilir. İllik istehsal gücü 4-5 min ədəd minik avtomobili olan Naxçıvan Avtomobil Zavodu Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. Zavodda həm mexaniki, həm də avtomat sürət qutusu ilə işləyən avtomobillər istehsal edilir. Avtomobil hissələrinin 51 faizinin ölkəmizdə istehsal olunması şərtdir. Ötən 3 il müddətində 1582 ədəd “NAZ Lifan” markalı minik avtomobili istehsal olunub, bunlardan 1362 ədədi satılıb. Hazırda Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt və Neftçala şəhərlərində “NAZ Lifan” markalı minik avtomobilləri ilə taksi xidməti göstərilir.

1986-cı ildə əsası qoyulmuş Gəncə avtomobil zavodu isə layihəyə əsasən, ilə 30 min ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanmışdır. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlarına qədər başa çatdırılmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisi yarımcıq qaldı. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodu işə düşdü. Bu il zavodda 1680 texnikanın istehsalı nəzərdə tutulub. Ötən il ərzində isə zavodda 599 “Belarus” markalı traktor, 161 ədəd “MAZ” avtomobili yığılıb. Ötən il 5 qartəmizləyən, 5 “ESU” markalı asfalt kəsən, 6 ədəd “DEM” markalı ekskavator, 37 ədəd qoşqu yığılaraq istifadəyə verilib.

Lalə Musaqızı

Comments
One Response to “Məmurlara “Lifan” yaraşırmı?”
  1. Ilgar says:

    Bes Aziz markali avtomobil istehsal eden Samaxi Avtomobil Zavodu haqqinda danisilmadi. Halbuki biz oz avtomobil markalarimizi yaratmaliyiq Aziz, Naz, GA. Gelecekde feqi yoxdu hansi firma ile emekdasliq edirik. Yalniz 3 avtomobil markalarimizla dunya bazarina cixa bilerik. C. Koreya avtomobillerini xatirlayirsiz Daewoo, Hyundai, Kia yalniz uc firma ile meshur olublar.

Leave A Comment