İnfrastruktur və Regional İnkişaf Nazirliyi yaradılmalıdır

İnfrastruktur və Regional İnkişaf Nazirliyi yaradılmalıdır

İnkişaf etməkdə olan korrupsiyaya qarşı mübarizə tədbirləri sadəcə inzibati və maarifləndirici alətlərlə yox, həm də institusional islahatlarla müşayiət olunur. Belə islahatlar isə öz növbəsində yalnız bir-birini təkrarlayan dövlət qurumlarının birləşdirilməsini, yaxud ləğvini yox, yeni qurumların yaradılmasını da özündə ehtiva etməlidir. Struktur islahatlarının iqtisadi idarəetmənin müxtəlif sektorlarını əhatə etməsi ilə yanaşı, fəaliyyəti bir-birini tamamlayan dövlət qurumlarının birləşdirilməsi də vacibdir.

MDB ölkələrinin təcrübəsi göstərir ki, dövlət büdcəsi vəsaitlərinin səmərəsini artırmaq, eləcə də ayırmaların təyinatı üzrə xərclənməsini təmin etmək üçün infrastruktur layihələrinə ayrılan pulların istifadəsinə məsul xüsusi dövlət qurumunun yaradılmasına ehtiyac var. Bu təcrübə bir sıra Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən Gürcüstanda tətbiq olunmaqdadır. Bu baxımdan Azərbaycanda da İnfrastruktur və Regional İnkişaf Nazirliyinin yaradılması məqsədəuyğundur. Son illər infrastruktur layihələrinə ayrılan pulun illik orta məbləği 5 milyard manatdan çoxdur. Ölkəmizdə tətbiq edilən mövcud institusional struktura əsasən, hər bir nazirlik və komitənin özünün ayrıca infrastruktur xərcləri maddəsi var. Praktik olaraq büdcənin infrastruktur xərcləri müxtəlif dövlət qurumları arasında bölüşdürülür. Bu isə həm qurumların əksərini fəaliyyətinə birbaşa aidiyyəti olmayan funksiyaları həyata keçirməyə vadar edir, həm də xərclərin səmərəliliyinə tam nəzarət olunmasına imkan vermir.

Məsələn, Nəqliyyat Nazirliyinin funksiyası nəqliyyat sektorunda qaydaların tətbiqi və tənzimlənməsi olmalıdır. Bu nazirlik heç də körpü tikilməsinə, yol çəkilməsinə məsul olmamalıdır. Yaradılmasını təklif etdiyimiz qurum məhz hər il növbəti maliyyə ili üçün müvafiq dövlət qurumlarından təkliflər toplamalı və infrastruktur xərclərinin smetasını tərtib etməlidir. Tutalım, Bakıda, ya ölkənin digər bölgəsində körpü inşa edilməsinə ehtiyac var. Bu zaman Nəqliyyat Nazirliyi nəqliyyat sistemində növbəti il üçün həyata keçirilməsi zəruri olan infrastruktur tələbləri ilə bağlı təklifləri yeni yaradılan nazirliyə təqdim edir ki, bu da Maliyyə Nazirliyi ilə razılaşdırmaqla büdcə layihəsində nəzərə alınır.

Yeni nazirliyin yaradılması təkcə infrastruktur xərclərində şəffaflığın artırılması baxımından yox, regionların inkişafı baxımından da əhəmiyyətlidir. Sözügedən qurum regional icra hakimiyyətlərindən yerlərin tələbi ilə bağlı təklifləri də toplaya bilər. Qonşu Gürcüstanın təcrübəsi göstərir ki, bu qurumun yaradılması digər dövlət qurumlarının məsul olduğu sektora daha çox diqqət ayırmasına və büdcə xərcləmələrində korrupsiya hallarının minimuma endirilməsinə gətirib çıxarır.

İnstitusional islahatlar Rəqabəti Müdafiə Agentliyinin yaradılması ilə də müşayiət oluna bilər. Fikrimizcə, İqtisadi İnkişaf Nazirliyinin tərkibindəki Antiinhisar Departamentini nazirlikdən ayırmaqla deyilən adda agentlik yaratmaq tamamilə məqsədəuyğun olardı. Əksər MDB ölkəsində olduğu kimi, həmin agentliyə bazara müdaxilə, inhisar hallarının qarşısını almaq üçün ciddi səlahiyyətlər verilə bilər. Belə bir agentliyin fəaliyyətini genişləndirmək və tənzimləmək üçün isə Rəqabət Məcəlləsinin qəbul olunması zəruri şərtlərdən biridir. Rəqabəti Müdafiə Agentliyi kimi qurumun fəaliyyəti daxili bazarın ən ciddi problemlərindən olan inhisara qarşı mübarizənin gücləndirilməsinə, istehlak bazarının liberallaşdırılmasına gətirib çıxara bilər.

Korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində sözügedən qurumlarda müşahidə şuraları yaradılması da vacibdir. Şuraların tərkibi yalnız həmin dövlət qurumlarının yox, həm də vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən formalaşdırılmalıdır. Bununla yanaşı, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üçün yalnız yeni qurumların yaradılması yetərli deyil, əvvəl də dediyimiz kimi, bir sıra mövcud nazirlik və komitənin birləşdirilməsinə ehtiyac var

Vüqar BAYRAMOV

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri

Leave A Comment