Bakıda mənzilləri daha çox…

Bakıda mənzilləri daha çox…

Paytaxtda qeydiyyatda olmayanlar alır

Təqribi rəqəmlə desək, Bakıda mənzil alanların üçdə biri məhz kənar yerlərdə qeydiyyatda olan şəxslərdir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, 2012-ci ildə Bakıda satılan mənzillərin yalnız 20 faizini paytaxt sakinləri alıb. Bunun da əsas səbəbi onunla bağlıdır ki, Bakı qeydiyyatında olanların əhəmiyyətli hissəsinin mənzili var. Mənzillərin az bir qismini isə Bakıda sahibkarlıqla məşğul olan, nisbətən yaxşı imkana malik region sakinləri alırlar. Bu da paytaxtda mənzil alanların çəkisində ölkəmizdən kənarda yaşayanların payının artmasına gətirib çıxarır.

Ekspert dedi ki, Bakı sakinlərinin bir qismi son illər paytaxtı tərk edərək gedir: “Onların boşaltdıqları mənzillər əksərən kənar ölkələrdə yaşayanlar tərəfindən alınır. 2012-ci ilin yekunları göstərir ki, 2011-ci illə müqayisədə bu proses daha da inkişaf edib. Belə ki, 2011-ci ildə paytaxtdan ev alanların 75%-i Bakıdan kənarda yaşayanların payına düşürdüsə, 2012-ci ildə bu rəqəm 80 faiz olub”.
V. Bayramov onu da qeyd etdi ki, Azərbaycanda urbanizasiya prosesi gedir: “Kənardan axın normal haldır. Çünki, Bakı paytaxt olması ilə yanaşı, Azərbaycanın ən böyük sənaye şəhəridir. Bakıda mənzillərin qiymətinin artması da bu baxımdan təbii qarşılanmalıdır”.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev bildirir ki, əhalinin regionlardan Bakıya gəlməsi regionla paytaxt arasında hələ də qeyri – bərabər inkişafın davam etməsi deməkdir: “Azərbaycan hökumətinin regionların sosial – iqtisadi inkişafı dövlət proqramını həyata keçirməsində məqsədlərindən biri də region və paytaxt arasında fərqin maksimum dərəcədə azaldılmasıdır. Region əhalisi daha çox Bakı şəhərinə işləmək, təhsil almaq üçün gəlir. Bakı iri şəhər olduğuna görə burada regionlara nisbətən iş və təhsil almaq imkanları daha genişdir. Xüsusən də xaricdən Azərbaycana gələnlərin sayının artması onunla bağlıdır ki, Bakı Cənubi Qafqaz regionunda neft sənayesi şəhəri olması ilə yanaşı, çox böyük maliyyə mərkəzidir. Bu inkişaf da qonşu ölkələrin əhalisini özünə cəlb edə bilib. Xüsusən, Bakıda ev almaq istəyində olanların içində Gürcüstan və İrandan gələnlər çoxdur. Amma əhalinin paytaxtda cəmlənməsi şəhərləşmədə problem yaradır. Bu, həm də daşınmaz əmlakın qiymətinin qalxmasına və ya yüksək həddə qalmasına təsir göstərir. Həmçinin Bakıda əhalinin sıxlığının artmasına gətirib çıxarır. Bu da yerli əhalidə mənzil-kommunal, iş tapmaq problemləri yaradır. Nəqliyyatın yüklənməsi nəticəsində də Bakıda tıxacların artmasına səbəb olur”.

Ekspert onu da əlavə etdi ki, Bakı Azərbaycanın ən böyük şəhəri olsa da, dünyada Bakıdan dəfələrlə böyük şəhərlər var: “Ona görə də əhalinin bura köç etməsindən asılı olmayaraq, Bakı düzgün şəkildə inkişaf etdirilərsə, əhalinin ərazi üzrə düzgün paylanması məsələlərinə diqqət yetirilərsə, gözlənilən problemlərin həllinə qismən nail olmaq mümkündür”.

Gülər KƏRİMLİ

Leave A Comment