Sosial evlərin inşası ləngiyir

Sosial evlərin inşası ləngiyir

Vüqar Bayramov: “Dövlət büdcəsindən il ərzində 400 milyon manat vəsaitin bu istiqmətə ayrılması mümkündür”

Ramil Osmanlı: “Ayda 70 – 80 manat kirayə haqqı ödəməklə ev problemini həll edə biləcəklər”

Məlumdur ki, ölkədə vətəndaşların mənzil təminatının yaxşılaşdırılması üçün müxtəlif dövlət proqramları həyata keçirilməkdədir. Misal üçün artıq fəaliyyət göstərən ipoteka kreditləşməsini göstərə bilərik. Bundan başqa, Mənzil Məcəlləsində insanların dövlət xətti ilə evlə təmin olunması barədə qanuni baza hazırlanıb. Belə ki, 2009-cu ildə qəbul olunmuş Mənzil Məcəlləsində dövlət hesabına sosial evlərin inşası nəzərdə tutulur.
Burada aztəminatlı insanlara dövlət və bələdiyyə tərəfindən mənzil fonduna məxsus xüsusi təyinatlı evlərin kirayəyə verilməsi, aztəminatlı insanların kateqoriyalara bölünməsi və mənzil fondunun idarə edilməsində dövlət və bələdiyyələrin səlahiyyətləri və s. ətraflı şəkildə qeyd edilib. Vətəndaş yaşadığı müddət ərzində çox az məbləğdə vəsait ödəməklə həmin sosial mənzilə sahib ola bilər. Hansı ki, oxşar praktika dünya ölkələri və eləcə də qonşu Türkiyədə də mövcuddur. Ancaq bununla bağlı qanunun üzərindən 4 il ötməsinə baxmayaraq, hələlik sosial mənzillərdən yararlanan sakinimiz yoxdur.

İqtisadi və Sosail İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, Mənzil Məcəlləsinə əsasən, sosial təminat fondu büdcə hesabına formalaşmalıdır: “bu zaman belə evi tiknə tərəf həm mənzilləri inşa etməklə vətəndaşlara aşağı qiymətə satmalı, həm də inşa etdiyi mənzillərin bir qismini uzunmüddətli dövr üçün vətəndaşlara kirayə formasında təklif etməlidir. Güman olunur ki, bu, 7- 15 il müddətində təklif oluna bilər. Amma təəsüf ki, sosial mənzil fondunun yaradılması tamamlanmayıb. Bu gün Bakıda mövcud mənzillərin cəmi 3% – i sosial mənzil fondudur. Onların böyük bir qismi özəl şirkətlər tərəfindən inşa edilən sosial mənzillərdir. Mövcud qanunvericiliyə əsasən, özəl şirkətlər inşa etdikləri binalarda mənzillərin bir qismini sosial məqsədlə yerli icra hakimiyyəti orqanlarına təqdim etməlidir. Yerli icra hakimiyyət orqanları da sosial məqsədlə təqim edilən evləri vətəndaşlara pulsuz verməlidir. Amma nəzərə alaq ki, həmin mənzillərin böyük bir qismi adətən müxtəlif sənəd adamlarına, idmançılara pulsuz olaraq verilir. O baxımdan bu sosial mənzillərdən ümumi əhalinin istifadə etmək imkanları xeyli zəifdir. Eyni zamanda dövlət büdcəsindən müxtəlif kateqoriyalı insanların mənzilə olan tələbatın ödənilməsi üçün dövlət büdcəsindən vəsaitlər ayrılır. Amma bütövlükdə nəzərə alsaq ki, inkişaf etməkdə olan ölkələrdə sosial mənzil fondunun ümumi mənzil fondunda payı 20%-dir. Amma Azərbaycanda bu rəqəm 3 faizdir. Deməli, sosial mənzil fonduna ayrılan vəsaitin artırılmasına ehtiyac var. Dövlət büdcəsindən il ərzində 400 milyon manat vəsaitin bu istiqmətə ayrılması mümkündür. Bu isə dövlət büdcəsinə hansısa ağırlıq yaratmayacaq. İllik olaraq 400 milyon manatın bu istiqamətə ayrılması imkan verəcək ki, həmin mənzillərin uzunmüddətli və az ödənişlə təqdimi mümkün olsun. Məsələn, Türkiyədə 2 otaqlı mənzil sosial mənzil fondu ilə təqdim edilən zaman aylıq ödənişi 80 dollardır. Azərbaycanda da bunu 80 manatla vətəndaşlara təqdim etməklə mümkündür. Bu gün fondun yaradılması üçün həm hüquqi, həm də maliyyə bazası var”.

Ekspert bildirdi ki, qanunvercilikdə sosial mənzillər üçün 1 milyard manatın ayrılması təklif olunub: “Amma 400 milyon manatın ayrılmasını ona görə təklif edirik ki, bu məbləğ mənzil bazarında qimətlərin kəskin aşağı salınmasına gətirib çıxarmayacaq. Çünki, böyük məbləğin bu istiqamətə yönəldilməsi əmlak bazarında qiymət azalmasına gətirib çıxara bilər. Bu da mənzil bazarının rentabelliyini aşağı salacaq. Amma hər il 400 milyon manatın ayrılması bazarda qiymət artımlarının qarşısını ala bilər. Ona görə də sosial mənzil fondunun yaradılması əmlak bazarında qiymətlərin tənzimlənməsinə gətirib çıxaracaq”.
«Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin İcraçı direktoru Ramil Osmanlı hesab edir ki, layihənin həyata keçirilməsində ləngimənin əsas səbəbi sosial mənzil fondunun mövcud olmaması ilə bağlıdır: “Ancaq bu fondun yaradılması istiqamətində hələlik hansısa addım müşahidə olunmur. Sosial mənzil fondunun olması mənzil bazarında qiymətlərə, dinamikaya hansısa formada təsir göstərməyəcək. Çünki Azərbaycanda aztəminatlı, sosial mənzilə ehtiyac olan ailələrin sayı o qədər çoxdur ki, həmin insanların mənzil təminatını tam olaraq həyata keçirilməsi üçün illər lazımdır. Sosial mənzil fondunun üstünlüyü ondan ibarət olacaq ki, aztəminatlı insanlar məskunlaşmaq üçün təxminən 70 – 80 manat kirayə haqqı ödəməklə ev problemini həll edə biləcəklər”.

Ramil Osmanlı onu da əlavə etdi ki, bu gün ipotekadan yararlanan təbəqəyə fikir versək, görərik ki, həmin təbəqə faktiki olaraq sosial təbəqə hesab olunmur: “Kifayət qədər əmək haqqı alanlardır. Əmək haqları imkan verir ki, kirayədə qalsalar, belə normal şəkildə öz minimum yaşayış təminatlarını həyata keçirə bilsinlər. Ancaq sosial mənzilə ehtiyacı olan insana isə bu gün təxminən 300 manata qədər məbləğində maaşla bütün problemlərini həll edən insanlardır. Bu, həmin insanlarda psixoloji, maddi problemlərə gətirib çıxarır. Ona görə də bunun ipoteka prosesinə hansısa formada təsiri ola bilməz. Həm də burada fərq ondan ibarətdir k, ipoteka krediti ilə alınan mənzil müəyyən müddətdən sonra girovdan çıxarılaraq vətəndaşın mülkiyyətinə verilir. Ancaq sosial obyektlərin mülkiyyətə götürülməsi anlayışı mövcud deyil”.

Mübariz BAYRAMOV

Leave A Comment