Regionlarda evlərin sığortalanması problemi hələ də tam çözümünü tapmır

Regionlarda evlərin sığortalanması problemi hələ də tam çözümünü tapmır

Vüqar Bayramov: “Nəzarət baxımından əmlakın sığortalanması avtomobil sığortalanmasından daha zəifdir”

Mustafa Abbasbəyli: “Sığorta şirkətlərinin regionlardakı iş faəliyyəti yeni – yeni qurulur”

Məlumdur ki, 2011 – ci ilin soundan etibarən, ölkəmizdə “İcbari sığortalar haqqında” qanunun icrasına başlanılıb. Hələlik bu qanun ümumilikdə 4 icbari sığorta növünə şamil edilir. Bunlar – avtomobil sahiblərinin mülki məsuliyyəti, daşınmaz əmlakın, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin və sərnişinlərin sığortasıdır. Ancaq hələlik bu sığorta növlərindən əsasən avtomobillərin sığortası işləkdir. Bundan başqa, hər bir növ sığorta yalnız paytaxt Bakıda geniş yayılıb. Bu gün demək olar ki, regionlarda sığorta elə də geniş yayılmayıb. Xüsusən də əmlak sığortasının həyat keçirilmə səviyyəsi çox aşağıdır. Xatırladaq ki, daşınmaz əmlakın icbari sığortası əmlakı yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanları, qaz anbarları, qaz kəmərləri, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi və s. risklərdən sığortalayır. Bu təbiət hadisələrini rayonlarımız üçün qaçılmazdır. Xüsusən də son illər yaz aylarında rayonlarda çay sularının artması nəticəsində yarasız hala düşən mənzillər çox olur. Ekspertlər isə region əhlinin əmlakın icbari sığortasına bu cür biganəliyini müxtəlif səbəblərlə izah edirlər.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, 2012 – ci ilin 1 yanvardan etibarən Azərbaycanda avtomobillərin icbari sığortası ilə yanaşı, mənzillərin icbari sığortalanmasının həyata keçirilməsinə başlanılıb: “Ancaq ötən dövrdə avtomobillərin təxminnə 99% – nin sığortalanmasına baxmayaraq, bu gün əmlakın üçdə biri icbari sığortadan istifadə edir. Avtomobilərin icbari sığortasına nisbətən əmlakın icbari sığortasının daha zəif olması müxtəlif səbəblərlə bağlıdır. Əvvəla, avtomobillərin icbari sığortasından fərqli olaraq, əmlakın icbari sığortasında nəzarət mexanizmləri nisbətən zəifdir. Bu, onunla bağlıdır ki, avtomobillərini sığorta etdirməyənlərə qarşı konkret cəza tədbirləri var. Bunlar həm DYP tərəfindən cərimə edilməsi, eləcə də avtomobillərin alqı – satqısı zamanı icbari sığorta olmadığı halda bu prosesə icazə verilməməsi, texniki bağış zamanı icbari sığortanın məcbur olması kimi nəzarət mexanizmləridir. Amma mənzillərin icbari sığortasında bu cür nəzarət mexanizmləri yoxdur. Vətəndaş əmlakını sığortalamaqdan imtina etdiyi halda əmlakın sığortalanmasına məsul olan qurum həmin vətəndaş qarşısında böyük cəza tədbirləri həyata keçirmək imkanlarına malik deyil. Ona görə də nəzarət baxımından əmlakın sığortalanması avtomobil sığortalanmasından daha zəifdir. Yəni, əmlakın sığortalanmasında nəzarət mexanizmləri daha məhduddur. Bu da əmlakını sığortalayanların sayının azalmasına gətirib çıxarır.

Digər bir səbəb, avtomobillərin sığortasında dövlətin hansısa məsuliyyəti yoxdur. Avtomobil sahibləri avtomobillərinin sığortalanmasına məsuldurlar. Əmlakın sığortasında isə dövlətin məsuliyyəti var. Belə ki, mövcud qanunvericiliyə əsasən, ünvanlı sosial yardım alan aztəmantlı vətəndaşların əmlakı dövlət tərəfindən sığortalanmalıdır. Dövlət büdcədən həmin əmlakın sığortalanmaı üçün vəsait ayırmalıdır. Bu gün aztəminatlı vətəndaşların bir qisminin əmlakı dövlət tərəfindən sığortalanmayıb.

Üçüncü səbəb də onunla bağlıdır ki, vətəndaşların heç də hamısının əmlaklarını sığortalamaq üçün maddi imkanları yoxdur. Onlar eyni zamanda həm də əmlaklarını sığortalasa, bu, kifayət qədər böyük məbləğ deməkdir. Bu da vətəndaşların əmlaklarının sığortalamasında maraqlı olmamasına gətirib çıxarır. Çünki, region vətəndaşlarının bir çoxu bu əlavə xərci qarşılamaq imkanına malik deyil”.

Sığorta üzrə ekspert Mustafa Abbasbəyli isə bildirir ki, regionlarda tək əmlak sığortası yox, ümumiyyətlə, digər sığorta növləri də paytaxta nisbətən daha az inkişaf edib: “Bu da onunla bağlıdır ki, regionlarda insanların məlumat azlığı var. Çünki, sığorta şirkətlərinin regionlardakı iş faəliyyəti yeni – yeni qurulur. Bu agent şəbəkələri son 1-2 il ərzində qurulub. Ona görə də rayonlarda icbari sığorta, xüsusi ilə də əmlak sığortasının inkişafı Bakıdakı qədər deyil. Agent şəbəkələri inkişaf etdikcə, insanlara bu sığortanın faydası izah olunduqca regionlarda da əmlak sığortasına olan maraq artacaq. Digər səbəb isə odur ki, regionlarda insanların maddi təminatı Bakıya nisbətən daha azdır”.

Xatırladaq ki, əmlakın sığortalanması regionlar üçün fərqlidir. Əgər sığorta məbləği Bakı şəhərində 25 min manatdırsa, Gəncə, Sumqayıt və Naxçıvanda 20 min, regionlarda isə 15 min manatdır. Eyni zamanda sığortadan azad olunan məbləğ də fərqlidir. Belə ki, Bakıda 250, Gəncə, Sumqayıt və Naxçıvanda 200, digər regionlarda isə 150 manatdır.

Mübariz Bayramov

Leave A Comment