Pulu necə xərcləməli?

Pulu necə xərcləməli?

Rəsmi statistikaya görə, Azərbaycan əhalisi gəlirinin 69,4%-ni istehlak xərclərinə yönəldir. Dövlət Statistika Komitəsinin 2013-cü ilin yanvar-aprel aylarını əhatə edən məlumatına əsasən, qazancın strukturunda vergilər, sosial sığorta və üzvlük haqları 9,3%, kreditlər üzrə faizlərin ödənilməsi 1,8%, əmanətlərin və kapitalın artırılması isə 19,5% paya malikdir.

Qazancın yarısıərzağa gedir

İstehlak xərclərinin tərkibini araşdıranda isə məlum olur ki, ölkə vətəndaşları ərzaq məhsullarının alınmasına xüsusilə çox pul xərcləyir. Belə ki, insanların qazandığı hər 100 manatın təxminən 33 manatı qidalanmaya sərf olunur. Ümumiyyətlə isə, istehlak xərclərinin strukturu aşağıdakı kimidir:

Cədvəldən göründüyü kimi, ölkə vətəndaşları ən az spirtli içkilərin alınmasına pul verir. Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropada səhiyyənin vəziyyətinə dair son hesabatında Azərbaycan əhalinin ümumi sayına nisbətdə alkoqollu içkilər qəbul edən şəxslərin sayına görə Avropanın 53 ölkəsi arasında sonuncu yeri tutub.

Pul düzgün xərclənmir

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki, Azərbaycanda əhali inkişaf etmiş ölkələrdə yaşayan vətəndaşlarla müqayisədə ərzağa daha çox pul sərf edir. Onun sözlərinə görə, hazırda ABŞ-da ərzaq xərcləri ümumi istehlak xərclərində 35%, Qərbi Avropa ölkələrində isə 25% payla təmsil olunur. Azərbaycanda isə, bu göstərici az qala 50%-dir. Kafe-restoranlarda xərclənən pulları da nəzərə alsaq, məlum olur ki, vətəndaşlarımız qazancının böyük bir qismini yeməyə yönəldir.

V.Bayramovun fikrincə, bu cür vəziyyətin yaranmasına səbəb ilk növbədə Azərbaycanda ərzaq mallarının başqa ölkələrlə müqayisədə baha satılmasıdır. 2-ci amil isə Azərbaycan mətbəxinin ucuz olmamasıdır. Belə ki, inkişaf etmiş ölkələrin əhalisindən fərqli olaraq azərbaycanlıların qida rasionunda ət yeməklərinin xüsusi çəkisi var. Bundan başqa, milli mətbəx nümunələri hazırlanarkən bitki yağından deyil, kərə yağından istifadə olunur və bu da istər-istəməz qidalanmanı bahalaşdırır. Son nəticədə, başqa istiqamətlərə, o cümlədən də istirahətə, kinoya və konsertə az pul xərclənir.

Daha bir narahatlıq doğuran məqam isə qazanılan pulun ailə büdcəsi tərtib edilmədən sərf olunmasıdır. İqtisadçı-ekspert deyir ki, əksər vətəndaşlarımız əməkhaqqını alandan sonrakı 3-4 gün ərzində daha çox xərcə düşür, növbəti maaş ərəfəsində isə pulsuz qalır. Söhbət təbii ki, orta
statistik vətəndaşdan gedir. Yüksək gəlirə malik insanlar üçün isə pulu necə xərcləmək problem deyil.

Ümumiyyətlə isə, müşahidələr göstərir ki, milli mentalitet əksər hallarda azərbaycanlıları əlavə xərclərə sövq edir. Məsələn, toyda, yasda pul toplamaq, kiminsə evini, uşağını görməyə gedəndə hədiyyə almaq, nəyin bahasına olursa-olsun maşın, ev almaq kimi xüsusiyyətlər pulun xərclənməsi ilə bağlı problemləri qaçılmaz edir.
İstehlak xərcləri üzrə istiqamətlər Pay göstəricisi
Ərzaq məhsulları 47,63%
Alkoqol 0,52%
Tütün məmulatı 1,16%
Paltar və ayaqqabı 6,53%
Su, qaz, işıq və digər yanacaq növləri 7,23%
Ev əşyaları, məişət texnikası və evə gündəlik qulluq 6,71%
Səhiyyə xidmətləri 3,93%
Nəqliyyat xərcləri 6,30%
Rabitə xərcləri 2,95%
İstirahət və mədəniyyət xərcləri 3,47%
Təhsil xərcləri 1,79%
Mehmanxana, kafe, restoran və yeməkxana 8,03%
Digər mal və xidmətlər 3,75%

Namiq Hüseynov

Leave A Comment