Turizm sektorunun inkişafını nələr əngəlləyir?

Turizm sektorunun inkişafını nələr əngəlləyir?

 

Bakıda keçirilən XII Azərbaycan Beynəlxalq turizm və Səyahətlər Sərgisi ( AİTF-2013) turizmin inkişafını təşkil etmək, beynəlxalq arenada ölkənin tanınması və turizm potensialını lazimi şəkildə dəyərləndirmək  məqsədi daşıyırdı. Keçən illərlə müqayisədə bu il sərgidə iştirakçı ölkələr və şirkətlər sayında artım müşahidə edilir, belə ki 2010-cu ildə 22 ölkədən 132 şirkət iştirak edirdisə, bu il 35 ölkədən 250 şirkət iştirak edib.

 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Gülnar İsmayılova bildirib ki, bütün bunlara baxmayaraq Azərbaycanda turizm sektorunun inkişafı qənaətbəxş hesab olunmur. Azərbaycanın Dünya İqtisadi Forumunun “Səyahət və turizm Rəqabət davamlılığı indeksi 2013” hesabatına əsasən dünyanın 140 ölkəsi arasında 78-ci yeri tutur. Ölkəyə gələn turistlərin sayının az olması ilə yanaşı ölkə əhalisinin çox hissəsi istirahət üçün xarici ölkələrə üz tuturlar. Buna əsas səbəb kimi xidmət haqlarının yüksək olması, bu sahədə çalışanların peşəkarlıq səviyyəsinin aşağı olmasını qeyd etmək olar. Kadrların peşəkarlıq dərəcəsini artırması üçün tədbirlər görülsədə bu məsələ hələdə problem olaraq qalmaqdadır.

 

Ekspertin sözlərinə görə, turizm sektorunu daha önəmli problemlərindən biri də turizm günlərinin azlığıdır, yəni turizm şirkətləri əsasən bir neçə ay yay mövsümündə fəaliyyət göstərir, qış turizm mərkəzlərinin az olması ümumiyyətlə sektorun inkişafını zəiflədir. Bölgələrdə turizmi mövsümi deyil, daimi olmasını təşkil etmək lazımdır. Turizm sektorunda əsas təmsilçilərdən biridə turizm şirkətləridir, bəzən turizm şirkətlərinin müştərilərin aldatması halları baş verir, belə ki, turizm şirkətləri qiymətləri suni şəkildə aşağı salır (dempinq) və bu zaman müştəri ona vəd edilən xidmətlərin reallıqla üst-üstə düşmədiyinin, xidmətlərin reklam çarxlarında göstəriləndən aşağı olması ilə rastlaşırlar. İstehlakçıların hüquqlarının pozulması hallarına qarşı dövlət tərəfindən konkret qanunlar tətbiq olunmalıdır. Bu kimi problemlərlə müştərilərin qarşılaşmaması üçün əvvəlcədən sifariş müqavilələri bağlanmalı, müqavilədə otelin kateqoriyası, nəqliyyatın növü, yemək sistemi və digər xidmətlər haqqında informasiya yazilmalıdır.

 

Xanım İsmayılova deyib ki, turizmlə bağlı peşə standartlarının hazırlanması ilə bağlı layihələrin üzərində düşünmək labüddür. 2010-2014-ci illər üzrə nəzərdə tutulan turizmin inkişafına dair Dövlət proqramında kiçik və orta sahibkarlığa yardım imkanları nəzərdə tutulur və bu məsələ ilə əlaqədar olaraq sahibkarların müraciətinə Mədəniyyət və Turizm Nazirliyi baxır.

 

İSİM eksperti əlavə edib ki, ümumiyyətlə, Azərbaycanda turizm fəaliyyətinin inkişaf etdirilməsi üçün ilk öncə turizm şirkətlərinin fəaliyyətinin sertifikatlaşdırılmasına dair normativlər hazırlanmalı, Azad rəqabət şəraitini təmin etməklə qiymətlərin azalmasına nail olmaq, Turizm marşurutlarının sayının artırılması və inkişafını təmin edəcək tədbirlər kompleksi hazırlamaq, bu sahədə xarici ölkələrin təcrübələri araşdırıb öyrənməli və mümkün variantlarda Azərbaycanda da tətbiq olunmalı xüsusən regional səviyyədə ölkələrin təcrübələrindən faydalanmaq lazimdir. Əsasəndə qonşu dövlətlər olan Türkiyə, Gürcüstanı qeyd etmək olar. Bu ölkələrin turizm sektorunda xidmətlərin qiymətləri aşağı olması həmin ölkələrin bazar qiymətlərinin təsiri ilə formalaşib belə ki, istehsal olan məhsullların qiyməti Azərbaycan da olan məhsullardan  aşağı olması ilə əlaqəlidir.Turizm sektorunun inkişafı üçün mütəxəsislər tərəfindən bu sektorda fəaliyyət göstərən sahibkarlara xüsusi güzəştlərin verilməsi təklif olunur. Xidmət göstərən mehmanxana və mehmanxana tipli istirahət  mərkəzlərinin fəaliyyətini vaxtaşırı yoxlanmalı, onların göstərdikləri xidmət səviyyəsini üzərlərinə götürdükləri öhdəliklərlə müqayisə olunmalı və bunun nəticəsində mehmanxana işçilərini təkminləşdirmə kurslarına və ya treninqlərə yönəltmək olar.

 

 

 

 

Leave A Comment