Azərbaycanda beyin mərkəzi problemi -araşdırma

Azərbaycanda beyin mərkəzi problemi -araşdırma

Hökumətin fəaliyyətinə yardım göstərən, dövlətin daha da inkişaf etməsinə səbəb olan bu qurumların əsas problemi maliyyələşmə ilə bağlıdır

“Beyin mərkəzləri birmənalı şəkildə dövlət siyasətinin müəyyənləşdirilməsinə təsir edən qurumlardan biridir. Əslində, dövlət beyin mərkəzləri ilə əməkdaşlıq etməklə, eyni zamanda, beyin mərkəzlərinə sifarişlər verməklə öz iqtisadiyyatını və siyasətini təkmilləşdirə bilir. Bu da dövlətə islahatları dəstəkləməklə ölkə olaraq daha çox inkişaf etmək imkanı qazandırır”. Bu sözləri bizimlə söhbətində İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov bildirdi.

Dünya dövlətləri içərisində yerimiz

Qeyd edək ki, ABŞ-ın Pensilvaniya Universitetinin keçirdiyi “Beyin Mərkəzləri 2012” reytinqinə 182 ölkədən 6603 beyin mərkəzi qatılıb. Onlardan 13-ü Azərbaycanda qeydə alınan beyin mərəkəzləridir. Hesabat hazırlanarkən dünyanın 2 minə yaxın eksperti arasında sorğu keçirilib. İqtisadi və Sosial İnkişaf Mərkəzi, Prezident yanında Strateji Araşdırmalar Mərkəzi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi və İqtisadi Tədqiqatlar Mərkəzi hazırlanan hesabatda Şərqi Avropanın 25 ən yaxşı beyin mərkəzi siyahısına daxil edilib. Bu mərəkəzlər öz hökumətlərinin siyasətinə pozitiv təsir edən mərkəzlər kimi qiymətləndirilib.

Onu da deyək ki, reytinqdə ilk üçlüyü Brookinq İnstitutu (ABŞ), Böyük Britaniyanın Kral İnsitutu və Karnegi Fondu (ABŞ) bölüşdürüblər.

Belə mərkəzlərin sayına görə ölkəmiz Asiya regionu üzrə 15-ci pillədə yer alıb. Dünya üzrə siyahıya isə ABŞ başçılıq edir. Belə ki, bu ölkədə 2 minə yaxın beyin mərkəzinin olduğu qeyd edilir.

 

Bu sahədə qanuna ehtiyac var

Onu da deyək ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) ABŞ-ın Pensilvaniya Universitetinin ən yaxşı beyin mərkəzləri siyahısına hələ 2010-cu ildən düşüb. Bundan başqa, sözügedən mərkəz həm də Harvard Universitetinin hazırladığı ən yaxşı beyin mərkəzləri siyahısında yer alan yeganə Azərbaycan beyin mərkəzidir. Harvard Universitetinin siyahısına keçmiş SSRİ-dən hələlik iki mərkəz daxil edilib. Digər mərkəz Rusiyada yerləşən Karnegi Mərkəzidir.

İSİM-in rəhbəri Vüqar Bayramov bizimlə söhbətində bildirdi ki, ölkəmizdə beyin mərkəzlərinin son illərdə formalaşması və inkişaf etməsinə baxmayaraq, “Beyin mərkəzləri haqqında” qanun yoxdur: “Azərbaycanda beyin mərkəzləri “İctimai təşkilatlar haqqında” qanuna əsasən fəaliyyət göstərir. Qeyd edim ki, digər ölkələrdə beyin mərkəzləri xüsusi qanunvericilik bazası əsasında işləyir. Azərbaycanda da belə bir qanunun qəbul edilməsinə ehtiyac var. Çünki “İctimai təşkilatlar haqqında” qanun ümumi xarakter daşıyır. Həm də nəzərə almalıyıq ki, beyin mərkəzlərinin fuinksiyası qeyri-hökumət təşkilatlarından fərqlidir”.

Qeyd edək ki, ölkəmizdə qeydiyyatdan keçmiş 4 minə yaxın QHT olsa da, onlardan yalnız 13-ü beyin mərkəzi kimi fəaliyyət göstərir.

 

Dövlət maliyyə məsələsinə diqqət ayırmalıdır

İqtisadçı hazırda Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzlərinin maliyyələşmə mənbələrinin QHT-lərin maliyyə mənbələrindən fərqlənmədiyini dedi. O, bildirdi ki, praktiki olaraq ölkəmizdə beyin mərkəzləri də QHT-lər kimi qrant və digər mənbələr hesabına maliyyələşir: “Şəxsən bizim beyin mərkəzimiz QHT-lərdən fərqli olaraq biznes qurumlarından müəyyən təkliflər alır. Biznes üçün müəyən tədqiqatlar, o cümlədən, marketinq tədqiqatları aparırıq”.

Dünya ölkələrinin təcrübəsinə əsaslanaraq V.Bayramov bildirdi ki, beyin mərkəzləri dövlət tərəfindən maliyyələşməlidir: “Xaricdə beyin mərkəzləri dövlətdən və beynəlxalq qurumlardan cəlb edilən vəsaitlər hesabına fəaliyyət göstərirlər. ABŞ və Avropa ölkələrində beyin mərkəzləri daha çox dövlətin vəsaitləri hesabına maliyyələşir və dövlət tərəfindən strateji layihələrin icra edilməsinə cəlb edilirlər. Amma bizdə bu sahə yeni olduğundan hələlik dövlətdən beyin mərkəzi olaraq tədqiqatların aparılması, strateji məsələlər, qanunvericilik aktları ilə bağlı pullu sfarişlərin alınması təcrübəsi yoxdur. Təəssüflər olsun ki, hələlik Azərbaycanda dövlət qurumları, xüsusən nazirliklərin böyük əksəriyyəti müstəqil beyin mərkəzləri ilə əməkdaşlıq etmirlər. Bizim apardığımız tədqiqatlar göstərir ki, bir sıra nazirliklər özünə yaxın konsaltinq şirkətləri yaradaraq sifarişləri həmin firmalara verirlər. Bu da müstəqil beyin mərkəzlərinin fəaliyyətinə və inkişafına mənfi təsir göstərir. Hər bir beyin mərkəzinin dövlətdən sifariş alması və dövlətin strateji sənədlərinə, qanunvericilik aktlarına, inkişaf proqramlarına töhfə verməsinə ehtiyac var”.

 

Beyin mərəkəzlərinin fəaliyyətində məhdudiyyət yoxdur

Beyin mərkəzlərinin fəaliyyəti ilə bağlı xüsusi limit və qadağaların olmadığını deyən V.Bayramov bildirdi ki, bu mərkəzlər bütün sahələr üzrə araşdırmalar, tədqiqatlar apara, hesabatlar hazırlaya bilərlər: “Dünyanın beyin mərkəzlərinə diqqət yetirsək, görərik ki, makro iqtisadiyyat, beynəlxalq münasibətlər, eləcə də sosial sferada fəaliyyət göstərirlər. MDB ölkələrində isə iqtisadi sferada fəaliyyət göstərən beyin mərkəzlərinin sayı daha çoxdur. Ümumilikdə isə beyin mərkəzləri daha çox iqtisadi və sosial sferada hökumətin fəaliyyətinə təsir göstərməyə çalışır”.

Beyin mərkəzlərinin hökumətin fəaliyyətinə yardımçı olduğunu deyən iqtisadçı bildirdi ki, bu gün nəinki Qərb ölkələri, getdikcə İslam ölkələri də beyin mərkəzlərinin fəaliyyətindən istifadə etməyə çalışırlar.

Müsahibimiz onu da bildirdi ki, akademiya və universitetlər beyin mərkəzləri kimi qruplaşdırılmasa da, xaricdə sözügedən qurumların tərkibində də beyin mərkəzləri fəaliyyət göstərir.

Kadrlarımız kifayət qədərdir

V.Bayramovun sözlərinə görə, ölkəmizdə beyin mərkəzlərinin fəaliyyəti genişlənərsə, sayı çoxalarsa, həmin mərkəzlərdə işləmək üçün kifayət qədər kadr potensialımız var: “Nəzərə alaq ki, son illər xaricdə təhsil alıb qayıdan insanların da sayı çoxalıb. Dövlətin beyin mərkəzlərinin inkişafında rolu ona görə vacibdir ki, həmin insanların beyin mərkəzlərində çalışa bilməsi üçün sözügedən mərkəzlərə vəsaitlər ayırsın. Çünki həmin kadr potensialının beyin mərkəzlərində işləməsi və qalması üçün onlara normal maaş verilməsi vacibdir. Bu gün ölkəmizdə beyin mərkəzlərində kadrlara verilən əməkhaqqının az olması ən böyük problemlərdəndir”.

 

5-10 araşdırma əvəzinə 3 araşdırma

 

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin siyasət bölümünün tədqiqatçısı Aynur Nəbiyeva isə bizimlə söhbətində bildirdi ki, beyin mərkəzi yaratmaqda əsas məqsədləri Azərbaycanda sosial, iqtisadi, mədəni həyatda effektiv surətdə iştirak etmək bacarığından məhrum olmuş qrupların cəmiyyətə inteqrasiyasında maneələrin aradan qaldırılması istiqamətində tədqiqatlar, araşdırmalar aparmaq, cəmiyyətdə bu barədə məlumatlılığı artırmaqdır.

A.Nəbiyevanın sözlərinə görə, beyin mərkəzləri akademik institutların, universitetlərin, dövlət orqanlarının, ictimaiyyətin, QHT-lərin, ümumiyyələ, çoxtərəfli işin nəticəsi olaraq meydana çıxır. Azərbaycanda daha çox beyin mərkəzinin işləməsi və mövcud beyin mərkəzlərinin daha çox iş görməsi üçün maliyyələşmənin olması vacibdir: “Bu baxımdan daimi maliyyə mənbəyinə ehtiyac var. Bizim layihə Açıq Cəmiyyət İnstitutunun vəsaiti hesabına maliyyələşir. Amma bu maliyyə mənbəyimiz sonsuz deyil. Maliyyə vəsaitində limit olduğuna görə biz bir il ərzində 5-10 deyil, 3 tədqiqat-araşdırma apara bilirik”.

Lalə Musaqızı

 

Leave A Comment