İstifadəsiz qalan pos-terminallar

İstifadəsiz qalan pos-terminallar

Vüqar Bayramov: “İstifadə səviyyəsinin aşağı olması onlara nəzarətin zəifliyi ilə bağlıdır”

Natiq Cəfərli: “Kommersiya qurumları, həm də vergilər nazirliyi tərəfindən müəyyən təşviqlər həyata keçirilməlidir”

Məlumdur ki, maliyyə bazarını şəffaflaşdırmaq üçün görülən əsas tədbirlərdən biri də qeyri-nağd ödənişlərin miqyasının genişləndirilməsidir. Bunun üçün zəruri infrastrukturun yaradılması, o cümlədən plastik kartlardan istifadənin genişləndirilməsi, pos-terminalların quraşdırılması da zəruri şərtlər sırasında yer alır. Ölkə prezidentinin 24 noyabr 2011-ci il tarixli sərəncamı ilə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 17-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, bütün ticari xidmət subyektlərində pos-terminallar quraşdırılmalıdır. Həmin düzəlişə görə, pos-terminalların quraşdırılması məcburidir və onların quraşdırılmaması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Artıq bu gün demək olar ki, əksər xidmət və ticarət sahələrində pos-terminallar görmək mümkündür. Ancaq onlardan istifadə o qədər də geniş yayılmayıb. Belə ki, hazırda Azərbaycanda nağdsız ödənişlərin xüsusi çəkisi ümumi ödənişlərin 6-7 faizini təşkil edir və bu, çox aşağı göstəricidir. Belə kiçik faiz göstəricisi isə ölkəmizdə elektron ticarət mədəniyyətinin və plastik kartlardan istifadə ənənəsinin hələ tam formalaşmadığını göstərir. Əhalidə plastik kartlardan istifadə ilə bağlı vərdiş yoxdur. Halbuki, pos-terminallardan istifadə bankdan kənar hesablaşmaların qarşısını alır, nağd hesablaşmaları məhdudlaşdırır, alqı-satqı əməliyyatları nağdsız ödəmələr vasitəsilə aparılır, əməliyyatlar sadələşir, əməliyyatlar və tam dövriyyə qeydiyyata alınır, ticarət, iaşə və digər xidmət obyektlərinin vergidən yayınma halları sıfıra enir. Nağdsız əməliyyatların artırılması həmçinin ölkədə ikili mühasibatlılığa, “gizli iqtisadiyyat”a və korrupsiyaya qarşı mübarizəni gücləndirir, qaçaqmalçılığın qarşısını alır, şəffaflığı artırır, bank sektorunun inkişafına kömək edir. Sadaladığımız faktorlar da öz növbəsində ölkə iqtisadiyyatının dinamik inkişafına təkan verir.

İqtisadi və Sosial İnkişaf Mərkzənin rəhbəri Vüqar Bayramov bildirir ki, bu gün pos-terminallardan isifadə geniş yayılmayıb: “Digər narahatçılıq doğuran məqam ondan ibarətdir ki, quraşdırılmış pos-terminalların böyük bir qismi istifadə olunmur. Baxmayaraq ki, əhalidə olan plastik kartların sayı çoxdur. Bütövlükdə dövriyyədə 5 milyondan artıq plastik kart var. Orta hesabla hər iki nəfərdən birinin plastik kartının olduğu güman edilsə də, reallıq odur ki, hər üç nəfərdən birində plastik kart var. Çünki, elə insanlar olur ki, onların bir neçə plastik kartı var. Əhalinin təxminən 35%-nin plastik kartlara sahib olmasına baxmayaraq, bu gün bütövlükdə ticarətin cəmi 7 %-i elektron ticarətin payına düşür. Bu da pos-terminallardan istifadə səviyyəsinin aşağı olmasını göstərir. İstifadə səviyyəsinin aşağı olması onlara nəzarətin zəifliyi ilə bağlıdır. Təəssüf ki, pos-terminalların quraşdırılmasına ciddi nəzarət həyata keçirilsə də, sonradan ondan istifadə ilə bağlı həyata keçirilən nəzarət zəif oldu. Qanunvercilikdə bu sahədə boşluq mövcuddur. Çünki, qanunvercilikdə pos-terminallardan istifadə etməyən şəxslərə və ya onu quraşdırmayan xidmət subyektlərinə qarşı hansısa cəza tədbirləri nəzərdə tutulmayıb. Pos-terminallardan istifadəni əngəlləyən digər faktor xidmət sahələrində onları işlədə biləcək kadrların sayının az olmasıdır. Digər səbəb, vətəndaşların plastik kartlara inamının az olmasıdır. Vətəndaşlarda plastik kartlardan istifadə zamanı onların hesabından artıq vəsaitlərin çıxarıla biləcəyi ilə bağlı narazıçılıq hökm sürür. Pos-terminallardan istifadə səviyyəsinin artırılması üçün, həm təşviqedici, həm də stimullşadırıcı tədbirlərin həyata keçirilməsi lazımdır. Eləcə də elektron xidmətin əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi tətbiq edilə bilər. Hansı ki, bu praktika hazırda ABŞ-da tətbiq edilir. Eyni zamanda, müəyyən inzibati tədbirlər də görülməlidir. Burada nağdlı hesablaşmaların məbləğinin limitləşdirilməsini etmək olar. Eləcə də pos-terminallardan imtina edən sahibkarlara qarşı qanunvercilikdə cəza tədbirləri öz əksini tapmalıdır. Maarifləndirici kampaniyalar da plasik kartlardan istifadəin artıra bilər».

Digər iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, pos-terminalların quraşdırılmasında əsas iki problem var: “Birincisi, banklar arasında xidmət haqqının yüksək olmasıdır. Alış – veriş edən insanların bank kartları ilə pos-terminalların bankları eyni deyilsə, ondan xidmət haqqı daha böyük olur. İkincisi isə pos-terminalların quraşdırılması həm iri ticarət obyektləri sahibləri tərəfindən heç də normal qarşılanmır. Çünki, dövriyyə açıq göstərilirsə, onda vergidən yayınmaq çətin olur. Amma qərarlılıq varsa, ehtimal ki, yaxın zamanlarda bu problem kökündən həll olunacaq”.
Ekspert onu da bildirdi ki, vətəndaşların özləri də bundan istifadədə o qədər maraqlı deyillər: “Birinci səbəb faiz məsələsidir. İkincisi də insanların pos-terminallara öyrədilməsi prosesi baş verməlidir. Türkiyədə sosial roliklərlə, müəyyən təşviq proqramları ilə, müəyyən bonuslar qazandırmaqla bu prosesi dirçəldə bildilər. Bu sonradan insanların həm pos-terminallara, həm də nağdsız ödənişlərə öyrəşməsində çox mühüm rol oynadı. Bizdə də belə bir yanaşmalara ehtiyac var. Həm kommersiya qurumları, həm də vergilər nazirliyi tərəfindən müəyyən təşviqlər həyata keçirilməlidir”.

Mübariz BAYRAMOV

Leave A Comment