Əhalini borca salan istehlak kreditləri

Əhalini borca salan istehlak kreditləri      

Faizlərin aşağı salınması həm istehlakçılar, həm də bank sektoru üçün faydalı ola bilər

Milli Məclisin son iclasında millət vəkilləri istehlak kreditlərinin faizinin yüksək olmasından narazılıqlarını bildiriblər. Deputatlar problemi həll etmək üçün bank sektoru rəhbərliyi ilə görüşməyi təklif ediblər.

Millət vəkili Vahid Əhmədov istehlak kreditlərinin faizinin yüksək olmasının əhaliyə mənfi təsir göstərdiyini deyib: “Təsəvvür edin, 22 faizdən aşağı kredit verən bank yoxdur. Buna görə də insanların evi, maşını banklarda girovdur. Əhalinin hər 10 nəfərindən 9-nun banklara borcu var. Bu problemlər aradan qalxmalıdır”.

Tələb təklifi üstələyir

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun “Makroiqtisadi tədqiqatlar” şöbəsinin baş mütəxəssisi Pərviz Heydərov bizimlə söhbətində kredit faizlərinin aşağı salınmasının yolları barədə danışdı. O, bildirdi ki, bazar iqtisadiyyatı dövründə bu problemi inzibati yolla həll etmək, banklara aşağı faizlə kredit vermələri barədə göstəriş vermək, limit qoymaq qeyri-mümkündür: “Çünki hazırda istehlak kreditlərinə tələb olduqca yüksəkdir. Tələb yüksək olduğu üçün limit qoymaq da düzgün deyil. Elə bir şərait yaradılmalıdır ki, banklar iqtisadiyyatın müxtəlif sahələrinə kredit qoymaqda maraqlı olsunlar. Çünki, heç bir bank yalnız istehlak kreditləri hesabına güclü və sağlam maliyyə qurumuna çevrilə bilməz. Bankların digər sektorlara kredit verməsini stimullaşdırmaq üçün iqtisadiyyatda risk səviyyəsini aşağı salmaq lazımdır. Banklar kənd təsərrüfatına və digər sahələrə kredit qoymaqda ona görə maraqlı deyillər ki, orada risk səviyyəsi yüksəkdir, rəqabət imkanları yoxdur. İlk növbədə buradan başlamaq lazımdır. Banklar digər sahələrdən gəlir əldə etdikdə, özləri istehlak kreditlərini aşağı salacaqlar”.

 

Mərkəzi Bank kommersiya banklarına təsir edə bilmir

Azərbaycanda faiz dərəcələrinin yüksək olmasının səbəblərindən də danışan P.Heydərov qonşu, həmçinin Avropa ölkələrindən fərqli olaraq bizdə kredit faizlərinin yüksək olmasının səbəblərindən də danışdı: “Birincisi, kommersiya banklarının Mərkəzi Bankdan götürdüyü vəsait olduqca azdır. Belə ki, bu rəqəmin ən çox 10-15 faiz aralığında olduğu bildirilir. Buna görə də banklar məcburdur ki, bu vəsaiti əhalinin əmanətləri və xaricdən maliyyələşmə hesabına əldə etsinlər. Bu da həmin banklarda kreditlərin idarə edilməsi üzrə risk səviyyəsini qaldırır”.

P.Heydərovun sözlərinə görə, Avropa ölkələrində Mərkəzi Bank mərkəzi kreditlər üzrə uçot dərəcəsini sadəcə 0,5 faiz dəyişəndə belə, bu, kommersiya banklarının kredit qiymətində hiss olunur: “Çünki xaricdə kommersiya banklarının Mərkəzi Bankdan maliyyələşmə faizi yüksəkdir. Buna görə də bizdə Mərkəzi Bank mərkəzi kreditləşdirmə üzrə uçot dərəcəsini hətta 2-3 faiz dəyişəndə də, bu, kommersiya banklarına heç bir təsir göstərmir. Bankların ümumi kredit portfelində AMB-dən alınan vəsaitlərin xüsusi çəkisinin artmasına nail olmaq olduqca vacibdir. Ümumiyyətlə, düşünürəm ki, bank sektorunda islahatlar aparılmalıdır”.

İstehlak kreditlərindən istifadə artır

İqtisadçı Vüqar Bayramov qəzetimizə açıqlamasında dedi ki, hazırkı vəziyyəti 2010-cu ilin analoji dövrü ilə müqayisə etsək, ölkəmizdə istehlak kreditlərindən istifadə edənlərin sayında 2,4 dəfə artım var: “Hazırda kredit götürən fiziki şəxslərin sayı 1,6 milyon nəfərdən çoxdur. Cəmi 92 min hüquqi şəxs kreditlərdən istifadə edir. İstehlak kreditlərinin həcmi hazırda 1 milyard manatdan artıqdır. İstehlak kreditləri üzrə illik artım 35 faizə yaxındır. Bu da mövcud kreditlərin 40 faizini təşkil edir”.

V.Bayramovun fikrincə, istehlak kreditlərinin faizinin aşağı salınması vacibdir: “Bu, həm istehlakçılar, həm də bank sektoru üçün gərəklidir. Çünki istehlak kreditlərinin faiz dərəcələrinin yüksək olması ölkədə problemli kreditlərin böyüməsinə, geri qaytarılmayan kreditlərin həcminin artmasına gətirib çıxarır: “Bu da təbii ki, bank sektoru üçün böyük problemlər yaradır. Bir sözlə, istehlak kreditlərinin faiz dərəcələrinə yalnız kredit götürənlərin ödəmə qabiliyyətinin olub -olmaması və necə ödəməsi aspektindən deyil, eyni zamanda bank sisteminin gələcəyi aspektindən yanaşmaq lazımdır. Çünki kredit faizləri yüksək olduqca həmin krediti qaytarmaqda vətəndaşların problemləri olur”.

V.Bayramovun sözlərinə görə, ölkəmizdə istehlak kreditlərinin faizlərinin yüksək olması iqtisadi qanunlarla izah edilmir: “Nəzərə alaq ki, əmanətlər üzrə orta illik faiz 8-dir, istehlak kreditləri isə 25 faizlə təklif olunur. Yəni, kommersiya bankı bir nəfərdən krediti 8 faizlə alır, amma digərinə həmin krediti 25 faizlə təklif edir. Bunun da iqtisadi baxımdan izahı mümkün deyil. Praktiki olaraq depozitlərlə istehlak kreditləri arasında 3 dəfədən artıq fərq var ki, bu da anormaldır. Yalnız avtomobil kreditləri orta hesabla 18 faizlə verilir”.

Yüksək faizlərin səbəbi

V.Bayramov bildirdi ki, istehlak kreditlərinin faizinin yüksək olmasının səbəblərindən biri də budur ki, bəzi kommersiya banklarının cəlb etdiyi vəsaitlər bahalıdır: “Heç də bütün kommersiya banklarının Avropadakı maliyyə mənbələrinə birbaşa çıxış imkanları yoxdur. Əmanətlər Avropa maliyyə mənbələrindən vasitəçilər vasitəsilə cəlb edilir. Vasitəçi faizini də nəzərə aldıqda, cəlb edilən kreditlər bahalı olur. Yəni bahalı kredit bahalı faizə səbəb olur. Eləcə də Mərkəzi Bankın kredit resurslarının kommersiya banklarının bank aktivlərindəki çəkisi azdır. Bu da ondan xəbər verir ki, Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditləri ölkədə kredit faizlərinin müəyyənləşməsinə hələlik təsir etmir. Digər tərəfdən, Azərbaycanda bank sektorunda kapitalın təmərküzləşməməsi səbəbindən rəqabətlilik nisbətən aşağıdır. Mərkəzi Bankın ilin sonunadək kommersiya banklarının minimum nizamnamə kapitalının 50 milyon manatadək artırılması barədə qəbul etdiyi qərar bank sektorunda kapitalın təmərküzləşməsi üçün imkan yaradacaq. Nəticədə bankların birləşdirilməsi banklararası rəqabətin gücləndirilməsinə gətirib çıxaracaq. Bu zaman bankların daha ucuz kreditlər təklif etməsi mümkün olacaq”.

Kommersiya banklarının yanaşması dəyişməlidir

Bankların xərclərin azaldılmasına nail olmağının vacibliyindən danışan iqtisadçı dedi ki, bu, xüsusən elektron hökumət elementlərinin bank sektoruna tətbiq edilməsi ilə mümkündür: “Sözügedən yenilik imkan verəcək ki, bank xərclərini azaltmaqla kredit faizlərinin dərəcələrini aşağı salsın. Digər tərəfdən, Mərkəzi Bank kommersiya banklarına verdiyi kredit resurslarının payını artırarsa, bu da istehlak krediti faizlərinin aşağı düşməsinə səbəb olar. Çünki banklar daha aşağı faizlə kredit götürdüklərindən bunu aşağı faizlə də təklif etmək imkanı qazanacaqlar. Kommersiya bankları beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı da gücləndirməlidir. Çünki beynəlxalq maliyyə qurumları daha ucuz kreditlər təklif edirlər. Mərkəzi Bank da çalışmalıdır ki, bank sektorunda rəqabətin gücləndirilməsi üçün bir sıra xarici maliyyə qurumlarını Azərbaycan bank sektoruna cəlb etsin. Çünki banklar arasında rəqabətin artması kommersiya banklarını məcbur edəcək ki, rəqabətə davam gətirmək üçün istehlak krediti faizlərin aşağı salsın”.

İqtisadçının sözlərinə görə, kommersiya banklarının bütövlükdə kreditlərin verilmə mexanizminə yanaşması dəyişməlidir: “Kommersiya bankları qəbul etməlidir ki, yüksək faizli kreditlərin verilməsi və qısamüddətli dövrdə daha çox gəlir əldə edilməsi bank üçün heç də əhəmiyyətli deyil. Çünki bu zaman bank verdiyi vəsaitlərin bir qismini geri qaytara bilmir. Bu səbəbdəndir ki, bu gün problemli kreditlərin bank aktivlərindəki payı böyükdür”.

V.Bayramov bildirdi ki, Türkiyədə istehlak krediti 2 qrupa ayrılır: “İpoteka kreditləri 3,7 faizlə təklif olunur. İstehlak kreditləri isə növündən asılı olaraq 12-18 faizlə verilir”.

Yüksək faizlər maliyyə böhranı ilə nəticələnə bilər

Qeyd edək ki, Milli Məclisdə istehlak kreditlərinin yüksək olması ilə bağlı məsələ bir neçə dəfə qaldırılıb. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə də sözügedən komitənin iclaslarından birində bildirib ki, istehlak kreditinin faiz dərəcəsinin yüksək olması ölkə iqtisadiyyatı üçün təhlükə törədir: “İstehlak kreditlərinin sistemli təhlili aparılmalıdır. Xüsusən də istehlak kreditinin strukturu, regionlar üzrə payı, kreditlərin ödənməsi məsələsinə baxılmalıdır. Bəzən istehlakçı olmaq istəyənlər çox eyforiyaya qapılırlar ki, bir də onda ayılırlar ki, artıq iş-işdən keçib. Bundan sonra aldıqları kreditləri necə ödəyəcəkləri barədə fikirləşirlər. İstehlak kreditinin verilməsi zamanı həyatın dinamikasına baxılmalıdır”.

Z.Səmədzadə onu da vurğulayıb ki, sonuncu dünya maliyyə böhranı məhz istehlak kreditləşməsinin həddindən artıq genişlənməsi səbəbindən başlayıb və sonradan böhran iqtisadiyyatın digər sahələrinə də keçib.

Qeyd edək ki, 2012-ci il dekabrın 1-i vəziyyətinə Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlərin ümumi həcmi 4,245 mlrd. manata çatıb. Bu, bank sistemi üzrə məcmu kredit qoyuluşlarının 35,3 faizini təşkil edir ki, bu da digər kreditləşdirilən sahələrlə müqayisədə ən yüksək göstəricidir.

 

Kaspi.az

Leave A Comment