Əmlakın sığortalanmasında nəzarət mexanizmləri daha məhduddur

Əmlakın sığortalanmasında nəzarət mexanizmləri daha məhduddur

Məlum olduğu kimi, 2011-ci il iyunun 24-də Milli Məclis tərəfindən “İcbari sığorta haqqında” Qanun qəbul olunub.
Bu qanun özündə “Daşınmaz əmlakın icbari sığortası”nı, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”nı birləşdirir. Qanunda yaşayış evləri və mənzillər üçün sığorta taarifi sığorta məbləğinin 0,2 faizi həcmində müəyyən edilib.

Daşınmaz əmlakın icbari sığortası hüquqi və fiziki şəxslərə məxsus yaşayış evlərinin, mənzillərin və qeyri-yaşayış evlərinin sığortasını əhatə etməklə Bakı şəhərində yaşayış evləri və mənzillərin sığorta məbləği 25 min manat, sığorta haqqı isə 50 manat, Gəncə, Sumqayıt və Naxçıvanda sığorta məbləği 20 min, sığorta haqqı 40, digər rayonlarda isə sığorta məbləği 15 min manat, sığorta haqqı isə 30 manat məbləğində müəyyən olunub. Xatırladaq ki, daşınmaz əmlakın icbari sığortası əmlakı yanğın, ildırımvurma, məişətdə və istehsalatda istifadə olunan qaz partlayışı, elektrik naqillərində baş verən qısaqapanma, buxar qazanları, qaz anbarları, qaz kəmərləri, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər-zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi və s. risqlərdən sığortalayır.

Sığorta hadisəsi baş verəndən sonra əmlak sahibi bir gün və ya ən çoxu bir neçə gün ərzində bu haqda sığorta şirkətinə məlumat verməlidir. Bu zaman hadisə yerinə ekspert gəlir, o, hadisənin nəticələrinin təsvirini həyata keçirir və fotoşəkillər çəkir. Daha sonra sənədlərin toplanması yerinə yetirilir, zərərin qiymətləndirilməsi həyata keçirilir, hadisənin başvermə səbəbləri haqqında yekun rəy hazırlanır. Yalnız bundan sonra zərərçəkən müvafiq kompensasiya alır.

Həmçinin qanunda o da qeyd olunur ki, mənzilini sığorta etdirməyən şəxs İnzibati Xətalar Məcəlləsinə görə, 10 manat cərimə olunur. Ancaq hələlik ölkəmizdə yalnız avtomobillərin sığortalanması prosesi geniş vüsət alıb. Digər sığorta növləri, o cümlədən mənzillərin sığortalanması prosesi olduqca zəifdir. Əhali mənzillərini sığortalamağa o qədər də meylli deyil. Maraqlıdır, hansı amillər insanları bu sığorta növündən uzaqlaşdırır?

İqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib ki, əhalinin mənzilləri sığortalamağa meyl etməməsi çoxsaylı müxtəlif səbəblərlə bağlıdır: “2012-ci ilin yanvarın 1-dən etibarən Azərbaycanda avtomobillərin icbari sığortası ilə yanaşı, mənzillərin icbari sığortalanmasının həyata keçirilməsinə başlanıb. Ancaq ötən dövrdə avtomobillərin təxminən 97 faizinin sığortalamaya cəlb olunmasına baxmayaraq, bu gün əmlakın cəmi üçdə biri icbari sığortadan istifadə edir. Avtomobillərin icbari sığortasına nisbətən əmlakın icbari sığortasının daha zəif olması, əhalinin ona maraq göstərməməsi müxtəlif səbəblərlə bağlıdır. Əvvəla, avtomobillərin icbari sığortasından fərqli olaraq, əmlakın icbari sığortasında nəzarət mexanizmləri nisbətən zəifdir. Bu, onunla bağlıdır ki, avtomobilləri sığorta etdirməyənlərə qarşı konkret cəza tədbirləri var. Bunlar həm Dövlət Yol Polisi tərəfindən cərimə edilməsi, eləcə də avtomobillərin alqı-satqısı zamanı icbari sığorta olmadığı halda bu prosesə icazə verilməməsi, texniki baxış zamanı icbari sığortanın məcburi olması kimi nəzarət mexanizmləridir. Amma mənzillərin icbari sığortasında bu cür nəzarət mexanizmləri yoxdur. Vətəndaş əmlakını sığortalamaqdan imtina etdiyi halda prosesin həyata keçməsinə məsul olan qurum həmin vətəndaş qarşısında böyük cəza tədbirləri həyata keçirmək imkanına malik deyil. Ona görə də nəzarət baxımından əmlakın sığortalanması avtomobil sığortalanmasından daha zəifdir. Yəni, əmlakın sığortalanmasında nəzarət mexanizmləri daha məhduddur. Bu da əmlakını sığortalayanların sayının azalmasına gətirib çıxarır. Digər bir tərəfdən, avtomobillərin sığortasında dövlətin hansısa məsuliyyəti yoxdur. Avtomobil sahibləri, əksinə, avtomobillərinin sığortalanmasına məsuldur. Əmlakın sığortasında isə dövlətin məsuliyyəti var. Belə ki, mövcud qanunvericiliyə əsasən, ünvanlı sosial yardım alan aztəminatlı vətəndaşların əmlakı dövlət tərəfindən sığortalanmalıdır. Dövlət büdcədən həmin əmlakın sığortalanması üçün vəsait ayırmalıdır.

Bu gün aztəminatlı vətəndaşların bir qisminin əmlakı dövlət tərəfindən sığortalanmayıb. Üçüncü səbəb isə maddi imkansızlıqla əlaqədardır. Vətəndaşların heç də hamısının əmlaklarını sığortalamaq üçün maddi imkanları yoxdur. Onların, eyni zamanda, əmlaklarını da sığortalaması kifayət qədər böyük məbləğ deməkdir. Bu da vətəndaşların mənzillərini sığortalamaqda maraqlı olmamasına gətirib çıxarır. Çünki region vətəndaşlarının bir çoxu bu əlavə xərci qarşılamaq imkanına malik deyil”.

Günel CƏLİLOVA

Leave A Comment