Rusiyada qəbul olunacaq yeni qanun Azərbaycanın da siqaret bazarında növbəti bahalaşmaya yol açır

Rusiyada qəbul olunacaq yeni qanun Azərbaycanın da siqaret bazarında növbəti bahalaşmaya yol açır

Gələn ilin əvvəlindən Rusiyada siqaretin qiymətinin təxminən 50 faizədək bahalaşacağı gözlənilir. Buna səbəb kimi Şimal qonşumuzda tütün və tütün məhsullarına qarşı dövlət səviyyəsində aparılan mübarizə göstərilir. Belə ki, yerli mətbuatın yaydığı məlumatlara görə, artıq Rusiyanın Maliyyə Nazirliyi bununla bağlı xüsusi qanun layihəsi hazırlayıb və bu gün həmin sənəd hökumətdə müzakirə olunacaq. Yeni layihəyə əsasən, hər 1000 filtrli siqaret üçün aksiz vergisinin dəyəri 820 rubla qaldırılıb. Halbuki hazırda qüvvədə olan qanunvericilikdə bu rəqəm 550 rubl təşkil edir.

Rusiya Maliyyə Nazirliyi tütün məhsulları üçün nəzərdə tutulan aksiz vergisinin artırılmasını onunla əlaqələndirib ki, aksiz vergisinin dəyəri Avropa ölkələri səviyyəsinə və Ümumdünya Səhiyyə Təşkilatının standarlarına uyğunlaşdırılmalıdır. Bu arada Rusiyanın baş narkoloqu Evgenie Briyon yerli mətbuata açıqlamasında bildirib ki, adıçəkilən ölkədə məktəblilər arasında təxminən 30 faiz siqaret aludəçisidir. Bu isə gələcəkdə gənclərin narkotik vasitələrə meyllənməsinə şərait yaradır. Buna görə də baş narkoloq Rusiyada siqaretlə mübarizə çərçivəsində nəzərdə tutulan qanun layihəsini müsbət dəyərləndirib və belə sənədlərin davamlı olmasının vacibliyini vurğulayıb.
Yeri gəlmişkən, hazırda tütündən istifadə etmə dünyada ən yayılmış pis vərdişlərdən hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, indi dünyada 1 milyarddan çox siqaret istifadəçisi yaşayır. Tütündən istifadə insanlarda xərçəng, ürək-damar və nəfəs yolları xəstəlikləri yaradaraq onları öldürür. Bu qeyri-yoluxucu xəstəliklər üçün qarşısı alına bilən ən birinci risk faktorudur. Hər il təxminən 5 milyon insan tütündən istifadəyə görə dünyasını dəyişir. Digər 600 min insan isə tütün tüstüsündən, yəni passiv siqaret çəkmədən ölür.
Siqaret istifadəçilərinin sayına görə, dünya ölkələri arasında Azərbaycan da ön yerləri tutur. Qeyri-rəsmi məlumatlara görə, ölkəmizdə hər 10 nəfərdən 7-si siqaretdən istifadə edir. Ən açınacaqlısı isə odur ki, son illər orta məktəb şagirdləri arasında siqaretdən istifadə edənlərin sayı dürmadan artır. Bu pis vərdiş xüsusilə 12-14 yaşlı yeniyetmələr arasında geniş yayılıb.

Bəs, qonşu Rusiyada qəbul olunması gözlənilən yeni qanun Azərbaycanın siqaret bazarına necə təsir göstərəcək? Ümumiyyətlə, aksiz vergisinin artırılması məsələsinin siqaretlərin bahalaşmasına təsir göstərəcəyi realdırmı?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov mövzunu “Həftə içi”nə şərh edərkən bildirib ki, qəbulu gözlənilən yeni qanun Rusiya ilə
yanaşı, Azərbaycan bazarına da ciddi təsir göstərəcək. Onun sözlərinə görə, bir ay öncə Bakıda siqaretin qiymətinin gözlənilmədən artması da dünya bazarında tütün məmulatlarının qiymətində baş verən artmlarla bağlı idi: “Əslində siqaret elə bir məhsuldur ki, onun qiymətinin yüksəlməsi əksər ölkələrdə mütəmadi olaraq müşahidə edilir. Bu, eyni zamanda ölkə daxilində bazarın xüsusiyyətindən doğan bir məsələdir. Tutaq ki, ilin əvvəlində ABŞ -da siqaretin qiyməti 6 faiz bahalaşdı. Bu, həm siqaret istehsalı üçün istifadə olunan xammalın qiymətinin yüksəlməsi ilə, həm də digər məhsullarda olan qiymət artımlarına uyğun olaraq tənzimlənən qiymətlərlə əlaqədar oldu. Düzdür, Amerikadan Azərbaycana o qədər də böyük həcmdə tütün məhsulu ixrac olunmurdu. Lakin bu istər-istəməz Azərbaycan bazarına təsirsiz ötüşmədi. Nəzərə alsaq ki, Rusiya həm məsafə, həm də iqtisadi münasibətlər baxımından bizə daha yaxındır, o zaman qiymət artımını proqnozlaşdırmaq elə də çətin məsələ deyil”.

12,5 faizlik aksiz vergisi

Vüqar Bayramov onu da vurğulayıb ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycanda aksiz vergisi spirtli içkilərə, tütün məhsullarına, neft məhsullarına, istirahət və idman məqsədilə ölkəyə gətirilən yaxtalara tətbiq olunur. Onun sözlərinə görə, Vergilər Məcəlləsinə əsasən, ölkəmizdə bütün növ tütün məmulatlarına 12,5 faiz aksiz vergisi tətbiq edilir: “Bir məsələni qeyd edim ki, ölkəyə idxal olunan 3 blok siqaret aksiz vergisi tətbiq olunmadan buraxılır. Əgər ölkəyə daxil edilən tütün məhsullarının həcmi sözügedən göstəricidən çox olarsa, qanunvericilikdə nəzərdə tutulmuş qaydada aksiz vergisinə cəlb edilir”.

Xarici ölkələrdə tütün məhsullarına tətbiq olunan aksiz vergisinə gəlincə, ekspert bu təcrübənin hər ölkədə müxtəlif olduğunu bildirib. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə tütün məmulatlarına 10, inkişaf etməkdə olan ölkələrdə isə 12-15 faiz aksiz vergisi tətbiqlənir.

Ciddi tədbirlərə ehtiyac var

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə məsələyə münasibət açıqlayarkən qonşu Rusiyada olduğu kimi, Azərbaycanda da siqaretlə mübarizə tədbirlərinin gücləndirilməsini zəruri sayıb. Onun fikrincə, əgər bu gün ölkəmizdə yeniyetmələr arasında siqaret çəkənlərin sayı durmadan artırsa, bununla bağlı aidiyyəti qurumlar ciddi tədbirlər həyata keçirməlidirlər: “Hesablamalara görə, Azərbaycan əhalisinin siqaretə olan illik tələbatı təxminən 10 milyard ədəddir. Əslində 9 milyon əhalisi olan bir ölkə üçün bu olduqca böyük göstəricidir. Ona görə də Azərbaycanda siqaretlə mübarizə tədbirləri çərçivəsində yeni qanunların qəbuluna ehtiyac var”.
Ekspert onu da bildirib ki, siqaret məişət narkomaniyası sayıldığından onun qiymətinin artıb-azalması istifadəçilərin sayına təsir göstərməyəcək. Eyyub Hüseynovun fikrincə, bu elə bir vərdişdir ki, istifadəçi digər xərclərini təxirə salıb siqaretə pul xərcləyəcək: “Ona görə də siqaretlə mübarizəyə maarifləndirmə tədbirlərindən başlamaq lazımdır”.

Sevinc

Leave A Comment