«Köhnə» evlər bazarda daha çox dəbə minir?!

«Köhnə» evlər bazarda daha çox dəbə minir?!

Daşınmaz əmlak bazarında müşahidə edilən proseslərdən biri də yeni nşa olunan evlərə nisbətən «köhnə», yəni əvvəllər tikilmiş mənzillərə daha çox tələbatın olmasıdır. Bu, bir sıra amillərlə, məsələn, köhnə mənzillərin infrastruktur, o cümlədən qazla təmin edilməsi ilə izah edilir. Belə vəziyyət «köhnə» evlərə tələbatı artırmaqdadır. Mövqe.az saytına açıqlamasında isə “Əmlak Bazarı İştirakçılar” İB-nin icraçı direktoruRamil Osmanlıməsələyə bir qədər fərqli yanaşır: «Əslində məsələ elə deyil. Heç də «köhnə» mənzillərə tələbat yeni tikililərlə müqayisədə çoxalmayıb. Sadəcə, zaman keçikcə paytaxtda məskunlaşan insanların sayı artdıqca, burada mənzil fondunun genişlənməsi baş verir. Yəni köhnə tikililər sökülür, yavaş-yavaş sıradan çıxır. Buna görə də onların məhdudlaşması prosesi gedir. Təbii ki, bu zaman yeni tikililər inşa olunur. Təssəvvür edin ki, ümumi alıcıların sayını 50-50-yə bölsək, heç də «köhnə» tikililərdə alışla bağlı artım tendensiyasının olmadığını açıq-aşikar görə biləcəyik. Sadəcə «köhnə» tikililərin məhdudlaşdırılması prosesi baş verdiyindən, yeni tikililrə daha az tələbatın olmasını düşünürsünüz. Amma bizim apardığımız tədqiqatlar onu müşahidə edir ki, heç də «köhnə» tikililərə maraq artmayıb. Əksinə, apardığımız təhlilər onu göstərir ki, yeni tikililərə tələbat, maraq daha çox müşahidə olunub. Yeni tikililərin üstünlükləri çoxdur. Infrasturuktur, kommunal imkanlar daha yaxşıdır. Əksər yeni tikililərdə su problemi olmur. Qaz problemi olsa belə, alternativ yollarla həll olunur. Kommunal və infrastruktur problemləri «köhnə» tikililərdə daha çoxdur, nəinki yeni tikililərdə…”

Tanınmış iqtisadçı ekspert Vüqar Bayramov isə Mövqe.az-a açıqlaması zamanı bildirib ki, əslində «köhnə» tikililərə əsaslı səbəblər olduğu üçün tələbatın daha çox olması təbii haldır: “Bəli, bu gün «köhnə» tikililərə tələbatın artması həm iqtisadi, həm də ki, psixolojı səbəblərlə bağlıdır. Köhnə tikililərin qiyməti yeni tikililərə nisbətən daha ucuzdur. Belə ki, köhnə binalarda 2 otaqlı mənzili 60 minə almaq olarsa, yeni tikilidə bu qiymət 100 mindən daha artıqdır. Bu da bir mənalı şəkildə iki otaqlara marağın artımına gətirib çıxarır. Daha ucuz mənzil almaq istəyən vətəndaşların köhnə mənzillərə tələbatına səbəb olur. Bundan əlavə «köhnə» tikililərdə yaşayış üçün hər bir şərait var, yeni tikililərdə isə belə şərait yoxdur. Yeni tikililər təmirsiz, “podmayak” adlandırılan formada satılır. Və yaxud da ki, təmirli satılanda qiymətləri daha da baha olur. Yeni tikililərin təmir xərclərinin çox olması da yeni tikililərə marağın bir o qədər də olmamasına gətirib çıxarır».

Ekspert «köhnə» tikililərə marağın daha çox olmasının digər səbəblərini də açıqladı: “Yeni tikililərdən fərqli olaraq köhnə tikililərin keyfiyyətinə inam daha çoxdur. Hələ də insanların bir qismində yeni tikililərin keyfiyyət probleminə inamsızlıq mövcuddur. Təbii ki, bu fikirlər əsassız deyil. Keyfiyyət baxımından praktik olaraq «köhnə» tikililər yeni tikililəri üstələyir. Hal-hazırda əksər yeni tikililərdə kommunal xərclərlə bağlı elə də ciddi problemlər yoxdur. Əksər yeni tikililərdə kombi sistemi fəaliyyət göstərir. Ancaq onu da qeyd etmək lazımdır ki, yeni tikililərdə kommunal xidmət xərclərin (mühafizə, qaz, işıq və s. ) daha yüksək olması orta və az təminatlı təbəqənin «köhnə» mənzillərə üstünlük verməsinə səbəb olur”.

Əfruzə AĞAYEVA

Leave A Comment