Bakıda evlərin böyük əksəriyyətini paytaxtdan kənarda yaşayanlar alır

Bakıda evlərin böyük əksəriyyətini paytaxtdan kənarda yaşayanlar alır

Araşdırmalar göstərir ki, son illərdə Bakıda mənzil alanların böyük əksəriyyəti paytaxtdan kənarda yaşayanlardır. Hətta paytaxtdan ev alanların sayında ümumiyyətlə, ölkədən kənarda yaşayan insanların miqdarı da çoxdur. Belə ki, təqribi rəqəmlə desək, Bakıda mənzilə sahib olanların üçdə bir hissəsi məhz kənar yerlərdə qeydiyyatda olan şəxslərdir.

“Bakıda satılan hər 10 mənzildən cəmi 2-si paytaxtda qeydiyyatda olan şəxslər tərəfindən alınır”

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, 2008 – ci ilə qədər Bakıda satılan mənzillərin təxminən 65 faizini Azərbaycandan kənarda yaşayan azərbaycanlılar alırdı: “Daha sonra bu rəqəm iki dəfə azaldı. Bu da qlobal maliyyə və Rusiyada müşahidə edilən böhranla bağlı idi ki, kənarda yaşayıb Bakıda mənzil alanların sayına təsir göstərdi. Amma bununla belə, hazırda Bakıda satılan hər mənzilin təxminən 1/3 hissəsi Azərbaycandan kənarda yaşayan azərbaycanlıların pulu hesabına alınır. 2012 – ci ilin yekunlarında Bakıda satılan mənzillərin 20 faizi paytaxtda yaşayan və orada qeydiyyatda olan şəxslər tərəfindən alınıb. Digər 80 faizi isə Bakıdan və Azərbaycandan kənarda yaşayanlar tərəfindən alınıb. Bunun da əsas səbəbi onunla bağlıdır ki, Bakı qeydiyyatında olanların əhəmiyyətli hissəsinin mənzilləri var. Onun üçün mənzilə tələbatları yoxdur. Regionda yaşayanların isə bir hissəsinin Bakıda iş yerləri var. Bakıda gəlirlik səviyyəsi yüksək olduğu üçün onlar burada mənzil almaq imkanlarına malik olurlar. Bu da paytaxtda mənzil alanların çəkisində kənarda yaşayanların payının artmasına gətirib çıxarır. Bakıda satılan hər 10 mənzildən cəmi 2-si paytaxtda qeydiyyatda olan şəxslər tərəfindən alınır. Bu da bakılıların mənzil alışında payının azalması deməkdir”.
Ekspert bildirdi ki, Bakıda yaşayanların bir qismi son illər buranı tərk edərək müxtəlif ölkələrə gedirlər: “Bakını tərk etmələri də mənzillərin satılmasına təsir göstərir. 2012 – ci ilin yekunları göstərir ki, 2011 – ci illə müqayisədə bu rəqəm təxminən 5 % artıb. Belə ki, 2011 – ci ildə paytaxtdan ev alanların 75% -i Bakıdan kənarda yaşayanların payına düşürdüsə, 2012 – ci ildə bu rəqəm 80 % olub”.
Vüqar Bayramov onu da qeyd etdi ki, Azərbayanda urbanizasiya prosesi gedir: “Nəzərə alsaq ki, Azərbaycan ərazi baxımından elə də böyük ölkə deyil. Ona görə də kənarda yaşayanların Bakıda mənzil alması normalıdır. Çünki, Bakı paytaxt olması ilə yanaşı, Azərbaycanın ən böyük şəhəridir. O baxımdan Bakı sakinləri üçün fərq etmir. Amma bu, Bakıda mənzillərin qiymətinin artmasında əsas səbəblərindən biridir”.

“Bakı Cənubi Qafqaz regionunda neft sənayesi şəhəri olması ilə yanaşı, çox böyük maliyyə mərkəzidir”

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev bildirir ki, əhalinin regionlardan Bakıya gəlməsi regionla paytaxt arasında hələ də qeyri – bərabər inkişafın davam etməsi deməkdir: “Azərbaycan Respublikasının regionların sosial – iqtisadi inkişafı dövlət proqramını həyata keçirməsində məqsədlərindən biri də region və paytaxt arasında fərqin maksimum dərəcədə azaldılmasıdır. Region əhalisi daha çox Bakı şəhərinə işləmək, təhsil almaq üçün gəlirlər. Bakı iri şəhər olduğuna görə burada regionlara nisbətən iş və təhsil almaq imkanları daha genişdir. Xüsusən də xaricdən Azərbaycana gələnlərin sayının artması onunla bağlıdır ki, Bakı Cənubi Qafqaz regionunda neft sənayesi şəhəri olması ilə yanaşı, çox böyük maliyyə mərkəzidir. Bu inkişaf da qonşu ölkələrin əhalisini özünə cəlb edə bilib. Xüsusən, Bakıda ev almaq istəyində olanların içində Gürcüstan və İrandan gələnlər çoxdur. Amma əhalinin paytaxtda cəmlənməsi şəhərləşmədə problem yaradır. Bu, həm də daşınmaz əmlkın qiymətinin qalxmasına və ya yüksək həddə qalmasına təsir göstərir. Həmçinin Bakıda əhalinin sıxlığının artmasına gətrib çıxarır. Bu da yerli əhalidə mənzil kommunal, iş tapmaq problemləri yaradır. Nəqliyyatın yüklənməsi nəticəsində də Bakıda tıxacların artmasına səbəb olur”.
Ekspert onu da əlavə etdi ki, Bakı Azərbaycanın ən böyük şəhəri olsa da, dünyada Bakıdan dəfələrlə böyük şəhərlər var: “Ona görə də əhalinin bura köç etməsində asılı olmayaraq, Bakı düzgün şəkildə inkişaf etdirilərsə, əhalinin ərazi üzrə düzgün paylanması məsələlərinə diqqətlərə yetirilərsə, gözlənilən problemlərin həllinə qismən nail olmuş olarıq”.

Mübariz Bayramov

Leave A Comment