Dövlət müəssisələri Azərbaycan büdcəsinə niyə borclanırlar?

Dövlət müəssisələri Azərbaycan büdcəsinə niyə borclanırlar?

Vüqar Bayramov: “Bəzi hallarda borcların silinməsi iri müəssisələrin arxayınçılığına şərait yaradır”

Ölkədə vergilərin toplanması ilə bağlı problemlər davam etməkdədir. İri vergi ödəyiciləri dövlət büdcəsinə külli miqdarda borcludur. “Azərenerji” ASC, “Azərkimya” Dövlət Şirkəti, “Azərsu” ASC, “AZAL”, Xəzər Dəniz Gəmiçiliyi, “Azərbaycan Dəmir Yolları”, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Neft Şirkəti bu sıradandır. Hesablama Palatasının son rəqəmlərinə görə, təkcə 2008-ci ilin 1-ci yarısında vergi borclarının ümumi məbləği 3 milyard manat təşkil edib. 2009-cu ildə bu rəqəm 4 milyard manat idisə, son bir il yarımda rəqəm 1 milyard manat artıb. Hazırda bir sıra iqtisadi qurumların, iri şirkətlərin dövlət büdcəsinə vergi borcu 5 milyard manatı keçib.

Sözü gedən problemlərlə bağlı FaktXeber.com-a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, bu sahədə iri borclanmalar daha çox dövlət müəssisələrində müşahidə edilir. Qarşılıqlı və dövlət büdcəsinə olan borcların artmasının müşahidə edildiyini bildirən ekspert, “Azərbaycanda dövlət büdcəsinə olan borcların silinməsi bir neçə dəfə həyata keçirildi. Bu prosedur sözü gedən dövlət müəssisələrinin borclanmasının azalmasına şərait yaratmadı. Təəssüf ki, borclar yenidən artdı və yenidən həmin borcların silinməsi ilə bağlı qərara qəbul edildi”, – deyə bildirdi: “Bu əslində onu göstərir ki, borcların silinməsi mexanizmi hələlik praktiki olaraq effektiv deyil. Bəzi hallarda borcların silinməsi iri müəssisələrin arxayınçılığına şərait yaradır. Şirkətlərin bir qismi kommunal öhdəliklərini yerinə yetirə bilmirlər. Bura xüsusilə qaz, su və elektrik borcları daxildir. Vaxtlı-vaxtında borcların ödənməməsi iri borclara şərait yaradır.”

Müsahib onu da bildirdi ki, hazırda yeni mexanizmin tətbiqinə ehtiyac var: ”İlk öncə borcların çoxalması ilə bağlı məsuliyyət artırılmalıdır. Müəssisələrin borclarının artmasına baxmayaraq onlar heç bir məsuliyyət daşımırlar. O, baxımdan məsuliyyətin artırılmasına ehtiyac var. Məsuliyyətin artırılması eyni zamanda gücləndirilmiş nəzarət mexanizmi ilə birgə həyata keçirilməlidir. Yeni mexanizm praktiki olaraq standart xidmətlərə görə şirkətlərin öhdəliklərinin artırılması və müəyyən edilməsi istiqamətində olmalıdır. Ona görə də öhdəliklərin müəyyən edilməsi olduqca vacibdir. Öhdəliklər müəyyən edilmədən və öhdəliklərə görə məsuliyyət artırmadan problemin qarşısını almaq mümkün deyil.“

Xəyal Şükür

Leave A Comment