Marşrutda gediş haqqı hansı halda artırıla bilər?

Marşrutda gediş haqqı hansı halda artırıla bilər?

İctimai nəqliyyatda gediş haqlarının artırılması məsələsi hələ də gündəmdədir. Bir neçə gün əvvəl nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında bildirmişdi ki, Bakıda 60-a yaxın şirkət sərnişin daşınması ilə məşğul olur və indiki qiymətlər sərnişindaşımanın maya dəyərindən çox aşağıdır. Ona görə də nazirlik bununla bağlı Tarif Şurasına müraciət etmişdi.

Natiq Əkbərli: “Yanacağın qiyməti artsa…”

Amma Tarif Şurası nazirliyin müraciətinə müsbət cavab vermədi. Bununla belə paytaxt əhalisində bir narahatlıq var. Vətəndaşlar güman edirlər ki, qiymət artımı müvəqqəti arxa plana salınsa da, Tarif Şurasının yaxın gələcəkdə belə bir qərar çıxaracağı istisna deyil. Amma ictimai nəqliyyatda gediş haqlarının artırılmasına səbəb göstərilmir.

İqtisadi əsaslandırma olmadan belə bir təklifin verilməsi də anlaşılan deyil. Hər halda Azərbaycanda gediş haqqı əhalinin gəlirləri ilə müqayisədə onsuz da yüksəkdir. Hərçənd ki, rəsmi dairələr Azərbaycanda qiymətlərin başqa ölkələrlə müqayisədə aşağı olduğunu iddia edir. Maraqlıdır, marşrutlarda gediş haqqı meyarı necə formalaşdırılır və buna nə təsir edir? Ümumiyyətlə, hansı hallarda qiymət artımı gözlənilındir?
Bu mövzuda Publika. Az-a danışan Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin sədri Natiq Əkbərli qeyd etdi ki, hazırkı vəziyyətdə qiymət artımı gözlənilən deyil. Onun sözlərinə görə, qiymətlərin artırılması üçün mütləq hansısa səbəblər olmalıdır.

N.Əkbərli bildirdi ki, indiki şəraitdə ictimai nəqliyyatdakı vəziyyət o qədər də ürəkaçan olmadığından qiymət artımı olmamalıdır: “Daşınmaya çəkilən xərclər artdığı təqdirdə qiymətlərdə artım ola bilər. İctimai nəqliyyatdakı nöqsanlar göz önündədir. Belə problemlər olduğu yerdə qiymət artımından söz belə gedə bilməz. Həmçinin əmək haqları, yanacağın qiyməti, vergilər artırıldığı təqdirdə qiymət artımı gözlənilə bilər”.
Ekspert özü də qiymət artımını zəruri hesab etmir. Onun fikrincə, hazırda artıma zərurət yaradan ciddi səbəblər yoxdur. O hesab edir ki, Azərbaycanda qiymət artımına ciddi təsir edən amil yalnız yanacağın qiymətinin qalxması ola bilər.

Vüqar Bayramov: “Qiymət artımı anormaldır”

İqtisadçı ekspert Vüqar Bayramov isə MDB ölkələri ilə müqayisədə Azərbaycanda ictimai nəqliyyatda gediş haqqının orta göstəricilərə yaxın olduğu qənaətindədir. Onun dediyinə görə, yalnız Rusiyada gediş haqqı Azərbaycana nisbətən çoxdur: “Ukrayna və Qazaxıstanla müqayisədə ictimai nəqliyyatda qiymət demək olar ki, eynidir. Qırğızıstan, Türkmənistan, Tacikistan, Moldova kimi ölkələrlə müqayisədə isə Azərbaycanda gediş haqqı daha çoxdur”.

Ekspert deyir ki, nəqliyyat xərclərini Avropa və ABŞ-la müqayisə etmək isə düzgün yanaşma deyil: “Çünki həmin ölkələrdə əhalinin gəlirləri yüksəkdir. Dünyada nəqliyyat xərcləri ailə büdcəsinə əsasən müəyyən edilib, qərar qəbul edilir. Azərbaycanda da hazırda tariflər mövcud əmək haqqı sisteminə uyğundur”.

V.Bayramov onu da əlavə etdi ki, nəqliyyat sektorunda xərclərin strukturunda dəyişiklik olmadığı təqdirdə qiymət artımı anormaldır: “Benzinin, yanacağın qiyməti artmayıbsa və ödənişli yollar yoxdursa, qiymət artımından söz gedə bilməz. Özəl şirkətlər rentabelli işləyir və belə də davam etməlidirlər. İndiki halda özəl şirkətlərin xərclərinin artması və mənfəətlərinin azalması müzakirə mövzusu ola bilməz”.

Bəs Avropada?

Apardığımız kiçik bir araşdırma zamanı onu da öyrəndik ki, məsələn, Niderlandda vahid şəhər nəqliyyat sistemi fəaliyyət göstərir. Bura tramvay, trolleybus və avtobuslar daxildir. Bütün nəqliyyat vasitələrində vahid bilet sistemi mövcuddur. Biletlər isə gündəlik, bir necə günlük, hətta aylıq olur. 15 gedişli talonun qiyməti 5 avrodur. Bir gediş 33 sentə başa gəlir.

Almaniyada da vahid nəqliyyat sistemi mövcuddur və bütün nəqliyyat vasitələrində eyni biletlərdən istifadə olunur. Sərnişinlərə qənaət etməyə imkan verən bir sıra bilet növləri də mövcuddur. Gediş haqlarına gəldikdə, bir günlük bilet 5, həftəlik isə 20 avrodur. Biletsiz gedişə görə cərimələr isə çox yüksəkdir.

İspaniyada avtobusla ölkə daxilində ən uzaq məsafə üçün gediş haqqı 30 avrodan artıq olmur. Şəhər daxilində isə digər Avropa ölkələrində olduğu kimi vahid bilet sistemidir. 10 gedişli biletin qiyməti 4-5 avrodur. Polşada da tramvay və avtobuslarda vahid biletlər istifadə olunur. Bu ölkədə nəinki gündəlik, həftəlik, aylıq biletlər almaq olar, hətta bir neçə saatlıq biletlər də mövcuddur. Bir günlük biletin qiyməti 12 zlotı, təxminən 2,9 manatdır. Qonşu dövlətlərdən Türkiyə və Gürcüstanı misal çəkmək olar. Hər iki ölkədə benzinin qiyməti Azərbaycandan iki dəfə baha olsa da, avtobus və taksilərdə gediş haqqı iki dəfə ucuzdur.

Nigar

Leave A Comment