Mütəxəssislər bankların kredit siyasətini niyə anormal sayırlar?

Mütəxəssislər bankların kredit siyasətini niyə anormal sayırlar?

Bu gün banklardan istehlak krediti götürənlərin sayı ümumilikdə kredit götürənlərin 40 faizini təşkil edir. 2010-cu ilin analoji dövrü ilə müqayisə etsək, ölkəmizdə istehlak kreditlərindən istifadə edənlərin sayında 2,4 dəfə artım var. Rəqəmlə desək, hazırda kredit götürən fiziki şəxslərin sayı 1,6 milyon nəfərdən çoxdur. İstehlak kreditlərinin həcmi isə 1 milyard manatdan artıqdır. Faizlər isə dünyanın heç bir ölkəsi ilə müqayisəedilməz dərəcədə fərqlidir. Məhz buna görə də kredit borcuna görə evini, maşınını, yaxud digər qiymətli əşyalarını satan, bunlar olmadıqda isə intihara əl atan insanlarla bağlı hər gün xəbərlər eşidirik. Banklarda vəziyyətin necə olduğunu, yəni bankların nağd istehlak kreditini neçə faizlə verib, əhalidən neçə faizlə pul götürməsini öyrənmək üçün saytlarına və özlərinə müraciət etdik.

Banklardakı durum

AtaBank 36-48 aya maksimum l 5 min manat istehlak krediti verir. Faiz dərəcələri isə 20-24 faiz arasında dəyişir. Ancaq bu krediti götürmək üçün 1 il ümumilikdə, 6 ay isə son iş yerində iş təcrübəsi tələb olunur. Bundan başqa, bir nəfər işi-gücü olan zamin də lazımdır. AtaBanka pul qoymaq istəyənlər isə illik 12 faiz qazanc əldə edə bilərlər.

Bank Respublika 18 aya 30-33 faizlə 500-1000 manat nağd istehlak krediti verir. Amma banka pul qoyduqda sizə illik yalnız 9 faiz ödəyir.
Access Bankda dövlət orqanları, neft və audit şirkətləri, kommunikasiya sektorunda çalışan işçilərə 36 aya qədər 10 min manatadək nağd istehlak kreditləri verilir. İllik faiz isə 30.9-43.3 faizdir. Sözügedən bankla əhalidən aldığı pulu əmanət saxlayanda əmanətin üzərinə illik cəmi 10 faiz gəlir.
Azərbaycan Sənaye Bankında (ASB) borcalanın harada işləməsindən asılı olaraq 5-10 min manat arasında 12 ayadək 16-20 faizlə, 12 aydan 2 ilədək 17-22 faizlə, 24-36 ayadək 18-24 faizlə nağd kredit verilir. Amma ASB əhalidən aldığı əmanətin üzərinə illik cəmi 8 faiz qoymaqla ona qaytarır.
Parabank 3-24 ay ərzində girov qarşılığında 3-20 min manat arasında illik 30 faizlə kredit verir. Dövlət və özəl müəssisə işçiləri isə cəmi 100-500 manat arasında 6-24 aya 36 faizlə bankdan kredit götürə bilərlər. Təhsil və səhiyyə işçiləri 6-24 aya 36 faizlə min manat, tələbə təhsilinin ödənilməsi üçün isə 3-12 aya 36-42 faizlə 1500 manatı qaytarmaq lazımdır. Parabanka pul qoymaq istəyirsinizsə, illik 12 faizlə geri ala biləcəksiniz.
Xalq Bankda digər şəxslərin zaminliyi ilə 500-5000 manat krediti 24 ayadək 28 faizlə götürmək mümkündür. Sözügedən banka pul qoyduqda isə əmanətinizi üzərinə illik cəmi 7 faiz gəlməklə geri qaytarırlar.

Rəqəmələr nə deyir?

Rəqəmlərdən göründüyü kimi, banklardan ən aşağısı 16 faizlə, ən yuxarısı isə 43 faizlə kredit götürmək olar. Amma ortalama demək olar ki, əksər banklarda faiz dərəcəsi 28-36 faiz arasında dəyişir. Banklara qoyulan pul əmanətlərini isə 7-12 faizlə götürürlər. Aradakı fərq isə 9-31 faizdir. Yəni bank bir nəfərdən krediti 7-12 faizlə alır, amma digər vətəndaşa həmin krediti 36 faizlə verir. Bir sözlə, depozitlərlə istehlak kreditləri arasında 3-5 dəfə fərq var.

Depozitlərlə kreditlər arasındakı fərq anormaldır

İqtisadçı Vüqar Bayramov bizimlə söhbətində bildirdi ki, ölkəmizdə istehlak kreditlərinin faizlərinin yüksək olması iqtisadi qanunlarla izah edilmir: “Nəzərə alaq ki, əmanətlər üzrə orta illik faiz 8-dir, istehlak kreditləri isə təxmini 25 faizlə təklif olunur. Bunun iqtisadi baxımdan izahı mümkün deyil. Praktiki olaraq depozitlərlə istehlak kreditlər arasında 3 dəfədən artıq fərqin olması anormaldır”.

V.Bayramov hesab edir ki, istehlak kreditlərinin aşağı salınması vacibdir: “Bu, həm istehlakçılar, həm də bank sektoru üçün gərəklidir. Çünki istehlak kreditlərinin faiz dərəcələrinin yüksək olması ölkədə problemli kreditlərin böyüməsinə, geri qaytarılmayan kreditlərin həcminin artmasına gətirib çıxarır: “Bu da təbii ki, bank sektoru üçün böyük problemlər yaradır. Bir sözlə, istehlak kreditlərinin faiz dərəcələrinə yalnız kredit götürənlərin ödəmə qabiliyyətinin olub-olmaması və necə ödəməsi aspektindən deyil, eyni zamanda bank sisteminin gələcəyi aspektindən yanaşmaq lazımdır. Çünki kredit faizləri yüksək olduqca həmin krediti qaytarmaqda vətəndaşların problemləri olur”.

Qeyd edək ki, qonşu Türkiyədə istehlak kreditləri növündən asılı olaraq 12-18 faizlə verilir. Sözügedən rəqəm digər qonşu ölkələrdə də çox deyil ki, azdır.

Onu da deyək ki, Milli Məclisdə istehlak kreditlərinin yüksək olması ilə bağlı məsələ bir neçə dəfə qaldırılıb. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə sözügedən komitənin iclaslarından birində bildirib ki, istehlak kreditinin faiz dərəcəsinin yüksək olması ölkə iqtisadiyyatı üçün təhlükə törədir. Millət vəkili onu da vurğulayıb ki, sonuncu dünya maliyyə böhranı məhz istehlak kreditləşməsinin həddindən artıq genişlənməsi səbəbindən başlayıb və sonradan böhran iqtisadiyyatın digər sahələrinə də keçib.

Lalə Musaqızı

Leave A Comment