İpoteka Fondunun maliyyə mənbələri

İpoteka Fondunun maliyyə mənbələri

Vüqar Bayramov: «Müxtəlif maliyyə mənbələrindən istifadə edilməməsinin əsas səbəbi odur ki, İpoteka Fondu praktik olaraq mövcud maliyyə axınını qoruyub saxlamağa çalışır»

Azərbaycanda artıq neçə ildir ki, ipoteka kreditləşməsi həyata keçirilir. Bunun da sayəsində minlərlə ailə ipoteka yolu ilə mənzillərə sahib olub. Ölkəmizdə ipoteka kreditləşməsi İpoteka Fondu vasitəsilə maliyyələşir. Bu fondun ayırdığı həmin maliyyə vasitəsilə sosial və adi ipoteka kreditləşməsi mövcuddur. İpoteka Fondunun maliyyələşməsi isə iki mənbə hesabına baş verir. Bunlar dövlət vəsaitləri və istiqrazlar vasitəsilə həyata keçirilən mənbələrdir. Xarici ölkələrdə, Avropa və ABŞ-da isə İpoteka Fondunun maliyyə mənbələri daha çoxdur. Bu ölkələrdə sığorta şirkətləri, fərdi şəxslər də bəzən ipoteka kreditləşməsinə vəsait ayırırlar. Bunun da nəticəsində həmin ölkələrdə İpoteka Fondunun sərəncamında daha çox vəsait toplanır. Belədə isə daha böyük insan kütləsi ipoteka yolu ilə mənzillərə sahib çıxırlar. Görəsən, Azərbaycanda da İpoteka Fondunun daha çox mənbələrdən maliyyələşməsi mümkündürmü?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, risq amilindən çəkindiklərinə görə İpoteka Fondu çoxsaylı maliyyə mənbələrinin resurslarından yararlanmır: «Bütövlükdə Azərbaycan Dövlət İpoteka Fondu ölkəmizdə ipoteka səbətinin yerləşdirilməsini adi ipoteka kreditinin verilməsi, eyni zamanda, dövlət büdcəsi hesabına sosial ipoteka kreditlərinin verilməsi istiqamətində həyata keçirir. Azərbaycanda, ipoteka sistemi haqqında qanun Dövlət İpoteka Fonduna gəlir mənbələrinin fərqləndirilməsi və İpoteka Fondunun müxtəlif maliyyə mənbələrindən istifadə etməsinə icazə verməsinə, o cümlədən institusional investorların cəlb edilməsilə bağlı tələblərinə baxmayaraq, hələ də sözügedən fond müxtəlif, çoxsaylı maliyyə mənbələrindən istifadə etmir. Müxtəlif maliyyə mənbələrindən istifadə edilməməsinin əsas səbəbi odur ki, İpoteka Fondu praktik olaraq mövcud maliyyə axınını qoruyub saxlamağa çalışır. Dövlət ipoteka Fondu risqli sektorlarla iş qurmağa çalışmır. Bu da təbii ki, arzuolunan deyil. Çünki birmənalı şəkildə risqli sektorlara investisiyanın qoyulmaması Dövlət İpoteka Fondunun illik büdcəsilə illik kreditlərinin həcmində kəskin fərqlərin olmamasına gətirib çıxarır. İpoteka Fondunun kifayət qədər maliyyə mənbələrini cəlb etmək imkanı var. Bu fond prosesə sığorta şirkətlərini cəlb edə bilər. Bununla bağlı xüsusi təlimat da mövcuddur. Lakin hələ də bu istək reallaşmayıb. Qonşu Rusiyada isə sığorta şirkətlər İpoteka Fondunun maliyyələşməsinə cəlb olunub. Ölkəmizdə də buna oxşar model həyata keçməlidir. Lakin təəssüf ki, bu sahədə hələ də ciddi işlər görülmür. O zaman İpoteka Fondu beynəlxalq maliyyə qurumlarının, xüsusən də daha ucuz vəsait təklif edən bu tip qurumlarla əməkdaşlığı genişləndirməlidir. Amma təəssüf ki, bu istiqamətdə də ciddi problemlər var, proses yarımçıq olaraq qalır. İpoteka Fondu istiqrazların yerləşdirilməsi mexanizminə də yenidən baxmalıdır. Azərbaycanda təklif edilən istiqrazlar adi istiqrazlardır. Ona görə də investorları ciddi şəkildə cəlb etmir. Bu səbəbdən istiqrazların verilməsi mexanizminin adi istiqrazlardan uduşlu istiqrazlara keçirilməsinə ehtiyac var. Yəni ipoteka kreditlərinin verilməsi üçün cəlb ediləcək potensial mənbələr kifayət qədər çoxdur. Amma İpoteka Fondu hələlik az sayda mənbələrdən istifadə edərək onlardan asılı olur. Əhalinin gəlirlik səviyyəsi də İpoteka Fondunun genişləndirilməsi üçün yeni çoxsaylı gəlir mənbələri axtarılmasında hər hansı bir problem yaratmır. Çünki əhalinin gəlirlik səviyyəsi burada hər hansı bir təsirlərə malik deyil».

İqtisadçı ekspert Aydın Hüseynli isə qeyd etdi ki, ipoteka kreditləşməsinə ehtiyatla yanaşmaq gərəkdir: «İpoteka kreditləri iqtisadiyyatda problemlər yaradır. 2008-ci ildə baş verən maliyyə böhranı da məhz ipoteka kreditlərilə bağlı oldu. Ona görə də ipoteka kreditləşməsində olduqca ehtiyatlı olmaq lazımdır. Bu zaman dəqiq proqnozlaşmalar aparılmalıdır. İpoteka krediti uzun müddətli və aşağı faizlə verildiyindən geri qayıdan vəsaitlərə təminat olmalıdır. Amma tədricən də olsa ipoteka kreditinin ölkə iqtisadiyyatında önəmi artır. Bu önəm artdıqca qiymətli kağız bazarı da sözün həqiqi mənasında formalaşacaq. Həticədə digər mənbələrdən də onun maliyyələşməsi prosesi öz həllini tapacaq. Hazırda isə çoxsaylı maliyyə mənbələrindən istifadə risqlidir. Keçən illə müqayisədə adi ipotekanın həcmi bu il artıb. Gələn il daha da artıq olacağı gözlənilir. Belədə ipoteka kreditləşməsinin digər mənbələrdən maliyyələşməsi məsələsi də gündəmə gələcək. Yəni ipoteka kreditinin həcmi artdıqca onun digər mənbələrdən maliyyələşməsi də öz həllini tapacaq».

Rüfət Sultan

Leave A Comment